Xəbər lenti

“Foreign Affairs” jurnalı “Rusiya düşünür ki, ABŞ xox gəlir” başlıqlı məqalə yayıb.

“Foreign Affairs” beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti üzrə ixtisaslaşmış jurnaldır, ildə altı dəfə işıq üzü görür. “Rusiya düşünür ki, ABŞ xox gəlir” məqaləsi 2022-ci ilin ilk sayında çap olunub. Məqalənin müəllifi ABŞ-ın Tafts Universiteti nəzdindəki Fletçer adına Hüquq və Diplomatiya Məktəbinin dosenti Kris Millerdir.

Novator.az-ın məlumatına görə, müəllif yazır ki, Ukraynanın taleyi, bu ölkənin sərhədinə qoşun yığmış Rusiyanın hərbi hücum hazırlıqları təhlükəli bir vəziyyət doğurub: “Avropa müharibənin astanasındadır”.

Bəs ABŞ-ın xəbərdarlıqları bu təhlükəni aradan qaldıra, Rusiyanı dayandıra bilərmi?
Müəllif qeyd edir ki, ABŞ-ın yürütdüyü xətt belədir: Rusiya prezidenti Vladimir Putin Ukraynanı növbəti dəfə işğal etməyə qərar versə, Vaşinqton Moskvaya qarşı ən sərt sanksiyalara əl atacaq: “ABŞ prezidenti Cozef Baydenin administrasiyası Rusiyanın maliyyə sistemindən tutmuş bu ölkəyə texnologiyaların idxalınadək müxtəlif sahələri əhatə edəcək sanksiyalar planını qismən açıqlayıb.

Amma Qərbin iqtisadi sanksiyalar hədəsi yalnız o halda nəticə verə bilər ki, Rusiya Ukrayna əməliyyatının ona həqiqətən çox baha oturacağını görsün. Putin hesab edir ki, Ukrayna Rusiyanın maraqları, fövqəlgüc statusuna yiyələnməsi baxımından vacib ölkədir. Yəni Putin Ukraynanın işğalından fayda götürəcəyini düşünür. Ona görə sanksiyalar elə səviyyədə olmalıdır ki, Putin gəlir-çıxarını hesablayanda Ukrayna üzərində nəzarətin ona xeyirdən çox ziyan vuracağına inansın”.

Kris Miller yazır ki, hələlik ABŞ-ın sanksiya xəbərdarlığı Rusiyanı buna inandıra bilməyib: “Məsələn, Bayden administrasiyası təhdidləri artırsa da, Rusiya birjası, milli valyutası sanksiyalar hədəsinə faktiki reaksiya verməyib. Rusiya bazarlarında ABŞ-ın müzakirə etdiyi sanksiyalardan təlaş duyulmaması isə hədələrin ciddi qəbul edilmədiyinə, Rusiyanın bu xəbərdarlıqlara məhəl qoymadığına işarədir.

Rusiya siyasiləri bilirlər ki, bir sıra sanksiyalar, o cümlədən rus mallarının ixracının məhdudlaşdırılması və ya Rusiya banklarının qara siyahıya salınması Qərbin özünə də baha başa gələ bilər. Ona görə Rusiyada Bayden administrasiyasının bu cür sanksiyalara əl atacağına şübhə ilə yanaşırlar”.

Müəllif xatırladır ki, ABŞ Putin Rusiyasına indiyədək də sanksiyalar tətbiq edib və təcrübə göstərib ki, Putin keçmiş sovet məkanında müstəqil dövlətləri ram etmək naminə, iqtisadi cəhətdən Rusiyaya baha otursa da, sanksiyalara dözməyə hazır adamdır: “Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən və Donbas bölgəsinin bir hissəsini nəzarətə götürəndən sonra ABŞ və Avropa Moskvaya iqtisadi sanksiyalar qoydu. Bu, Rusiyada ümumi daxili məhsulun, neft hasılatının həcmini bir faiz azaltsa da, Moskva yolundan dönmədi. Kreml Krım və Donbasa görə məruz qaldığı sanksiyaların ona ziyan vurduğunu gördü, amma zəbt etdiyi torpaqları qaytarmaq fikrinə düşmədi”.

Kris Miller bildirir ki, indi Putin Rusiyası öz qarşısına daha böyük məqsədlər qoyub: “Kreml Krıma, Donbasın bir hissəsinə nəzarətlə kifayətlənmək niyyətində deyil. O öz təsir dairəsini genişləndirmək, bütövlükdə Ukraynanı nəzarət altına götürmək istəyir. Moskva sərhədə Ukraynanın müdafiəsini paytaxt Kiyevədək yarmağa bəs edəcək sayda qoşunu da bundan ötrü yığıb.

Rusiya Ukraynadakı bütün hədəflərə raket zərbəsi, hava zərbələri endirmək üçün qüvvələrini səfərbər edib. Əgər Kreml Krım yarımadasına və Donbas bölgəsinin bir hissəsinə görə öz ümumi daxili məhsulunun bir faizini itirməyə razılaşmışdısa, deməli, o, Ukraynanın qalan hissəsini ələ keçirmək üçün iqtisadi cəhətdən daha artıq ziyana dözməyə hazırdır.

ABŞ prezidenti Cozef Bayden bəyan edib ki, Rusiya Ukraynaya növbəti dəfə hərbi hücuma keçsə, dağıdıcı sanksiyalar olacaq. Administrasiyanın rəsmiləri də Rusiyaya təsirli və çevik cavab veriləcəyini vurğulayıblar”.

Ancaq Kris Millerin fikrincə, bu bəyanatlar o qədər də konkret və Rusiya üçün elan olunduğu qədər təhlükəli deyil. Müəllif qeyd edir ki, Vaşinqton Rusiyaya qarşı sanksiyalar məsələsində avropalı müttəfiqləri ilə əməkdaşlıq edəcəyini də açıqlayıb. Kris Miller hesab edir ki, bu əməkdaşlıq vədi gücün yox, zəifliyin əlaməti kimi qəbul edilə də bilər, çünki avropalı müttəfiqlərin sanksiyaları zəiflədəcəyi ehtimalı daha ağlabatandır, nəinki gücləndirəcəyi ehtimalı: “Məhz avropalı müttəfiqlərə, xüsusən də Berlinə hörmət əlaməti olaraq Bayden Rusiya qazının Almaniyaya nəqlini nəzərdə tutan “Şimal axını-2” kəmərinə sanksiya qoymadı. İndi həmin Almaniya və Fransa Putinin Ukraynaya hücuma keçəcəyi təqdirdə Avropa İttifaqının Rusiyaya tətbiq edəcəyi sanksiyaların dəqiqləşdirilməsinə də imkan vermir.

Olaf Şolts 2021-ci ilin dekabrında Almaniyanın kansleri vəzifəsində fəaliyyətə başlayan kimi Moskva ilə dialoqa çağırış etdi. Bu, Almaniyanın diplomatik dilində “güzəşt” deməkdir. Beləliklə, ABŞ-ın avropalı müttəfiqlərindən Rusiyaya qarşı simvolik maliyyə cəzasından savayı hansısa ciddi addım atılmayacağına dair qorxunc siqnallar gəlməkdədir.

Bu arada ABŞ Konqresi də diqqəti əslində iqtisadi cəhətdən təsirsiz bir sanksiya üzərində cəmləyib. Konqresin bəzi üzvləri “Şimal axını-2” qaz kəmərinin bağlanması təklifini irəli sürüblər. Onlar düşünürlər ki, bu addım Rusiya iqtisadiyyatını yerə vura bilər. Halbuki “Şimal axını-2” bağlansa, Rusiya hazırda mövcud olan marşrutlar vasitəsilə Avropaya qaz nəqlini davam etdirəcək. Nəticədə Rusiya qazının Avropaya nəqlinin həcmi dəyişməz qalacaq”.

Kris Miller yazır ki, Konqres üzvlərinin əksərinin dəstəklədiyi, rusiyalı oliqarxlara, Putinin yaxın ətrafına qarşı nəzərdə tutulan sanksiyalar da Kremli yolundan döndərməyə qadir deyil: “Qərbin çirkli pullarını xaricdə yuyan rusiyalı oliqarxlara mane olmaq üçün hər cür imkanı var. Ancaq bu da Kremlin xarici siyasətinə təsir edəsi deyil. Əlbəttə, Rusiyanın biznes elitası Qərb ölkələrinə səfərləri davam etdirmək, pulunu yenə xarici banklarda saxlamaq istəyərdi. Ancaq onların bundan məhrum olması Rusiyanın xarici siyasətini dəyişə bilməz. Rusiyada xarici siyasəti iş adamları yox, təhlükəsizlik sahəsinə cavabdeh şəxslərin kiçik bir qrupunun məsləhəti ilə Putin özü müəyyən edir. Rusiyanın təhlükəsizlik rəsmilərinin əksəriyyəti isə onsuz da Qərbin sanksiyaları altındadır”.

Beləliklə, Kris Millerin fikrincə, ABŞ-da Rusiyaya qarşı iqtisadi baxımdan o qədər də effekti olmayan tədbirlər müzakirə edilir, Avropada isə tutarlı iqtisadi sanksiyaları dəstəkləmək barədə hər hansı fikir yoxdur. Ona görə də Putin sərt sanksiyalar hədəsinin qeyri-ciddi olduğunu düşünür.

Məqalədə deyilir ki, əslində Vaşinqtonun arsenalında Rusiya banklarını qara siyahıya salıb bu ölkənin qlobal maliyyə sistemi ilə əlaqəsini məhv etmək kimi təsirli bir vasitə var: “Birləşmiş Ştatlar əvvəllər İran və Şimali Koreyaya qarşı oxşar tədbirlərdən yararlanıb”.

Bu üsuldan Rusiya əleyhinə də istifadə oluna bilərmi? Kris Miller hesab edir ki, istifadə edilə bilər, amma maneələr var: “Məsələ bundadır ki, belə bir üsuldan Rusiya əleyhinə istifadə olunması Vaşinqtonun Avropadakı müttəfiqlərinə də baha başa gələcək. Eyni zamanda bu, Rusiya mallarının ən böyük istehlakçısı olan Çinə birbaşa təsir göstərəcək. Bayden administrasiyası isə bu cür nəticələrdən qaçmağa üstünlük verir”.
Kris Miller Çin maneəsindən ayrıca bəhs edir. O yazır ki, Vaşinqton gerçəkdən sərt sanksiyalar tətbiq etsə, Çinin reaksiyası fərqli olacaq: “Çin Rusiyanın ən böyük ticarət tərəfdaşıdır. Çin ABŞ-ın sanksiya siyahısına daxil edəcəyi nəhəng Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırarmı? Bəlli deyil. Diqqət edin: Rusiya və Çin artıq ABŞ-ın sanksiyalarını qabaqlamaq, deməli, mümkün sanksiyaları zəiflətmək üçün birgə iş aparır. Bu iki ölkə ABŞ-ın sərt sanksiyalara əl atıb Rusiyanın bank sistemlərini bloklayacağı təqdirdə alternativ ödəniş mexanizmləri yaratmaq üzərində işləyir”.

Müəllif vurğulayır ki, əgər Pekin Vaşinqtonun sanksiyalarını qəbul etməsə, o cümlədən Çin şirkətləri ABŞ-ın şərtlərinə əməl etməsə, bu, Vaşinqtonu çıxılmaz vəziyyətə salacaq: “O halda Çin şirkətləri ABŞ qanunlarını pozmuş olacaq, bu isə onlara qarşı məhkəmə iddialarının qaldırılmasına, Çinin böyük şirkətlərinin cərimələnməsinə gətirəcək. Yekunda ABŞ-la Çin arasında riskli gərginlik yaşanacaq.

Bayden administrasiyası Rusiyanı yarımkeçiricilər, smartfonlar və aviaşirkətlər üçün ehtiyat hissələri almaq imkanından məhrum edəcəyi ilə hədələyir. Bu halda da oxşar problem ortaya çıxır. Məsələn, smartfonlar ilk növbədə Çində istehsal olunur. Deməli, smartfonların Rusiyaya satışının qarşısını yalnız o vaxt gerçəkdən almaq olar ki, Çin ABŞ-ın şərtlərini yerinə yetirməyə razılaşsın. Pekin isə bu şərtlərə əməl etməkdən boyun qaçıra bilər. Onda Vaşinqton buna cavab vermək, Çin əleyhinə ayrıca tədbirlərə əla atmaq məcburiyyətində qalacaq. Bu da Vaşinqton üçün böyük dövlətlərlə maliyyə müharibəsində ikinci cəbhənin açılması deməkdir”.

Bütün bunları qeyd edəndən sonra Kris Miller bir daha vurğulayır: Rusiyanı həqiqətən sanksiyalarla çəkindirmək, onun Ukraynanı işğal etməsinin qarşısını almaq üçün ABŞ çox ciddi addımlara getməli, indiyəcən bəyan etdiyindən daha kəskin tədbirlərə əl atmalıdır və Rusiya da bunu görüb inanmalıdır ki, Vaşinqton eləcə hədələmir, xox gəlmir, doğrudan qətiyyət göstərir.

“Kreml hesab edir ki, Amerika və Avropa risklərə ondan az meyillidir” yazan Kris Miller bildirir ki, bu düşüncənin dəyişməsi, sanksiyalar hədəsinin ciddiyə alınması üçün Bayden administrasiyası yeni bəyanatlarla çıxış etməli, sanksiyaların daha kəskin və daha konkret siyahısı açıqlanmalıdır: “Bayden administrasiyası Rusiyanın hansı banklarına sanksiya qoyulacağını adbaad elan etməlidir. Onların hansı əməliyyatları, hansı pul köçürmələrini aparmasına imkan verilməyəcəyi bir-bir sadalanmalıdır. Eyni zamanda Rusiyanın sanksiyalara məruz qalacaq şirkətlərinin adları çəkilməlidir. Bəlkə onda Kreml Vaşinqtonun sanksiyalar təhdidini ciddi qəbul edə”.


Ana səhifəyə qayıt        Baxış: 3 268          Tarix: 12-01-2022, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma