Xəbər lenti

Moldova Azərbaycanlıları Konqresi Kişinyov şəhərinin mərkəzində və Ermənistanın Moldovadakı səfirliyinin qarşısında aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, Moldovada yaşayan türk və qaqauz ictimai təşkilatlarının nümayəndələrinin də qatıldığı aksiya Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklərə etiraz məqsədilə təşkil edilib.

Aksiyada Ermənistan ordusunun işğalçı siyasətini nümayiş etdirən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistan səfirliyinin binası qarşısında, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş 2 yaşlı körpə Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın şəkillərini nümayiş etdirib, Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriblər.

Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
   

 




Ana səhifəyə qayıt        Baxış: 962          Tarix: 11-07-2017, 15:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma