Xəbər lenti

 Rusiya Qarabağın məsuliyyətini üzərinə götürmək istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib. Politoloq Rusiyanın Qarabağda aktivləşməsinin konfliktin hərbi qarşıdurma mərhələsinə çatması zamanı müşahidə edildiyini xatırladıb:

“Bu zaman Moskva çalışır ki, konflikt iştirakçısı olan dövlətlərin münasibətləri yenidən dialoq şəklində davam etsin. Rusiyanın aktivliyi göstərir ki, burada o öz mənafelərini güdür. Onun maraqları isə müharibənin olmamasındadır. Ona görə ki, müharibə Rusiyanın təhlükəsizliyinə problem yaradır. Münaqişənin danışıqlar yolu ilə həllinə gəldikdə, biz burada hər zaman problemlə üzləşirik. Qarabağla bağlı danışıqlar Azərbaycan torpaqlarının boşaldılmasından başlamalıdır. İlk addım da İrəvan tərəfindən atılmalıdır. Buna görə də Ermənistana təyziqlər edilməlidir”.

İ.Vəlizadə Rusiyanın ötən il İrəvana yumşaq təzyiq etmək siyasətinin məğlubiyyətə uğradığını bildirib. Onun sözlərinə görə, İrəvan müxtəlif yollarla bu vəziyyətdən çıxmağa çalışıb:

“Rusiya Ermənistanı itirməmək naminə bu mülayim təzyiq siyasətindən tədricən əl çəkdi. Beləliklə, biz danışıqlar prosesinin inkişaf etmədiyini görürük. Rusiya indiki mərhələdə üzərinə yük götürmək istəmir. Aleksandr Kudrin və digərləri hesabatlarında müxtəlif versiyalar səsləndirə bilərlər, amma fakt odur ki, prosesdə inkişaf yoxdur. Rusiya başa düşür ki, prosesə tam şəkildə qoşulsa ya kiminsə mövqeyini tutmalıdır, ya da hər iki tərəfin gözləntilərini doğrultmalıdır. Bir sözlə, Rusiya status-kvonun qorunmasında maraqlıdır”.

Qeyd edək ki, Rusiyanın keçmiş maliyyə naziri Aleksandr Kudrinin rəhbərlik etdiyi Strateji Araşdırmalar Mərkəzi ölkənin xarici siyasəti ilə bağlı hesabat yayıb. Kudrin hesabatında Moskvanın NATO ilə qarşıdurmanı dayandırması gərəkdiyini bildirib. Eks-nazir həmçinin Rusiyanın Ukraynanı uzun müddətlik itirdiyini söyləyib. Onun fikrincə, Moskva buna rəğmən Qarabağda vasitəçiliyini gücləndirməli, Tiflislə münasibətləri düzəltməlidir.




Ana səhifəyə qayıt        Baxış: 590          Tarix: 4-07-2017, 09:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma