Dünyada müstəmləkə dövrünün geridə qaldığı düşünülür. Böyük imperiyalar dövründə yaranmış müstəmləkələr müstəqillik əldə ediblər.
Amma hansı ölkələrin başqalarını hələ də öz nəzarəti altında saxladığına və özlərini onların metropoliyası (ana ölkəsi – red.) saydıqlarına diqqətlə baxsaq, özünü demokratiyanın beşiyi hesab edən Fransanın bu gün ən çox müstəmləkəyə malik olduğunu görərik. O, bir vaxtlar ən geniş koloniyalara malik olan Britaniya İmperiyasını da qabaqlayır.
Fransa Afrikada və dünyanın digər bölgələrində geniş ərazilərə sahib idi. Onların əksəriyyəti müstəqillik əldə etsə də, Fransa hələ də əhalisi Böyük Britaniyanın “müstəmləkə təbəələrindən” çox olan ərazilərin sahibi olaraq qalır.
Əsaslı olsun deyə sübut gətirək: Fransanın Avropadakı ərazisi 551 min km2, dənizyanı ərazilər ilə birlikdə isə 675 min km2-dir. Yəni onun dənizlərdə/okeanlardakı - Kanada sahillərində, Afrikada, Hind okeanındakı adalarda, eləcə də Cənubi Amerika cəngəlliyinin Qviana adlı böyük bir hissəsində toplam 124 min km2 ərazisi var. Bunun nəticəsində də hətta Braziliya və Surinamla quru sərhədə malikdir.
Fransa, həmçinin Cənub qütbünə qədər Antarktidanın bir həssəsini də idarə edir.
Fransanın keçmiş müstəmləkəsi olan Madaqaskardan fərqli olaraq, müstəqillik əldə edə bilməyən iki əsas adada - İtaliya sahillərində yerləşən Korsika və Avstraliyanın qərbində və Yeni Zelandiyanın şimalında yerləşən Yeni Kaledoniyada siyasi müstəqillik hərəkatı var.
Afrikadakı və başqa yerlərdəki keçmiş müstəmləkələrdən metropoliyanın təsirindən tam qurtula bilib-bilmədiklərini soruşun, cavab birmənalı olmayacaq.
Bu ölkələr və ərazilər artıq müstəmləkə adlandırılmır, lakin Fransa onları öz təsir dairəsində saxlamağın yollarını tapıb. Qalanını özünüz mühakimə edin.
Keçmiş koloniyalar “müstəmləkə borcunu” ödəməlidir. Söhbət metropoliyanın müstəmləkə dövründə qurduğu infrastrukturun pulunu ödəməkdən gedir. Bu borcun məbləği onu hansı ölkənin ödəməsindən və həmin ölkənin infrastrukturunun nə dərəcədə inkişaf etməsindən asılı olaraq dəyişir.
1961-ci ildən Fransa 14 Afrika ölkəsinin – Benin, Burkina-Faso, Kot d'İvuar, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Qvineya-Bisau, Ekvatorial Qvineya, Çad, Konqo və Qabonun milli ehtiyatlarına sahibdir. Bu Afrika ölkələrinin valyuta ehtiyatlarının 80 faizindən çoxu Fransa xəzinədarlığının nəzarətində olan “əməliyyat hesabları”nda saxlanılır.
Müstəqil Afrika bankları hesab edilən BEAC (Banque des Etats de l'Afrique Centrale) və BEACO (Banque Centrale des Etats de l'Afrique de l'Ouest) reallıqda özünü pul-kredit siyasətini həyata keçirmirlər.
Fransanın hazırda xəzinəsində Afrika ölkələrinin təxminən 500 milyard ABŞ dolları dəyərində olan pulunu saxladığı və hər şeyi edəcəyi təxmin edilir. Üstəlik, Afrika ölkələrinin onlara tam şəkildə çıxışı yoxdur - ildə yalnız 15 faiz. Onlara daha çox vəsait lazım olarsa, Fransa xəzinəsinin girovluğunda olan öz pullarının qalan 85 faizindən kommersiya dərəcələri ilə borc almalıdırlar...
2018-ci ildə Fransanın keçmiş prezidenti Jak Şirak bir videoda demişdi ki, fransızlar banklarındakı külli miqdarda pulun Afrika qitəsindəki keçmiş müstəmləkələrin istismarından əldə olunması faktını qəbul etməlidirlər.
Fransa keçmiş müstəmləkələrinin ərazisində tapılan istənilən təbii ehtiyatları almaq üçün üstünlük hüququna malik olduğunu iddia edir. Afrika ölkələrinə həmçinin sərbəst şəkildə başqa tərəfdaşlar axtarmağa da icazə verilmir.
Fransa Afrika ölkələrini dövlət satınalmalarında və dövlət tenderlərində fransız maraqlarına və şirkətlərinə üstünlük verməyə məcbur edir.
Nəticədə Fransanın bir çox keçmiş koloniyasında bütün əsas iqtisadi aktivlər fransızların əlindədir. Məsələn, Kot d'İvuarda Fransa şirkətləri bütün əsas kommunal xidmətləri idarə və nəzarət edirlər: su, elektrik, telefon, nəqliyyat, limanlar və böyük banklar. Ticarətdə, tikintidə, kənd təsərrüfatında da vəziyyət eynidir.
Fransa hərbi texnikanın tədarükü və afrikalı hərbi zabitlərin təlimi üçün müstəsna hüquqa sahib olduğunu iddia edir.
Müdafiə müqavilələrinin və Müstəmləkə Paktının şərtlərinə əsasən, Fransa Afrika ölkələrinin işlərinə hərbi müdaxilə etmək, həmçinin öz qoşunlarını daimi olaraq hərbi bazalarda yerləşdirmək üçün qanuni hüquqa malik olduğunu iddia edir.
Afrika ölkələrindən fransız dilini ölkənin rəsmi və təhsilin əsas dili etmək tələb olunur.
Siyahını uzatmaq da olar, keçmiş və indiki müstəmləkələrin Fransa boyunduruğundan qurtulmasına mane olan başqa məhdudiyyətlər də var. Amma onlarsız da hər şey çox aydın görünür. Müstəmləkə yerinə dənizyanı departamentlər və regionlar, icmalar və xüsusi statusa malik inzibati-ərazi vahidləri ifadələri işlətməklə vəziyyəti ört-basdır etmək cəhdləri məsələnin mahiyyətini dəyişmir.
Fransa neokolonialist siyasətini davam etdirir və hətta mübarizə və itkilər, qan bahasına müstəqillik əldə etmiş dövlətləri belə “qucağından” buraxmır.
Report
Paylaş: