Xəbər lenti

 
"Fransız əfqan"lar xəndəklərdə, Makronun "xam ölkə" tapacağı günü gözləyirlər
 
Fransa və Böyük Britaniya bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Kabildə BMT-nin nəzarətində olan təhlükəsizlik zonasının yaradılması ilə bağlı qərar layihəsini təqdim edəcəklər.
 
Ovqat.com-un məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron “Le Journal du Dimanche” qəzetinə açıqlamasında deyib.
 
Makronun fikrincə, bu təhlükəsizlik zonası ilk növbədə təxliyə uçuşları zamanı Əfqanıstandan qaçmağa fürsət tapa bilməyən əfqanların gizlənə bilmələri üçün lazımdır. Çünki hazırda təkcə Fransanın qorumaq istədiyi "bir neçə min" adam hələ də Əfqanıstanda qalır. Burada söhbət hakimlər, sənətçilər, ziyalılarla yanaşı, son 20 ildə Fransa və digər Avropa ölkələrində təhsil alan, bu səbəbdən də Taliban repressiyalarına məruz qalacağı gözlənilən qadınlardan gedir.
 
"Qətnamə layihəmiz Kabildə humanitar əməliyyatların davam etməsinə imkan verən və BMT-nin nəzarəti altında olan təhlükəsiz bölgə yaratmağı nəzərdə tutur. Bu zona BMT-yə təcili tədbirlər üçün baza rolunu oynayacaq və hər kəsin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə, özəlliklə də, beynəlxalq ictimaiyyətin Taliban üzərində təzyiqlərini davam etdirməsinə imkan verəcək”.
 
Qeyd edək ki, Makron bu yaxınlarda xalqa müraciətində "Fransanı böyük miqyaslı qanunsuz miqrant axınından qorumaq" lazım olduğu bildirmiş və indi guya həyatları üçün narahatlıq  keçirdiyi əfqanların təxliyyəsinə qarşı çıxmışdı. Halbuki Fransadan mədəd uman o əfqanlar 20 illik işğal boyunca Əfqanıstanda fəaliyyət göstərən fransız hərbçilərinə və şirkətlərinə qulluq etmişlər. İndi isə Fransa lideri onlara sahib çıxmaq istəmir.
 
Makronun bu qəddarlığı hətta fransız ictimaiyyəti arasında da ciddi narazılığa səbəb olmuş və o, ittihamlara cavab vermək məcburiyyətində qalmışdı. Fransa lideri həmin vaxt xalqa səsləniş çıxışında yanlış başa düşüldüyünü bildirmiş, Taliban tərəfindən təhdid edilənlərə mütləq sığınacaq verilməsinin vacibliyini vurğulamışdı. O, qeyd etmişdi ki, İran, Pakistan və Tacikistanda böyük qaçqın kütləsi var və Fransaya da "miqrant axınları” baş verə bilər. Fransa tərəfindən sığınacaq verilməyən əfqan qaçqınlarının mövcud şərtlər daxilində vətənlərinə geri qaytarılmasının da mümkün olmadığını bildirən Prezidentin fikrincə, “onlara daha yaxşı şərtlər təklif edə biləcək bir ölkə axtarmalıdır” və miqrantların “Avropanı ölkə-ölkə dolaşmaması bir üçün” qitə liderləri bir araya gəlib “koordinasiyalı fəaliyyət” göstərməlidirlər. Bir sözlə, 20 illik işğal müddətində Parisə qulluq edən və ölkələrində “fransız agenti” kimi ad çıxaran əfqan qaçqınlar təki Fransaya gəlməsinlər, hara istəyirlər getsinlər. Onlar üçün ən münasib yer isə Əfqanıstanda BMT-nin nəzarətində yaradılacaq sığınacaqlar ola bilər. Bu isə əslində hamısını bir yerə toplayıb Talibanın İŞİD niqabı altında hazırladığı intihar hücumlarına qurban vermək deməkdir.
 
Ölkənin rəsmi qaynaqlarının məlumatına görə, avqustun ortalarından indiyədək Əfqanıstandan Fransaya aid 15 təxliyə uçuşu həyata keçirilib. Nəticədə 2834 nəfər evukasiya olunub, onlardan 142-si Fransa, 117-si Avropalı, qalanları isə Əfqanıstan vətəndaşıdır. Fransanın təxliyə etdiyi əfqanlardan bir çoxu Abu Dabidəki bir hava bazasında saxlanılır. Nədən ki, Makron əfəndi hələ də onlar üçün sırımağa münasib ölkə tapa bilməyib. Nəticədə Makronun da etiraf etdiyi kimi, minlərlə əfqan  Kabil hava limanında Fransa Prezidentinin “xam” ölkə tapacağı günü səbrsizliklə gözləyir. Təxliyə ümidi ilə Kabil aeroportunun həndəvərindən ayrıla bilməyən əfqanlar hava limanı ətrafında da təhlükələrdən sığortalanmış deyillər. Hər an “İŞİD hücumları”na məruz qalacaqları qorxusundan hava limanının hasarı önündə ABŞ əsgərləri tərəfindən istehkam səddi kimi qazılmış və içərisi su ilə doldurulmuş xəndəklərdə daldalanırlar. Makron isə Fransanın o zavallı insanlar qarşısında daşıdığı məsuliyyəti BMT TŞ-nın üzərinə atmaq istəyir.
 
Makrona ümid bəsləyib özünü “fransız ərköyünü” kimi aparan İrəvan gözünə su versin.

Makronun "əfqan sevgisi"ni bu linkdən izləyin ⤵️

"Fransız əfqan"lar xəndəklərdə, Makronun "xam ölkə" tapacağı günü gözləyirlər



Ana səhifəyə qayıt        Baxış: 6 253          Tarix: 29-08-2021, 08:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma