Çərşənbə axşamı, iyulun 1-nə keçən gecə Rusiya paytaxtı yenidən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Ovqat.com xəbər verir ki, bu barədə Rusiyaya məxsus Telegram kanalları məlumat yayıb.
Sosial şəbəkələrdə Moskva vilayətinin Odintsovo rayonunda güclü partlayış səslərinin eşidildiyinə dair videolar dərc edilib.
Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Moskvaya uçan bir neçə pilotsuz təyyarəni vurub. Onun sözlərinə görə, bir PUA “Moskva Siti” qülləsinə dəyib, 17-ci mərtəbənin fasadını zədələyib.
Rusiyanın Fövqəladə Hallar Xidmətindən TASS-a bildirilib ki, hava hücumundan müdafiə qüvvələri Moskva vilayətində bir pilotsuz uçan aparatı vurub.
Rusiya Müdafiə Nazirliyi gecə yaydığı məlumatda Ukrayna PUA-larının Moskvadakı obyektlərə hücuma cəhd etdiyini bildirib. “Moskva vilayətində iki PUA məhv edilib, daha biri vurularkən onun qalıqları “Moskva Siti” ərazisinə düşüb”, - məlumatda deyilir.
İddialara görə, Vnukovo hava limanı uçuşlara yenidən müvəqqəti olaraq bağlanıb, təyyarələr digər hava limanlarına yönləndirilir.
Xatırladaq ki, iyulun 30-na keçən gecə də moskvalılar partlayış səslərinə oyanmışdılar. Sosial şəbəkələrdə "Moskva City" ofisinin qülləsinə dəyən zərərin foto və videoları yayılmışdı. Sonradan məlum olmuşdu ki, orada Rusiyanın 3 nazirliyi yerləşir: Rəqəmsal İnkişaf, İqtisadi İnkişaf və Sənaye və Ticarət Nazirlikləri.
Astra Telegram kanalı yazır ki, budəfəki dron hücumu IQ-Quarter qülləsinə edilib və Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi həmin binanın 21-ci mərtəbəsində yerləşir.
Videoları Telegram səhifəmizdən izləyə bilərsiniz⤵️
Paylaş: