
İranın "Iran Hormoz" şirkəti ilə Rusiyanın "Rosatom" dövlət korporasiyasının törəmə şirkəti olan REP arasında 25 milyard dollar dəyərində üçüncü nəsil dörd atom elektrik stansiyası blokunun inşası haqqında icra sazişi imzalanıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Bildirilir ki, imzalanma mərasimi bu gün Moskvada keçirilən Ümumdünya Atom Həftəsi çərçivəsində təşkil olunan "Atom-2025" sərgisində İranın stendində baş tutub.
Sənədi İranın Rusiyadakı səfiri Kazem Cəlalinin iştirakı ilə İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Nasir Mənsur Şəriflu və REP təmsilçisi Dmitri Şiqanov imzalayıblar.
Bu saziş çərşənbə günü Moskvada İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə "Rosatom"un baş direktoru Aleksey Lixaçov arasında imzalanmış memorandumun praktiki reallaşdırılması istiqamətində atılmış addımdır.
Meqalayihə İranın cənub-şərqində, Hörmüzgan əyalətinin Sirik rayonunda (Kuhestak kəndi) 500 hektar ərazidə həyata keçiriləcək.
Paylaş: