Xəbər lenti

Dünya Türkiyədə prezident seçkiləri dövründə gedən prosesləri diqqətlə izləyir. 2023-cü ilin ən mühüm hadisələrindən biri kimi şərh edilən seçkini gündəmdə saxlayan "Euronews" diqqətçəkən analiz dərc edib.

Musavat.com xəbər verir ki, "Euronews" seçkinin taleyini müəyyən edə biləcək seçici qrupunu açıqlayıb.

"Avropadakı türk seçicilər may ayında keçiriləcək prezident seçkilərində hansı rolu oynaya bilər?" sualını qoyan "Euronews" yazır:

“Türkiyə vətəndaşları mayın 14-də yeni prezidenti seçmək üçün səs verəcək. Seçicilərin təxminən 5,3 faizi xaricdə səs vermək üçün qeydiyyatdan keçdiyinə görə hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasında gərgin mübarizənin nəticəsinin müəyyən edilməsində türk mühacirlərin rolu həlledici ola bilər”.

Anketlərin nəticələrində iki namizədin, demək olar ki, bərabər olduğunu yazan "Euronews" sözügedən anketlərdə Avropada, xüsusilə Almaniyada üstünlük təşkil edən türk seçicilərin mümkün niyyətlərinin nəzərə alınmadığına diqqət çəkib.

"Avropadakı türk seçicilər qarşıdan gələn prezident seçkilərində son sözü deyə bilərmi?" sualı qoyulan təhlildə diqqət əvvəlki seçkilərə yönəlib. 2018-ci il seçkilərində xaricdə səs vermək üçün 3,04 milyon Türkiyə vətəndaşının qeydiyyatdan keçdiyini xatırladan "Euronews" bu insanların sadəcə yarısının səs verdiyini açıqlayıb.

“2018-ci il prezident seçkilərində Avropadakı türk seçicilərin böyük əksəriyyəti Ərdoğanı dəstəkləyib” - təhlildə qeyd olunub.

Xəbərdə Edoğanın Almaniyada 64, Fransada 63, Hollandiyada 72, Belçikada 74, Avstriyada isə 71 faiz səs topladığı vurğulanıb. "Euronews" onu da yazıb ki, sorğunun nəticələri seçkinin ikinci tura keçəcəyini göstərir.




Ana səhifəyə qayıt        Baxış: 3 847          Tarix: 22-04-2023, 15:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma