Xəbər lenti
 
 
“NATO lazım gələrsə ən qısa müddətdə Baltikyanı ölkələrə 40 min əsgər göndərməyə hazırdır”.
 
Ovqat.com-un məlumatına görə, bunu alyansın Baş katibi Yens Stoltenberq dünən (29 noyabr 2021-ci il) Latviya prezidenti Egils Levitslə görüşündən sonra keçirilən mətbuat konfransında açıqlayıb.
 
Baş katib Latviyanın NATO Nizamnaməsinə əməl etməsini yüksək qiymətləndirərək deyib: “Siz ÜDM-in 2%-dən çoxunu müdafiə xərclərinə ayırmaq, əsas texnikaya sərmayə qoymaq, regional təlimlərə fəal töhfə vermək, qüvvələrimizin yaxşı hazırlıqlığını təmin etməkdə nümunə göstərirsiniz”.
 
Məlumata görə, tərəflər görüşdə NATO-nun regionda çəkindirici gücünü və daha geniş təhlükəsizlik mühitini, o cümlədən Rusiyanın bu il ikinci dəfə Ukrayna sərhədi yaxınlığında hərbi birləşmə toplamasını, həmçinin Belarusla sərhəddəki vəziyyəti müzakirə ediblər. 
 
Bu görüşdən əvvəl Latviyanın Müdafiə naziri Artis Pabriks və Kanadanın xarici işlər naziri Mélanie Joli ilə birlikdə Adazi hərbi düşərgəsində Kanadanın rəhbərlik etdiyi çoxmillətli döyüş qrupunun qərargahına baş çəkən Baş katib NATO əsgərlərinə təşəkkür edib və vurğulayıb ki, 10 müttəfiqlə yanaşı, Latviya qüvvələri regionda "təcavüzün qarşısını almaq və sülhü qorumağa" xidmət edir. “Bu isə hər kəsə açıq mesajlar ehtiva edir: bir müttəfiqə hücum bütün Müttəfiqlərə hücumdur. Bu birlikdəlik transatlantik əlaqənin davamiyyət gücünü göstərir”, - Stoltenberq belə deyib.
 
Baş katib bu gün və sabah Riqada keçiriləcək NATO Xarici İşlər nazirlərinin iclaslarına sədrlik edəcək. Toplantıda Baltikyanı ölkələrin müdafiəsi ilə yanaşı, Ukrayna məsələsinin də müzakirəsi gözlənilir.


Ana səhifəyə qayıt        Baxış: 4 949          Tarix: 30-11-2021, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma