Xəbər lenti

Qırmızı dənizdə üzən gəmilər tez-tez husilərin hücumuna məruz qalırdı. Bu isə İranın tapşırığı ilə həyata keçirilirdi. Odur ki, gəmilərin təhlükəsizliyini qorumaq və onların rahat hərəkəti üçün Amerika başda olmaqla koalisiya yaradılıb. Bu birlikdə 10-a yaxın ölkə təmsil olunur, AB ölkələrinin də buna qoşulduğu ötən gün elan edildi.

Bu barədə Axar.az-a güneyli jurnalist və siyasi şərhçi Əli Süleymani husilərə qarşı yaradılan Dəniz Birliyi haqqında məlumat verərkən deyib.

Onun sözlərinə görə, bu, 2-ci Dünya müharibəsindən sonra yaranan növbəti dəniz koalisiyasıdır:

“Qırmızı dəniz strateji bir bölgədir. Bu sularda müxtəlif ölkələrin gəmiləri üzür. Onların təhlükəsizliyi təmin olunsun deyə, koalisiya yarandı. Koalisiyanın içində adı açıqlanan əsas ölkələr ABŞ, Britaniya, İtaliya, Norveç, Bəhreyndir. Əvvəlki məlumatlarda qeyd olunurdu ki, koalisiyaya 46 ölkə qoşulacaq. Bəhreyn istisna olmaqla, üzv ölkələrin çoxu Qərb ölkələridir. Bəhreyn şiələrin çox yaşadığı ölkə olsa da, İrana qarşıdır. Elə bu birliyin yaradılmasında məqsəd də İrana təzyiq etməkdir. Hətta deyirlər ki, İrana hücumun müqəddiməsidir”.

Husilərin İranın dəstəklədiyi proksi qruplardan biri olduğunu deyən ekspert bildirib ki, bu qruplaşma İsrail-HƏMAS münaqişəsindən sonra daha çox fəallaşmağa başlayıb:

“İsrail-HƏMAS münaqişəsindən sonra Qərb ölkələrinin bir çoxu İsraili dəstəklədi. Bu isə İranı qorxutdu. Balanslaşdırılmış bir siyasət aparmağa məcbur qaldı. Buna görə, hətta HƏMAS-ın ciddi tənqidi ilə üzləşdi. HƏMAS İranı onları döyüş meydanında tək qoymaqda qınadı. İran açıq şəkildə HƏMAS-a dəstək verə bilməsə də, gizli qrupları vasitəsi ilə hərəkətə keçdi. Bir neçə dəfə Amerika hərbi bazalarına hücum təşkil etdi. Husilərə isə münaqişənin ilk başında raketlər vermişdi və onlar İsrailin bir neçə şəhərini bu raketlərlə vurdu. Lakin həm məsafə uzaq olduğundan, həm də Qırmızı dənizdən raketlərin hərəkət istiqaməti izlənildiyindən, istənilən nəticəni əldə edə bilmədilər. Bu səbəbdən İranın tapşırığı ilə İsrailə gedən gəmilərə hücum etdilər. Sonra məlum oldu ki, hücuma məruz qalan gəmilər heç də İsrailə üzmürdü”.




Ana səhifəyə qayıt        Baxış: 5 093          Tarix: 21-12-2023, 11:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma