Xəbər lenti
Dünən, 19:25


Amerikan mətbuatı Səudiyyədəki mənbələrə istinadən iddia edir ki, vəliəhd şahzadə Məhəmməd bin Salman şəxsi məclislərində Co Baydeni ələ salır və onun əqli vəziyyətinin yerində olmadığını deyir. 


Bu iddiaya cavab verməkdən yayınan Ağ Evin mətbuat katibi Baydenin Səudiyyə ilə münasibətləri yenidən nəzərdən keçirdiyini bildirib.


Səudiyyənin ABŞ-dakı səfiri də bugünkü müsahibəsində deyib ki, ABŞ münasibətləri yenidən nəzərdən keçirsə yaxşıdır “çünki Səudiyyə 5 il, 10 il əvvəlki Səudiyyə deyil.”


Səudiyyə enerji naziri də öz növbəsində ABŞ-ın strateji neft rezervlərini bazara çıxarmasını tənqid edib. Enerji naziri deyib ki, strateji rezervlər təklif qıtlığı zamanında istifadə edilməlidir, bazarları manipulyasiya etmək üçün yox. Qeyd edim ki, OPEC+ tərəfindən neft hasilatının azaldılması qərarından sonra ABŞ rəhbərliyi yüksələn neft qiymətlərini endirmək üçün strateji neft ehtiyatlarından istifadə etmişdi. 


Ukrayna münaqişəsi Yaxın Şərqin geosiyasi mənzərəsini gözləniləndən daha radikal şəkildə dəyişdirir. Böyük güclərin öz aralarındakı mübarizəsi bir sıra orta və kiçik dövlətlərin asılılığını azaldır və manevr imkanlarını artırır. Bu proses sadəcə Yaxın Şərqdə yox, bir sıra digər regionlarda aşkar hiss olunur. Ukraynadakı müharibənin uzanması həm Rusiya, həm də ABŞ-ın geosiyasi dayaqlarını zəiflədəcək. Şübhəsiz ki, mövcud gedişatdan ən çox məmnun olan ölkə Çindir. 


Şərqə Baxış Analitik Mərkəz





Ana səhifəyə qayıt        Baxış: 6 595          Tarix: 27-10-2022, 06:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma