Xəbər lenti

 
Rusiya Belarusla bərabər əvvəlcədən planlaşdırılmamış hərbi təlimə hazırlaşır.
 
 Ovqat.com
-un məlumatına görə, hərbi təlimlərin adı “İttifaq Qətiyyəti-2022” olacaq.
 
Ekspertlərin fikrincə bu cür adlandırma rus hərbi ənənələri ilə uzlaşmır. Ruslar hərbi təlimlərin adını seçərkən adətən coğrafiya və tarixi bildirən sözlərdən istifadə edirlər. Məsələn “Qərb-2020”, “Qafqaz-2020”. Bu dəfə isə adın NATO “standart”larına uyğun seçilməsi isə təsadüfi deyil. Məqsəd NATO ölkələrinə iki müttəfiq dövlətin müharibə olacağı təqdirdə “qətiyyət” nümayiş etdirəcəyini göstərməkdir. 
 
Təlimlərdə nə qədər hərbi qulluqçunun iştirak edəcəyi bildirilmir. ATƏT-in 2011-ci il Vyana müqaviləsinə əsasən, bu say 13 min nəfəri keçməməlidir. Amma Lukaşenkonun dünən irəli sürdüyü bəzi iddialar onu göstərir ki, Rusiya-Belarus ittifaqı bu limitə əməl etməyəcək. Belarus lideri NATO qüvvələrinin sərhəddə 30 min əsgər yığdıqlarını bildirmişdi. Yəqin ki, Rusiya da bu sayda hərbçisini təlimlərə göndərəcək. Hətta bu rəqəmin daha çox olacağı da gözlənilir.
 
Hərbi təlimin fevralın 10-da başlayıb 20-də başa çatması planlaşdırılır. Təlimin məqsədi isə belə ifadə olunub: “Qısa müddətdə təhdid olunan istiqamətlərdə qoşun qruplaşmasının yaradılması”. Bununla da Rusiya və Belarus ittifaqı lazım gələrsə necə operativ şəkildə döyüşə hazır olduqlarını nümayiş etdirəcəklər. Qeyd edək ki, bu qabiliyyətini göstərmək Rusiya üçün olduqca vacibdir. Çünki köhnəlmiş texnikaları ilə bu ölkənin ləng hərəkət etdiyinə dair qənaət formalaşıb. Müasir çağımızda isə operativlik qələbənin rəhni sayılır. Əksər hallarda kiçik bir qüvvə öz çevikliyi ilə özündən qat-qat güclü düşmənə rahatlıqla qələbə çala bilir.
 
 Zənnimizcə, bu hərbi təlimlər əslində bəhanədir. Məqsəd Ukrayna ilə müharibə başlayacağı təqdirdə hücum edəcək qüvvənin Belarusdakı təyinat nöqtəsinə gətirməkdir. Rusiyanın bu təlimlər çərçivəsində Belarusun bir çox hərbi aeroportlarına öz müasir təyyarələrini və hava hücumundan müdafiə sistemlərini daimi yerləşdirmək planı var. İddialara görə, “İttifaq Qətiyyəti-2022” təlimləri çərçivəsində Rusiya 12 Su-35 qırıcısı təyyarəsi, iki S-400 “Triumf” hava hücumundan müdafiə sistemi diviziyası və bir “Pantsir-S” hava hücumundan müdafiə kompleksi diviziyası yerləşdirməyi planlaşdırır. Bu isə həm Baltikyanı ölkələrin, həm də Ukraynanın hava sahəsini nəzarət altına almaq imkanı verəcək. Əgər bu mülahizələr doğrudursa, Ukrayna ilə döyüşlərin fevral ayının sonlarında başlayacağını ehtimal etmək olar.

Xatlırladaq ki, 44-günlük Müharibə də Rusiyanın "Qafqaz-2020" təlimlərinin bitdiyi gün başlamışdı və həmin təlimlərdə Ermənistan da iştirak edirdi.

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 177          Tarix: 18-01-2022, 22:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma