Xəbər lenti

 
 
ABŞ diplomatları ilə “Taliban” təmsilçiləri 31 avqustdan sonra Əfqanıstan paytaxtı Kabildəki Həmid Karzai Beynəlxalq Hava Limanına nəzarət məsələsini müzakirə edirlər.
 
Ovqat.com-un məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında bunu bildirib.
 
Onun sözlərinə görə, “Taliban”la təxliyə prosesinə müdaxilə edilməməsi də daxil olmaqla, bir çox mövzu ətrafında müzakirələr aparılır və danışıqlarda indiyədək heç bir ciddi problem yaşanmayıb. Sözçü qeyd edib ki, 31 Avqustdan sonra Həmid Karzai Beynəlxalq Hava Limanına nəzarət məsələsi də müzakirə predmetlərindən biridir.
 
Qeyd edək ki, ötən gün “Sky News”ə açıqlama verən “Taliban” Siyasi Bürosunun sözçüsü Şahin Süheyl ABŞ və Böyük Britaniya əsgərlərinə Əfqanıstandan çəkilmələri üçün əlavə zaman verilməyəcəyini açıqlamış, işğalçı qüvvələrin öhdəliklərini yerinə yetirməyəcəkləri təqdirdə, bunun nəticələrinə qatlanacaqlarını bildirmişdi. Süheylin bu bəyanatından ardından  Böyük Britaniyanın müdafiə naziri Ceyms Hippi mediaya qarşısına çıxmış, Kabildən təxliyələrin davam etdiyini, əvvəlcədən razılaşdırılmış müddətdə ölkədən çəkilmələri lazım olduğunu vurğulamışdı. Hippi açıqlamasında “Taliban”ın tələblərinə əməl edilməyəcəyi təqdirdə Kabilin döyüş meydanına çevrilə biləcəyini də gizlətməmişdi. “Taliban” sözçüsünün və İngiltərə Müdafiə nazirinin açıqlamalarından sonra ABŞ Dövlət Departamentinin sözçüsünün də məsələyə münasibət bildirməsi indiyədək qapalı qapılar arxasında aparılan müzakirələrin artıq dünya ictimaiyyətinin qarşısına çıxarıldığından xəbər verir və Vaşinqtonun çətin seçim qarşısında qaldığını göstərir.


 
“Taliban”la ABŞ rəsmiləri 29 fevral 2020 -ci il tarixində Qətərin paytaxtı Dohada bir araya gəlmiş və Əfqanıstanın gələcəyini müzakirə etmişdilər. Tərəflərin əldə etdikləri razılığa əsasən, NATO qüvvələri 2021 -ci ilin mayına qədər Əfqanıstanı tərk etməli idilər. Lakin bu ilin əvvəlində ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsinin ləngiməsi nəticəsində Əfqanıstandan maya qədər çəkilmənin mümkün olmadığı anlaşılmış, Vaşinqton “Taliban”dan 11 sentyabra qədər zaman istəmişdi. “Taliban” da ABŞ -ın bu istəyini qəbul etmiş və sentyabra qədər NATO əsgərlərinə hücumlarını dayandırmışdı. İndisə o, ABŞ-ın Əfqanıstandan çəkilməsində ləng hərəkətinə səbr göstərmək niyyətində deyil və təxliyə prosesinin vaxtında tamamlanmayacağı təqdirdə Vaşinqtonu açıq-aşkar müharibə ilə hədələyir.
 
Əldə olunan yeni razılaşmada təxliyənin son gününün hansı tarixə düşdüyü dəqiq bilinmir. ABŞ tərəfi son tarixin 11 sentyabr olduğunu bildirsə də, “Taliban”ın açıqlamalarında möhlətin avqustun sonlarına qədər verildiyi anlaşılır.
 
Məlumata görə, ABŞ və tərəfdaşları Əfqanıstanda yalnız Kabil hava limanına sıxışmış vəziyyətdədirlər. Minlərlə NATO əsgərinin yerləşdiyi hava limanı “Taliban” qüvvələri tərəfindən 4 tərəfdən mühasirəyə alınıb. NATO qüvvələri arasında Türkiyə və Azərbaycanın sülhməramlı kontingenti də var.
 


Ana səhifəyə qayıt        Baxış: 5 960          Tarix: 24-08-2021, 06:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma