Türkiyənin Adana vilayətində İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyatın gedişatında tutulan 7 kamikadzenin dəhşətli planı ortaya çıxıb.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, terrorçular ölkədə fərqli dini qruplara hücuma hazırlaşırdılar.
Kamikadzelərin M.Ö. adlı terrorçunun təlimatı əsasında hücumlara hazırlaşdığı müəyyən edilib. Onlar polisə verdiyi ilk ifadələrində ölkənin müxtəlif vilayətlərində fərqli dini qruplar və camaatlara hücumu planlaşdırdığını etiraf ediblər. Terrorçuların qaldığı ünvanda aparılan axtarışlar nəticəsində 15 min türk lirəsi (təxminən 4200 dollar) və İŞİD-ə aid çoxlu sayda sənəd ələ keçirilib.
Terrorçuların həmçinin “TrueCrypt” adlı proqram vasitəsilə bir-biri ilə əlaqə saxladıqları müəyyən edilib. Şifrəli proqramın köməyilə yazılan mesajların avtomatik olaraq silindiyi bildirilir. Təşkilat üzvləri həmçinin Skayp vasitəsilə bir-biri ilə əlaqə saxlayıblar. Terrorçulardan götürülən mobil telefonlar və kompüterlər Kibercinayətlərlə Mübarizə Şöbəsi tərəfindən araşdırılır.
Paylaş: