Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
ABŞ-ın Əfqanıstandan çəkilməsi NATO-nun və Avropa İttifaqının dağılması ilə nəticələnə bilər.
Ovqat.com-un məlumatına görə, ABŞ əsgərlərinin təxliyəsindən sonra Avropa İttifaqında aparılan müzakirələr bu cür düşünməyə əsas verir.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Avropa İttifaqı üzvlərinin xarici siyasət və müdafiə departamentlərinin rəhbərləri Sloneniyanın paytarxtı Lyublyanada bir araya gəlmiş, qitənin təhlükəsizlik məsələləri ətrafında müzakirə aparmışdılar. Qeyri-rəsmi görüş formatında keçirilən toplantıdan əvvəl media əməkdaşlarına açıqlama verən Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell ABŞ-ın Əfqanıstandakı məğlubiyyətindən sonra qitənin öz müstəqil silahlı qüvvələrinin yaratması zərurətinin ortaya çıxdığını bildirmişdi.
"Mən israr edirəm ki, Avropa İttifaqının öz müdafiə sistemi qurmaq ehtiyacı üzə çıxıb", - deyən Borrel vurğulamışdı ki, Əfqanıstanda baş verən tarixi hadisələr Avropa Təhlükəsizlik Konsepsiyasının hazırlanmasına təkan verib. Onun sözlərinə görə, “Aİ-nin Strateji Kompası" adlanan yeni konsepsiya çərçivəsində təxminən 5 min nəfərlik hərbi qüvvənin yaradılması nəzərdə tutulur. Təhlükələrə qarşı sürətli reaksiya vermək məqsədilə öncü birliklər şəklində formalaşdırılması planlaşdırılan bu qüvvələrin NATO-dan kənarda yaradılması ideyası Şimali Atantika Alyansında və ABŞ-da ciddi narahatlıq doğurmuşdu. Çünki bu ideya faktiki olaraq Avropa İttifaqı üzvlərinin müstəqil hərbi alyans formalaşdırmaq niyyətinin açıq bəyanı idi. Düzdür, Borrell Lyublyanadakı toplantı iştirakçılarının belə bir qərara imza ata bilməyəcəklərini, çünki görüşün formal xarakter daşıdığını vurğulasa da, önümüzdəki günlərdə bənzər qərarların qəbul olunacağını da istisna etməmişdi.
Borrellin bu çıxışına ilk təpki, gözlənildiyi kimi, NATO-nun Baş katibi Yens Stoltenberqdən gəlib. O, bu gün “The Telegraph” qəzetində dərc olunan müsahibəsində bildirib ki, Avropada ABŞ-ın iştirak etmədiyi silahlı qüvvələrin yaradılması NATO müttəfiqləri arasında parçalanmaya səbəb ola bilər. "Avropanın əlavə müdafiə səylərini alqışlayıram, amma bu, heç vaxt NATO-nun yerini tuta bilməz və biz Avropa ilə Şimali Amerikanın hərbi koordinasiyasını təmin etməliyik", - deyə Stoltenberq vurğulayıb.
Onun fikrincə, “Şimali Amerika ilə Avropa arasındakı bağları zəiflətmək istiqamətində istənilən cəhd NATO-nu sarsıtmaqla qalmaz, Avropanı da parçalaya bilər".
Stoltenberqin bu fikirlərlə nəyə işarə etdiyi bəllidir. Belə ki, ABŞ-ın Rusiya ilə bağlı siyasətinə münasibətdə Avropa İttifaqının fikirləri haçalanır. Qərbi Avropa ölkələri Vaşinqtonun Rusiya ilə qarşıdurmaya getmək və müdafiə gücünü artırmaq, Qara dəniz sahillərində rus donanmasını sıxışdırmaq, Moskvanın enerji ixracatına qarşı sanksiyalar siyasətlərini “arının yuvasına çöp uzatmaq” kimi qiymətləndirir, bunun yerinə iqtisadi əməkdaşlıqlarla onu zərərsizləşdirə biləcəklərinə inanırlar. Şərqi Avropa ölkələri isə Rusiyanı özləri üçün real təhlükə kimi gördüklərindən NATO-nun çətiri altına toplanmaq, Alyansın gücündən faydalanaraq təhlükəni sovuşdurmaq niyyətindədirlər. Başda Baltikyanı ölkələr və Polşa olmaqla Şərqi Avropa dövlətləri NATO qüvvələrinin öz coğrafiyalarında daimi yerləşməsini də arzulayırlar. Qərbi Avropa isə bu təkliflə də razı deyil. Nədən ki, NATO bu addımı atarsa, Rusiyanın hansı reaksiya verəcəyini bilmirlər. Sərt reaksiya ehtimalında Moskvanın ilk hədəfi isə Qərbi Avropa ölkələri ola bilər.
Ən əsası isə, ABŞ-ın NATO Nizamnaməsini əsas gətirib bütün Alyans üzvlərinin ÜDM-nın 2%-nin silahlanmaya ayırmalarını tələb etməsi də onlar üçün məqbul deyil. Qərbi Avropa ölkələri bu vəsaiti sosial proqramlara yönəltməyi daha rasional addım kimi dəyərləndirirlər. Üstəlik, NATO-nun ümumi büdcəsinə onların ayrıdığı 10 milyardlarla dollar vəsait əsasən Şərqi Avropanı rus təcavüzündən xilas etməyə hesablanıb. İqtisadiyyatı zəif olan Şərqi Avropa ölkələrinin NATO büdcəsinə qatqıları da gözə görünməyəcək qədər azdır. Belə çıxır ki, onlar ən ümdə problemlərini Almaniya və Fransa kimi ölkələrin hesabına çözməyi planlaşdırıblar. Amma böyük dövlətlər Şərqi Avropanın bu “çoxbilmişliy”inin girovuna çevrilmək niyyətində də deyillər.
Bu da azmış kimi, güclü müttəfiqlərinin himayəsinə sığınan Avropa “cırtdanları” dinc dayanmağı da bacarmır, Rusiya qarşısında at oynadırlar. Nəticədə vəziyyət gərginləşir və iqtisadi əməkdaşlıq ortamı aradan qalxır. Təsadüfi deyil ki, Almaniyanın Xarici İşlər naziri Hayko Maas bu ilin aprel ayındakı çıxışlarından birində Avropa “cırtdan”larının Rusiya ilə münasibətləri korlayan davranışlarını “hiyləgər hay-küyçülük” adlandıraraq demişdi: “Rusiya ilə dialoq aparmaq və mehriban qonşuluq münasibətləri saxlamaq lazımdır. Qarşıdurma səs-küyünə qoşulmaq bizə lazım deyil”.
Maas çıxışında Moskva ilə Aİ arasındakı münasibətləri "çox pis” adlandırmış, amma belə qalmamalı olmadığını vurğulaşmışdı: "Nəticə etibarilə heç kəs daimi təxribatlardan nə vaxtsa ciddi münaqişənin yaranmasında maraqlı ola bilməz".
Həmin mətbuat konfransında jurnalistlərin sualını cavablandıran alman nazir ABŞ prezidenti Co Baydenin bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırmasını şərh edərək demişdi: “Mən belə deməmişəm və bunu demək fikrində də deyiləm”. Maas bu sözlərlə NATO-dakı ən güclü müttəfiqinin qarşıdurmaları qızışdıran mövqeyini dəstəkləmədiyini açıq şəkildə ortaya qoymuşdu.
Almaniyadan əvvəl Fransa da ABŞ və NATO barəsində olduqca kəskin mövqe ortaya qoymuşdu. Ölkə prezidenti Emmanuel Makron hələ 2019-cu ildə İngiltərənin “Economist” dərgisinə verdiyi müsahibəsində ABŞ-ın NATO ilə məsləhətləşmədən öz ordusunu Suriyadan çıxarmasını sərt dillə tənqid edərək demişdi: "ABŞ və NATO müttəfiqləri arasında strateji qərar qəbuletmə proseslərində heç bir koordinasiya yoxdur". Makronun fikrincə, bu, NATO-nun “beyin ölümü” keçirdiyini göstərir və Avropa ölkələri təcili öz müştərək ordusunu qurmalıdır.
Maraqlıdır ki, Makronun hələ 2 il əvvəl dilə gətirdiyi bu fikirlər indi Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell tərəfindən səsləndirilib. Borrellin sözlərini həmin toplantıda Aİ-nin Hərbi Komitəsinin rəhbəri general Robert Briqer fəal şəkildə dəstəkləyib. "Əfqanıstan, Liviya, Yaxın Şərq və Saheldəki (Afrikanın şərqindən qərbinə uzanan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi baxımından ən məhsuldar iqlim zolağı – Ovqat.com) vəziyyət göstərir ki, hazırda Aİ-nin qlobal strateji tərəfdaş kimi fəaliyyət göstərmək qabiliyyətini nümayiş etdirəcək sürətli reaksiya qüvvələrinin yaradılmasından başlayaraq, hərəkətə keçməyin vaxtı çatıb. Əgər bunu indi etməsək, sabah gec ola bilər", - deyə general bildirib.
Əslində istər Makronun, istər Cozef Borrellin, istərsə də general Robert Briqerin haqqında bəhs etdikləri Avropa ordusu ideyası bu günün düşüncəsi deyil. Hələ 2007-ci ildə Avropa İttifaqı bu barədə xeyli müzakirələr aparmış və bütün ittifaq üzvlərinin paritet əsaslarda təmsil olunacağı hərbi qurum yaratmışdı. “Avropa Döyüş Qrupları” adlandırılan bu hərbi birləşmənin sonrakı taleyi qeyri-müəyyən olaraq qalmışdı. Jurnalistlərin bu yöndə suallarını cavablandıran Borrell bildirib ki, Aİ-nin ümumi Silahlı Qüvvələrinin yaradılması barədə əvvəlki layihə heç vaxt təcrübədə tətbiq olunmayıb.
Buna baxmayaraq, Aİ-nın hələ 14 il əvvəl verdiyi ortaq ordu yaratmaq qərarı bu planın əvvəlcədən hazır olduğunu, sadəcə təsisçilərin bu barədə bəyanat verməyə tələsmədiklərini və münasib zamanı gözlədiklərini göstərir.
Yuxarıda bəhs olunanların analizindən aydın olur ki, ABŞ-ın Əfqanıstandan geri çəkilməsi onun çətiri altında toplanan NATO-nun tamamilə süqutu ilə nəticələnə bilər. Bu isə Avropanın ABŞ nəzarətindən çıxması anlamına gəlir. Sözsüz ki, Vaşinqtonun bu çətin durumdan çıxmaq alternativləri də var. Bunlardan biri də Şərqi Avropanı öz qanadı altına almaq, beləcə, Qərbi Avropa ilə Rusiya arasında bufer zona yaratmaq, potensial rəqiblərinin ikisini də təcrid vəziyyətinə salmaqdır. Görünür, “Stoltenberq Avropa İttifaqı dağıla bilər” deyəndə bu perspektivi nəzərdə tutur.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar