Xəbər lenti

 
Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, Qərbi Kiyevə təhlükəsizlik zəmanəti verməyə çağırıb. 
 
Ovqat.com-un məlumatına görə, Ukrayna lideri həmçinin Rusiya Federasiyasına qarşı dərhal sanksiyaların tətbiq edilməsində israr edib.
 
O bildirib ki, bəzi ölkələr Rusiyanın Ukraynaya müdaxilə edəndən sonra sanksiyalar tətbiq edəcəklərini bildirirlər. Halbuki, bunu müdaxilədən əvvəl etmək lazımdır.
 
Vladimir Zelenski Qərbi Ukraynanın NATO-ya üzv olmaq imkanı əldə edənə qədər təhlükəsizliyinə zəmanət verməyə çağırıb. Prezident xatırladıb ki, Ukrayna nüvə silahlarından arındırıldığı zaman onun təhlükəsizliyinə, ərazi bütövlüyünə zəmanət sözü verilmişdi. Hazırda isə Ukraynanın İsveçrədən və bəzi Avropa ölkələrindən daha geniş əraziləri işğal olunub. Kiyevə verilən vədlər isə havadan asılı qalıb. Zelenskinin fikrincə, yenilənməsi gərəkən təhlükəsizlik zəmanətində BMT-nin 5 Daimi üzvü ilə yanaşı, Almaniya və Türkiyə də qarantor dövlət kimi yer almalıdır. Ukrayna prezidenti Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin sammitinin çağırılmasını təklif edib. Zelenskinin sözlərinə görə, belə bir görüş “Avropada təhlükəsizlik problemlərini həll etmək və Ukrayna üçün yeni təhlükəsizlik təminatlarını hazırlamaq üçün” keçirilməlidir. Kiyevin aydın Avropa perspektivinə, dəstək alətlərinə və vaxt çərçivəsinə ehtiyacı olduğunu vurğulayıb.
 
Ukrayna lideri həmçinin dördüncü dəfə Budapeşt Memorandumunu imzalayan ölkələrin (ABŞ, Böyük Britaniya, Rusiya, Ukrayna) görüşünün təşəbbüskarı olacağını bildirib. "Həm Ukrayna, həm də mən bunu sonuncu dəfə edəcəyik. Budapeşt memorandumu çərçivəsində məsləhətləşmələr təşəbbüsü ilə çıxış edəcəyəm. Xarici işlər nazirinə (Dmitri Kuleba - red.) onları sammitə çağırmaq tapşırılıb", - Zelenski vurğulayıb. O əlavə edib ki, məsləhətləşmələr baş tutmasa və ya Ukrayna bunun nəticəsində təhlükəsizlik zəmanəti almasa, Kiyevin memorandumun işləmədiyinə inanmağa tam haqqı olacaq.
 
Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin nə istədiyini bilmədiyini və bunu öyrənmək üçün onunla görüşməyə hazır olduğunu bildirib. 
 
Ukrayna lideri ölkəsinin Rusiya ərazisini atəşə tutması iddialarını da rədd edib. "Onlar bir neçə mərmi göstərdilər. Guya bizim tərəfdən atılıb. Sonra da göstərdilər ki, Rostov vilayətinə nəsə düşüb. Bunların hamısı təxribatdır, yalandır", - deyə o bildirib. "Ölən yoxdur, yaralanan yoxdur" deyən Ukrayna lideri əlavə edib ki, Ukrayna bu cür "təxribatlara cavab verməyəcək".
 
"Necə oldu ki, 21-ci əsrdə Avropa yenidən müharibə ilə üz-üzədir və insanlar ölür? Nə üçün bu, İkinci Dünya Müharibəsindən daha uzun çəkir? Soyuq Müharibədən bəri ən böyük təhlükəsizlik böhranına necə gəldik?" – Münhendəki konfrans iştirakçılarına Ukrayna dilində müraciər edən Zelenski öz suallarına belə belə cavab verib: “Ərazisinin bir hissəsini, minlərlə insanını itirmiş və sərhədlərinə yaxın 150 min rusiyalı hərbçi, texnika və ağır silahların yerləşdiyi bir ölkənin prezidenti kimi mənim üçün cavab aydındır: dünya təhlükəsizliyinin arxitekturası kövrəkdir və yenilənmək lazımdır”.
 
Ukrayna lideri əmin olduğunu vurğulayıb ki, “dünyanın on ildən çox əvvəl razılaşdığı qaydalar artıq işləmir". Zelenskinun fikrincə, qurulmuş təhlükəsizlik sistemi qlobal səviyyədə dövlətlərin eqoizmi, özünəinamı və məsuliyyətsizliyi ucbatından iflasa uğrayır.
 
Ölkə daxilindəki vəziyyətlə bağlı danışan Zelenski qeyd edib: "Bağışlayın, ukraynalılar tabutlara uzanıb hərbçiləri gözləməyəcək. Biz heç kimə hücum etməyəcəyik, amma hər şeyə hazırıq". Onun fikrincə, müharibədən danışmaq nə dövlətin normal fəaliyyətinə, nə də iqtisadiyyatın fəaliyyətinə kömək edir: “Hər gün sənə sabah hücum olacaq, sabah müharibə olacaq deyən halda necə rahat yaşaya bilərsən?”.
 
O, həmçinin Qərbi Kiyevə “ucuz” və “şərtsiz” kreditlər verməyə çağırıb.
 
Münhen Təhlükəsizlik Konfransı Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi ilə bağlı sərt şəkildə kəskinləşən böhran fonunda keçirilir. Uzun illərdən sonra ilk dəfə Rusiya nümayəndə heyətinin iştirak etmədiyi bugünkü forumun əsas mövzusu da məhz Moskvanın Ukraynaya qarşı təcavüzkar siyasəti olub.


 
Münhen konfransında NATO-nun Baş katibi Yens Stoltenberq də çıxış edib. Stoltenberq Rusiyanın Ukrayna sərhədindən qoşunlarını çıxarmadığını, əksinə, gücləndirdiyini, bunun da qarşıdurma riskini artırdığını bildirib. NATO və müttəfiqlərinin böhranın sülh yolu ilə həlli üçün diplomatik səylərini davam etdirdiyini bildirən Stoltenberq deyib: “NATO, Avropadakı bütün ölkələrin və Rusiyanın təhlükəsizliyini artıracaq mənalı qarşılıqlı addımlar atmaq üçün Moskva ilə hərtərəfli dialoqa hazırdır”. 
 
Daha əvvəl Rusiyaya yazılı təkliflər verdiklərini xatırladan Stoltenberq vurğulayıb ki, o, şəxsən Rusiya və NATO müttəfiqlərini NATO-Rusiya Şurasında bir sıra görüşlərə dəvət edib: “Cümə axşamı xarici işlər naziri Lavrova göndərdiyim məktubda da bu dəvəti təkrarladım”.
 
Stoltenberq Rusiyanın Ukraynanı işğal etmək üçün bəhanə kimi bəzi situasiyalar yaratmağa çalışdığını və son dərəcə təhlükəli vəziyyət yaratdığını bildirib. "Biz onların indi həyata keçirildiyini görürük. Bu, rusların bölgəni işğal üçün bəhanə gətirməyə çalışması ilə bağlı narahatlığımızı artırır", - NATO-nun Baş katibi deyib.
 
Bu cür səyləri davam etdirdiklərini və beləliklə də Rusiyanın planlarını çətinləşdirdiklərini ifadə edən Stoltenberq onu da vurğulayıb ki, NATO Rusiyanın aqressiyasının güclənməsindən və müharibəyə hazırlaşmağa davam etməsindən son dərəcə narahatdır: “Biz Soyuq Müharibədən bəri Avropada döyüşə hazır əsgərlərin bu qədər cəmləşməsini görməmişdik".
 
Stoltenberq bəyan edib ki, Rusiya NATO-dan açıq qapı siyasətindən əl çəkməyi və NATO qoşunlarını müttəfiq ölkələrin demək olar ki, yarısından çıxarmağı tələb edir. Tələbləri yerinə yetirilməyəcəyi təqdirdə isə "hərbi və texniki nəticələrin" ortaya çıxacağına dair açıqlamalar verir. Stoltenberq bu təhdidlərə cavabən deyib:
 
"Beləliklə, hazırda əsas təhlükə - böyük hərbi birləşmə ilə hədələyici ritorika, eləcə də yerinə yetirə bilməyəcəyimiz tələblərin irəli sürülməsidir. Biz həmin tələbləri yerinə yetirməyəcəyimizi deyəndə bunun hərbi nəticələrinin olacağını bildirirlər. Bu, yeni bir situasiya dəyişikliyidir. Bu, Rusiyanın Avropanın təhlükəsizliyinin əsas dəyərlərinə açıq şəkildə qarşı çıxdığı, istəklərini əldə etmək üçün hərbi yolla hədələdiyi yeni normalardır”.




Ana səhifəyə qayıt        Baxış: 6 906          Tarix: 19-02-2022, 22:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma