Qətər böhranının yaranmasına səbəb olan bəyanatın yerləşdirildiyi Qətər dövlət xəbərlər agentliyinə kiberhücum Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən təşkil edilib.
Publika.az xəbər verir ki, bu haqda ABŞ kəşfiyyatında çalışan məmurlara istinadən “Vaşinqton Post” nəşri bildirib.
Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatının nümayəndələri toplanmış informasiyanı təhlil edərək ötən həftə təsdiq ediblər ki, BƏƏ hökumətinin yüksək vəzifəli üzvləri hakerhücum planı və onun reallaşdırılmasını müzakirə ediblər.
Qeyd edək ki, Qətərin dövlət xəbərlər agengtliyinə kiberhücum mayın 24-də edilib. Qətər xəbərlər agentliyinin saytına İranla münasibətlərin normallaşmasına dəstək olaraq ölkənin əmiri adından bəyanat yerləşdirdi. Daha əvvəl isə Səudiyyə Ərəbistanının paytaxtında keçirilən sammitdə kralllıq tədbirin bütün qonaqları adından İranı düşmən siyasətinə görə ittiham etdi və onu adekvat cavabla hədələdi. Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə bildirdi ki, agentliyin saytı sındırılıb və əmir adından bəyanat hakerlər tərəfindən yerləşdirilib.
Ancaq Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir bu təkzibi tutarsız hesab etdilər və bildirdilər ki, İranla münasibətlərin normallaşması haqqında sözlər həqiqətən əmirə aiddir.
Sonradan Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni kiberhücumun Yaxın Şərqin bəzi ölkələri ilə bağlı olduğunu deyib. Lakin o, söhbətin hansı ölkələrdən getdiyini dəqiqləşdirməyib.
BƏƏ isə “Vaşinqton Post”un xəbərini təkzib edib.
“VaŞinqton Post”un xəbəri yanlışdır. BƏƏ sözügedən kiberhücumda hər hansı rol oynamayıb”, - BƏƏ-nin ABŞ-dakı səfiri Yusif əl-Uteybə Tvitter səhifəsində yazıb.
Xatırladaq ki, Qətər dövlət xəbərlər agentliyində yerləşdirilən bəyanatı əsas göstərən BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək iyunun 5-də Doha ilə diplomatik əlaqələri kəsiblər. İyunun 23-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürüblər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və “Əl-Cəzirə” peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adıçəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.
Tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmişdi. Daha sonra bu müddət Küveytin xahişi ilə daha 48 saat uzadıldı.
Lakin Qətər tələbləri yerinə yetirməkdən imtina edib.
Paylaş: