Xəbər lenti
Bu gün, 19:25

Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ötən həftə verdiyi Rusiya Prezidenti Vladimir Putinin həbsi qərarı ilə bağlı Avropa İttifaqının (Aİ) birgə bəyanatına veto qoyub.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Macarıstanın vetosuna görə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel öz adından açıqlama verməyə məcbur olub. Bəyanatda bildirilib ki, Aİ BCM-nin qərarını “diqqətə alır”.

“Aİ BCM-nin qərarını Rusiya liderinin Ukraynada törətməyi əmr etdikləri, törətdikləri və təşvik etdikləri cinayətlərə və vəhşiliklərə görə məsuliyyətə cəlb olunması prosesinin başlanğıcı kimi görür”, - Borel bildirib.

Eyni zamanda, Aİ-nin xarici işlər nazirləri Macarıstanın imzalamadığı Putinin həbsinə dair orderin verilməsi ilə bağlı öz bəyanatını veriblər.

“Bloomberg” qeyd edib ki, Macarıstanın mövqeyi bu həftə Brüsseldə keçiriləcək Aİ sammitində yenidən problemə çevriləcək.

Agentliyin müxbirləri Aİ liderlərinin “Ukraynalı uşaqların qanunsuz deportasiyası və daşınması ilə bağlı hərbi cinayətə görə Rusiya Prezidenti və Uşaq Hüquqları üzrə Müvəkkilin həbsi üçün bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs orderlərini diqqətə alan” Avropa bəyanatının layihəsi ilə tanış olublar.

Borelin bəyanatı da eyni üslubda olub. Agentliyin mənbələrinə görə, bəzi Avropa dövlətlərinin liderləri daha sərt dildən istifadə etməyə çalışacaqlar.

Qeyd edək ki, Macarıstan Aİ ölkələri arasında ən rusiyameyilli mövqeyi ilə seçilir. Budapeşt Ukraynaya silah və sursat verməkdən də imtina edir.




Ana səhifəyə qayıt        Baxış: 4 048          Tarix: 21-03-2023, 09:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma