Xəbər lenti


Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə zəng edərək qazaxıstanlı həmkarını son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə məlumatlandırıb.

Azərbaycan prezidenti telefon danışığı zamanı bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir: “Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir”.

Azərbaycan və Qazaxıstan prezidentlərinin telefon danışığına ehtiyac var idi. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin liderlərinə zəng edərək Azərbaycanla sərhəddə baş verənlər haqqında yanlış məlumatlar verir.

Azərbaycan Ermənistanla sərhədlərini müəyyənləşdirir. Nikol Paşinyan isə bunu belə izah etməyə çalışır ki, guya Azərbaycan hərbçiləri Ermənistan ərazisinə daxil olurlar və buna görə də guya Kollektiv Təhlükəsizlik Müqaviləsinə Təşkilatına üzv olan dövlətlər Ermənistanı müdafiə etməlidirlər.
Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qazaxıstana da zəng edib. Ancaq Qazaxıstan prezidenti daha sonra Azərbaycan prezidenti ilə də telefonla danışıb və mövcud durum barədə hərtərəfli məlumat əldə edib.
Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Müharibə günlərində belə bir məlumat yayıldı ki, Rusiyadan havadan qalxan təyyarələr Qazaxıstan, Türkmənistan və İranın hava sahəsi üzərindən Ermənistana hərbi texnika daşıyıblar.
Ancaq daha sonra məlumat yayıldı ki, həmin təyyarələr Ermənistana yükləri Xəzər dənizinin orta xətti üzərindən daşınıb. Çünki, əvvəlcədən Qazaxıstana məlumat verilsəydi ki, bu ölkənin hava sahəsi üzərindən Ermənistana hərbi yük daşınılması istənilir, Qazaxıstan buna icazə verməyəcəkdi.
İrəvanda Qazaxıstanın Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək vermədiyini bilirlər. Ermənistan rəsmiləri müharibədən əvvəl də Qazaxıstanın siyasətindən narazı idi. Çünki Qazaxıstan lideri Nursultan Nazarbayev hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib.
Nursultan Nazarbayev Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə bir şərtlə razılaşmışdı ki, Qarabağda istehsal olunan mallar ümumi bazarda satışa çıxarılmayacaq. Nursutltan Nazarbayev bunu Ermənistanın keçmiş lideri Serj Sərkisyana da bildirmişdi.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin liderlərinin onlayn konfransında Azərbaycan prezidentini ərazi bütövlüyünü təmin etməsi münasibətilə təbrik etdi. Bu bir daha Qazaxıstanın Azərbaycana verdiyi dəstəyi ifadə edir.
Azərbaycan və Qazaxıstan siyasi, iqtisadi və hərbi əməkdaşlığın inkişafında maraqlıdırlar. Bu hər iki dövlətin xeyrinədir. Qazaxıstanda SSRİ zamanından güclü hərbi-sənaye kompleksi mövcuddur. Qazaxıstanın istehsal etdiyi hərbi texnikanı bir sıra dövlətlər alırlar. Türkiyənin özü də Qazaxıstanla bu sahədə əməkdaşlığı genişləndirərək hərbi texnikanın birgə istehsalına maraq göstərir. Azərbaycan həm Qazaxıstandan müasir hərbi texnika ala bilər, həm də birgə hərbi texnikanın istehsalını reallaşdıra bilər. Yənu bu sahədə Qazaxıstanla Azərbaycan potensilallarını birləşdirə bilərlər.
Azərbaycan ikitərəfli əməkdaşlıqla yanaşı Qazaxıstanla türk dünyasının intqerasiyası çərçivəsində də əməkdaşlığı genişləndirə bilər. Hər iki dövlət bu inteqrasiyanın inkişafında maraqlıdır.
Azərbaycanın müharibədə qələbəsindən sonra türkdilli dövlətlərin Türkiyə ilə siyasi və hərbi inteqrasiyası güclənib. Azərbaycandan sonra Qazaxıstan və Özbəkistan da Türkiyə ilə birgə hərbi təlimlər keçiriblər.
Gələcəkdə türkdilli dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsi də mümkündür. Digər tərəfdən Qarabağın yenidən qurulması, inşaat və infrastuktur çalışmalarına Qazaxıstanın cəlb olunması da Azərbaycanın və ümumlikdə Türk Şurasının xeyrinədir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 31-də onlayn konfransda çıxışında bunu demişdi: “Məqsədimiz Türk dünyasını 21-ci əsrdə ən vacib iqtisadi, mədəni və humanitar məkanlardan birinə çevirməkdir”.
Buna cavab olaraq İlham Əliyev türkdilli dövlətlər Zəngəzur dəhlizi üzərindən əməkdaşlıq edəcəklərini vurğuladı. Beləliklə, Azərbaycan, Türkiyə və Qazaxıstan Türk Şurasının siyasi, iqtisadi və hərbi inteqrasiyasının gücləndirilməsində lokolomiv rolunu oynaya bilərlər.
Atlas” Araşdırmalar Mərkəzi


Ana səhifəyə qayıt        Baxış: 3 441          Tarix: 17-05-2021, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma