Xəbər lenti

Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda Fransanın hazırkı Prezidenti Emmanuel Makron və Marin Le Pen iştirak edir.

“Report” xəbər verir ki, səsvermə ərəfəsində reytinqlər ölkənin hazırkı liderinin qələbəsini proqnozlaşdırır.

İlk turda namizədlər arasında fərq 5 %-dən az olsa da, Emmanuel Makron Marin Le Pen üzərində fərqi xeyli artırıb.

Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.

Seçki məntəqələri səhər saat 08:00-dan (Bakı vaxtı ilə saat 10:00-dan) açılacaq. “Exit-poll”un ilk nəticələri səsvermə başa çatdıqdan sonra - yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.

Emmanuel Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etmək niyyətindədir.

Seçkiqabağı sorğulara gəldikdə isə Emmanuel Makron səsverməyə bir həftə qalmış mövqeyini xeyli möhkəmləndirib. Belə ki, “Ifop” şirkətinin proqnozlarında onun reytinqi 15-21 aprel dövrü üçün 53,5 %-dən 55,5 %-ə yüksəlib. Marin Le Pen bu müddət ərzində iki xal itirib - 46,5 %-dən 44,5 %-ə qədər.

Üç rəy sorğusu hazırkı prezidentin 56,6 % orta nəticə ilə qələbə qazanacağını proqnozlaşdırır. “Ipsos”un araşdırması E.Makronun 57,5 %, “Opinionway” və “Ifop” sorğuları isə onun müvafiq olaraq 57 % və 55,5 % səs toplayacağını deyir.

Qeyd edək ki, 2017-ci ildə Fransada keçirilən seçkilərin 2-ci turu zamanı Emmanuel Makron 66,1 % səslə qalib gəlib. 5 il əvvəl seçicilərin 33,9 %-i Marin Le Penə səs verib.

Bundan başqa, hazırkı Prezident debatda qalib gəlib. Səsverməyə 4 gün qalmış namizədlər canlı yayımda teledebatlar keçiriblər. Emmanuel Makron və Marin Le Pen sosial məsələləri, iqtisadiyyatı, ekologiyanı müzakirə edib, Rusiya və Ukrayna ilə müharibə haqqında mübahisə ediblər.

Hazırkı prezident rəqibini Kremllə əlaqələrə görə tənqid edib və Rusiyanı Marin Le Penin “bankiri” adlandırıb. Məlum olduğu kimi, Marin Le Penin lideri olduğu “Milli Birlik” partiyası 8 il əvvəl “Birinci Çexiya-Rusiya Bankı”ndan kredit götürüb. E.Makron rəqibinin Krımı Rusiyanın bir hissəsi hesab etdiyi barədə dediklərini də xatırladıb.

Xatırladaq ki, birinci turun nəticələri açıqlandıqdan sonra məğlub olan namizədlər ikinci turda E.Makronu dəstəkləməyə çağırıblar.



Ana səhifəyə qayıt        Baxış: 3 239          Tarix: 24-04-2022, 10:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma