Xəbər lenti

“Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək idi”.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev xalqa videomüraciətində deyib.

"Bu hadisələr bir daha onu göstərir ki, müstəqillik göz bəbəyi kimi, xüsusilə diqqətli rəftar tələb edir. Baş verən faciə hamımız üçün dərs oldu. Bütün bu qırğınları və qətlləri kimin təşkil etdiyini öyrənmək vacibdir. İstintaq bu suala cavab verəcək", - Nazarbayev bildirib.

O vurğulayıb ki, 2019-cu ildə prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verib və həmin vaxtdan təqaüdçüdür:

"Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə Prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır".

Qazaxıstanın dünya birliyində tanınan və nüfuzlu dövlətə çevrildiyini deyən Nazarbayev vurğulayıb ki, bu, bütün qazaxıstanlıların həmrəyliyinin və birliyinin nəticəsidir: "Ölkədə sabitlik, əmin-amanlıq həmişə mənim məqsədim olub. Biz hamımız bu əbədi dəyərləri yaşatmalıyıq. Biz böhrandan mütləq çıxacağıq və daha da güclənəcəyik. Prezident xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni islahat proqramı irəli sürüb. Bu proqramı dəstəkləmək lazımdır", - Elbası videomüraciətində bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 607          Tarix: 18-01-2022, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma