“Ermənistan hakimiyyəti PKK terrorçularını Azərbaycanın işğal olunmuş ərazilərindəki Göyçə gölünün yanında qurduğu Vardenes düşərgəsində yerləşdirib”.
Publika.az xəbər verir ki, bu barədə beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
Onun sözlərinə görə, bununla yanaşı, PKK-nın Dağlıq Qarabağda 12 təlim və sığınma düşərgəsi var: “Ermənistan bölgədəki terror təşkilatlarının sığındığı və təlim keçdikləri əsas ölkədir. İrəvan rejimi PKK/PEJAK terror təşkilatına dəstək verərək, onlardan Türkiyə, Azərbaycan və İrana qarşı istifadə edir. Əsas hədəf “böyük Ermənistan” xəyalıdır. Ötən il “aprel müharibəsi”ndə də Azərbaycana qarşı döyüşmək üçün Suriyadan 400 PKK/PYD/YPG terrorçusu Qarabağa gəlib. Onlardan 150-si suriyalı erməni, 250-si isə Suriya, Türkiyə, İran və İraq kürdləri idi”.
G.Gülbey deyib ki, PKK terrorçuları Türkiyənin Ağrı bölgəsində Tendürek dağ üzərindən keçərək, Göyçə gölünün yanındakı Vardenes düşərgəsinə gəlib: “Terrorçuların keçidinə rəhbərliyi ermənilərə məxsus “Ağrı qartalları” adlı birliyin Livan Qaradağ, Hemaran Kervaçiyan və Sərvət Baqopşin adlı üç terrorçu edib”.
Qeyd edək ki, PKK terrorçularının Dağlıq Qarabağa getdiyini əks etdirən video-görüntülər də yayılıb.
Paylaş: