Xəbər lenti

  

Dünya İŞİD-lə mübarizəyə yönəldiyi zamanda regionda İranın təsiri artır. Əfqanıstandan İraqa, Suriyadan Livana qədər hiss edilən bu təsirin arxasında isə İran-İraq müharibəsindən bu yana ölkəsinin regiondakı siyasətini müəyyən edən Qasim Süleymani var.

"Mənim adım Qasim Süleymanidir. Bunu bilməlisən ki, İranın İraq, Livan, Qəzza və Əfqanıstan siyasətinə mən nəzarət edirəm".

İraqdakı ABŞ işğal qüvvələrinin komandanı general Devid Petraeus 2008-ci ilin baharında bir toplantı əsnasında İraqın keçmiş prezidenti Cəlal Təlabaninin ona uzatdığı mobil telefonda bu qəribə mesajı oxuyanda artıq təəccüblənmədi. Çünki mesajın sahibini yaxşı tanıyırdı: İbtidai məktəb məzunu, keçmiş bir inşaat işçisi olan və İraqda özlərinə illərdir qan udduran Qüds Briqadasının başçısı Qasim Süleymani.

Mesajın sahibi həqiqətdə mövcud olmayan bir səlahiyyəti özünə istinad etmirdi. Qüds Briqadası 1979-dakı İran İslam İnqilabından sonra inqilabı İran xaricinə yaymaq məqsədilə yaradılan İnqilab Mühafizəçilərinin nəzdindəki ən seçilən birlikdir.

ABŞ-ın Bağdaddakı Səfirliyinin sənədlərinə görə isə Süleymani İranın İraqdakı hər cür siyasətini müəyyən edən və həyata keçirən adamdır. Qasim Süleymani arada heç bir şəxs və ya orqan olmadan, birbaşa İran dövlət təşkilatlanmasının ən zirvəsində yerləşən Ali Lider Xameneiyə tabedir.

 

Şəkil: Qasim Süleymani İran-İraq Müharibəsində “41-ci Sarullah Bölüyü” qarşısında çıxış edir. 


İnşaat işçiliyindən zirvəyə gedən yol

Süleymani 11 mart 1957-ci ildə İranın cənub-şərq vilayəti olan Kirmanın Əfqanıstan sərhədinə yaxın dağlıq bir bölgəsində, tayfa strukturlarının hakim olduğu Rabord kəndində anadan olub.

Daha uşaq yaşda, fermer olan atasının dövlətə olan 9 min rial borcunu ödəmək üçün Kirmanda tikintilərdə işləməyə başlayır. İbtidai məktəbi bitirəndə 13 yaşı olub. Həmin il kəndini tərk edir. İnqilab Qvardiyasına qoşulduqdan sonra aldığı 45 günlük hərbi təhsil nəzərə alınmasa, bütün təhsili bu 5 illik ibtidai məktəb təcrübəsi ilə məhdud qalıb.

On səkkiz yaşında fəhlə olaraq Kirman Su İşlərində işləməyə başlayır. Bir il sonra indiki Ali Lider Xameneinin tələbələrindən biri tərəfindən verilən söhbətlərə qoşulmağa başlayır; Süleymani üçün "inqilabi fəaliyyət" dövrü başlamışdı, İran İslam İnqilabına hələ üç il var idi.

Bu illərdə Kirman vilayətinin Ciroft bölgəsinə sürgünə göndərilmiş olan Xamenei ilə əlaqə qurur. O andan etibarən də Xamaneini bütün mübarizəsində dəstəkləyir.

1979-dakı İran İslam İnqilabının ardınca İnqilab Keşikçiləri adına aparılan işlərə qoşulub. Özü o günlərdən "Hamımız gənc idik və inqilaba bir şəkildə xidmət etmək istəyirdik",- deyə qeyd edir.

 

Şəkil izah: İran-İraq Müharibəsi. Süleymani İnqilab Keşikçiləri komandanı Möhsün Rzai ilə.


Sədaqətin başlanğıcı: Kürd qiyamı

İslam İnqilabının reallaşdığı 1979-da mərkəzi hakimiyyətin zəifləməsindən istifadə etmək istəyən Mahabad kürdləri ayağa qalxdılar. Süleymani və bir çox yaxın dostu üsyanı yatırtmaq üçün bölgəyə göndərildi. Qiyam yatırılarkən o, hələ 22 yaşında idi. Lakin nümayiş etdirdiyi fəaliyyətlə hökumət tərəfindən bəyənilmiş, "inqilaba sədaqət"ini sübut etmişdi.

Mahabaddan qayıtdıqdan sonra Kirmandakı İnqilab Mühafizəçiləri Qüds Qarnizonunun başına gətirildi. Sonra, çox keçməmiş baş verən İran-İraq müharibəsində (1980-1988) bir çox böyük hərbi əməliyyata qoşuldu, cəbhə xəttində döyüşlərdə iştirak etdi.

Süleymaninin İraq müharibəsində qurduğu əlaqələr, bütün karyerası boyu onun ən mühüm dayağı oldu. Çünki müharibənin ardınca İrandakı güclü siyasətçilər, kəşfiyyat içərisindəki təsirli adamlar, mühakimə (məhkəmə) və dövləti idarə edən bütün həssas qurumların rəhbər şəxsləri İran-İraq müharibəsində sədaqətlərini sübut etmiş şəxslərdən təşkil edilməyə başlandı. Ənənə bu gün də davam edir: Hazırda İnqilab Mühafizəçilərinin bütün komandirləri və ordunun 12 generalı İran-İraq müharibəsində cəbhə komandanlığı etmiş şəxslərdir. Bu keçmiş müharibə yoldaşları bir-birilərini daim qoruyur və birlikdə İranın daxili və xarici siyasətinin müəyyənləşməsində fəal rol oynayırlar.

 

Şəkil: İran-İraq Müharibəsi. Süleymani (soldakı) silah dostları ilə dini tədbirdə.


Nizam-intizam testi

Müharibənin bitməsindən sonra Kirmana qayıdan Süleymani əmrindəki 41-ci Sarullah Bölüyü ilə İranın şərq sərhədində böyük bir qarışıqlığa səbəb olan terrorçularla mübarizəyə başladı. Süleymani yüzlərlə silahdaşını əksəriyyəti sünnilərdən ibarət bir bölgə olan Sistan-Bəlucistan bölgəsini narkotik plantasiyalarından təmizləməyə çalışarkən itirdi.

Tehranda yayımlanan və İran kəşfiyyatı ilə də sıx əlaqələri olan "Mashregh" adlı xəbər saytına görə, Kirman, Sistan və Bəlucistanda yaşayanlar Qasim Süleymaninin bölgədə olduğu dövrü bu gün də (İranın) şərq və cənub-şərqinin ən nizam-intizamlı zamanları olaraq görürlər.

Qüds Briqadası komandanlığına təyin olunması

Qüds Briqadasının başına gətirildiyi 1997-ci ildə İran kritik zamanlardan keçirdi. Əfqanıstanda əksəriyyəti ekstrimist-vəhhabi pəştunlardan ibarət "Taliban" terror təşkilatı onsuz da təhlükəsizliyi pambıq ipinə bağlı olan (həssas olan) şərq sərhədlərində İran üçün ciddi bir təhdid olmağa başlamışdı. Tehran rəhbərliyi "Taliban"ın yüksəlişini şərq sərhədlərində Səudiyyə Ərəbistanı və Pakistanın pəncələrinin İrana doğru açılması kimi görürdü.

Daxildə isə dəyişiklik istəyən islahatçı hərəkat Məhəmməd Xatəmi liderliyində hakimiyyətə gəlmişdi. Xatəmi İranda İnqilab Mühafizəçilərinin təsirini qırmağa çalışarkən, Ali Lider Xamenei, əksinə, onları gücləndirməyə səy göstərirdi.

İran-İraq müharibəsinin ən mühüm cəbhə komandirlərindən Qasim Süleymani İran üçün belə kritik bir zamanda ölkənin ən kritik qüvvəsinin başına şəxsən Xamenei tərəfindən təyin olundu. Bunda Əfqanıstanı çox yaxşı tanımasının da rolu var idi. 

O tarixdən etibarən Süleymaniyə dəstəyini heç vaxt əsirgəməyən Ayətullah Xamenei cəmiyyət qarşısında bir neçə dəfə onu "Cəbhədə dəfələrlə şəhid olduğu halda hələ də yaşayan bir inqilab şəhidi" deyə tərifləyib. Ayətullah Xameneinin İran-İraq müharibəsi davam edərkən cəbhə ziyarətində çəkilən nadir fotolarının birində sağ tərəfində Süleymani, sol tərəfində isə İnqilab Mühafizəçiləri Baş Komandanı Möhsün Rzayi oturmuşdu.

 

Şəkil: İndi İranın Ali Lideri olan Əli Xamenei İran-İraq müharibəsində cəphədəykən. Sağında Süleymani, solunda isə dövrün İnqilab Mühafizəçiləri Komandiri Rzai.


 

"Yaxın Şərqi barmağında çevirən adam"

 

Fars dilində fəaliyyət göstərən "Aparat" adlı saytda Süleymaninin çıxışlarının toplandığı kolleksiyanın ən yuxarısında "Khavermiyane roye engoşte in merd miçerkhed" ifadəsi var. Yəni, "Yaxın Şərq bu adamın barmağında fırlanır!"

Yaxın Şərqin bu önəmli adamı rəqiblərinin də tanımaq, profilini xarakterizə etmək üçün sıx səy göstərdiyi biridir. Cavabı axtarılan suallardan biri dinlə əlaqəsinə dairdir... 2007-dən 2009-a qədər ABŞ-ın Bağdaddakı səfiri kimi xidmət göstərən Ryan Kroker Süleymani ilə görüşən iraqlı bəzi rəhbərlərə onun "sadəcə dindar" olub olmadığını soruşduqda bu cavabı almışdı: "Mütəmadi olaraq məscidə gedən biridir".

Süleymanidən sonra Qüds Briqadası

Süleymani 1997-ci ildə başına keçdikdən sonra Qüds Briqadasını addım-addım kəşfiyyat, tədqiqat və xüsusi əməliyyat qüvvəsinə çevirdi. 1979-cu ildə iranlı tələbələrlə hücum edilib içərisi boşaldılan və əməkdaşları düz 444 gün ərzində girov saxlanılan ABŞ-ın Tehrandakı Səfirliyinin binasını hazırda Qüds Briqadası mərkəz kimi istifadə edir.

Qüds Briqadasının tam olaraq neçə nəfərdən ibarət olduğu bilinmir, ancaq üzvlərin bir qismi bilavasitə meydan müharibələrinə iştirak etmək, bir qismi xüsusi əməliyyatlar yerinə yetirmək, bir qismi isə kəşfiyyat təmin etmək üçün Tehran və Şirazda təlim keçir. Buradakı təlim tamamlandıqdan sonra üzvlərin böyük bir qismi dini mərkəz olan Qum şəhərində, həmçinin dini təhsil alır.

Süleymani və Qüds Briqadasının Livandakı gücü

Süleymani Qüds Briqadasının başına keçdikdən sonra "Hizbullah" ilə Livan siyasətində də həlledici rol oynamağa başladı. Livandakı durzilərin lideri Vəlid Cumbulata görə, Livanda əsas qərar verən mərkəz "Hizbullah" yox, birbaşa Əli Xameneyi və Qasim Süleymanidir.

Bəzi faktlar Süleymaninin Livandakı təsirinə dair Cumbulatın etdiyi təsbiti təsdiqləyən xarakterdədir. Məsələn, "Hizbullah"ın qurucularından İmad Muğniyə ilə bağlı sözləri... Muğniyə 2008-də sionistlər tərəfindən bir sui-qəsd nəticəsində Dəməşqdə öldürülüb. Süleymani Muğniyənin yasında ev sahibliyi etdi və onu "şəhid dostum" deyə andı.

Süleymani Qüds Briqadasının başına keçdikdən üç il sonra İsrail 16 ildən bəri işğal altında saxladığı Cənubi Livandan çıxarıldı.

  

Şəkil: Şamda (Dəməşqdə) öldürülən “Hizbullah” komandirlərindən İmad Muğniyənin yasında ev sahibliyi edir. Arxada görünən isə İmad Muğniyənin bu yaxınlarda İsrail tərəfindən şəhid edilən oğlu Cihad Muğniyədir 


 

2006-cı ildəki Hizbullah-İsrail müharibəsində (33 Günlük müharibə) də "Hizbullah"ın əməliyyatlarının müəyyən edildiyi qərargahın kilid adı Süleymani idi. 1 aydan çox davam edən müharibə ərzində İraqda şiə hərbçilərinin ABŞ hədəflərinə qarşı hücumlarını böyük miqdarda azaltmış olması amerikalıları təəccübləndirmişdi.

ABŞ-ın İraqa hücumunda Süleymani

"Newyorker Jurnalı"ndan Dexter Filkins İraqlı bir nümayəndənin ona müharibə qurtaranda Qasim Süleymaninin Bağdaddakı amerikalı komandirlərə bir mesaj göndərdiyini bildirmişdi. Mesajda belə deyilirdi: "Ümid edirəm ki, Bağdaddakı rahatlığın və sakitliyin kefini çıxarmısız. Mən Beyrutda bir az məşğul idim, ona görə!"

ABŞ İraqı 2003-cü ildə işğal edəndə İran İraqda ABŞ-ın hegemon olmaması və İraqın işğalına son qoyması üçün "Mehdi Ordusu", "Hizbullah Briqadası", "Bədir Briqadaları" və "Əsaib Əhləl-Haqq" kimi şiə silahlı qruplarının yaradılmasında böyük rol oynadı və bu qruplara dəstək verdi. Səddam Hüseynin devrilməsindən sonra İranın nəzarətindəki bu təşkilatlar silahlarını işğalçı ABŞ qüvvələrinə qarşı doğrultdular. ABŞ 2004-2006-cı illərdə Vyetnam müharibəsindən sonrakı ən böyük itkisini İraqda verdi. Bu fəaliyyətlərin ən zirvəsindəki ad yenə Qasim Süleymani idi.

 

Şəkil: Süleymani “Bədir Briqadaları” komandiri Hadi Əmiri ilə İraqda cəbhədə.


"Həmsöhbətimiz bir təhlükəsizlik aparatıdır"

Bir müddət İraqdakı bütün birliklərə komandanlıq edən amerikalı komandan Devid Petraeus 2010-cu ildəki bir çıxışında Süleymaninin mövqeyi haqqında bunları deyirdi:

"Hər hansı bir ölkəylə münasibətləri diplomatiyanın ənənəvi partnyoru olan Xarici İşlər Nazirliyi ilə aparmırsınızsa, deməli işiniz çətindir. Bizim İraqda yaşadığımız problem, həmsöhbətimizin ənənəvi bir partnyor olmaması idi. Həmsöhbətimiz bir təhlükəsizlik aparatı idi".

 

İraq hökuməti Dəməşqdə qurulur

AFP-də 19 İyul 2010-cu ildə yayımlanan bir xəbərə görə, şiə lider Müqtəda əs-Sədr və seçkidən birinci partiya olaraq çıxan “İraqiyyə Bloku”nun lideri İyad Əllavi İraqda əhatəli bir hökumətin qurulması üçün Dəməşqdə bir neçə dəfə görüşüb. Xəbərdə fikirlərinə baş vurulan iraqlı şiə bir səlahiyyətli Şamdakı bu görüşlər seriyasında Qasim Süleymaninin də şəxsən iştirak edib və Türkiyə, İran və "Hizbullah"dan gələn mühüm rəsmilərin iştirak etdiyi bir toplantıda Süleymaninin bütün iştirakçıları Nuri əl-Malikinin baş nazir təyin olunması üçün razı saldığından danışdı.

Malikinin aparıcı rol oynayan bütün müşavirləri də həmçinin İranda Süleymani ilə görüşmüş şəxslərdən seçilmişdi. İraqın sabiq prezidenti Təlabani də Süleymani ilə tez-tez görüşən iraqlı liderlərdən idi; Bəzən sərhəddə, bəzən də birbaşa İranda...

Amerikalılar 2010-cu ildə İranın da dəstəklədiyi Nuri əl-Malikini 9 aylıq gərgin müzakirələrdən sonra baş nazir kreslosuna oturmasına razı olduqları vaxt Malikinin onlara "İraqda qalın"deməsinə ümid bəsləyirdilər. Bu bəlkə də baş verərdi, əgər Süleymani məsələdə olmasaydı...

Dexter Filkinsə görə, Süleymani görüşlər ərzində iraqlı nümayəndələrə iki şey təklif etdi: birincisi, İran ilə uzun müddətdir ki, yaxşı əlaqələrə malik olan Cəlal Tələbaninin prezident olması, ikincisi isə Maliki və koalisiya üzvlərinin ABŞ-ın İraqdan tamamilə çəkilməsində israr etmələri. Nəticədə Süleymaninin dediyi oldu.

  

Şəkil: Süleymani sabiq İran prezidenti Mahmud Əhməd Necatla. 


"Suriyanı itirsək, İslam İnqilabını qorumaq çox çətinləşər"

2011-ci ilin mayında Qumdakı ən güclü dini mərkəz hesab olunan “Haqqani Mədrəsəsi”ndə tələbələrə verdiyi seminar bir kəşfiyyatçının fəaliyyətinin genişliyini ortaya qoyacaq xüsusiyyətləri özündə ehtiva edirdi. Süleymani çıxışında Yaxın Şərq və Şimali Afrikadakı ictimai hərəkətlərin "İslam İnqilabına ən böyük imkanları təqdim etdiyi"ni deyir, tələbələrə məsuliyyətlərinin fərqində olmalarını məsləhət görürdü. Bununla, əslində İranın Suriyaya köməyini və xüsusilə də başçılıq etdiyi “Qüds Briqadası”nın "Ərəb Baharı"nı İslam İnqilabının xeyrinə istifadə etmək niyyətini ortaya qoyurdu:

"Bu gün İslam İnqilabının qələbə və ya məğlubiyyəti artıq Mehran və ya Xürrəmşəhrdə müəyyən edilmir. Sərhədlərimiz genişlənib. Misir, İraq, Livan və Suriyada qələbəyə şahidlik etmək məcburiyyətindəyik. Bütün bu hadisələr İslam İnqilabının bəhrələridir".

Süleymani "Hizbullah"ı köməyə çağırır

Suriyaya xarici müdaxilənin başladığı 2011-dən 2013-ün aprel ayına qədər terrorçular üstünlüyü əllərində saxladılar. Ancaq 2013-ün 21 aprel günü Suriya dövləti - hökumət qüvvələri üçün bir dönüş nöqtəsi oldu. O gün hökumət qüvvələri Livan sərhədindəki strateji Küseyr qəsəbəsini mühasirəyə aldı. Küseyr toqquşması eyni zamanda Livan "Hizbullah"ının Suriyada birbaşa iştirak etdiyi ilk genişmiqyaslı əməliyyatdır. "Hizbullah"ın Suriya hökumətinə köməyinin arxasındakı ad isə yenə Qasim Süleymanidir.

Küseyrin alınması üçün Süleymani daha əvvəl də uzun illər Livanda İslam İnqilabı adına birgə əməliyyatlar apardığı Seyid Həsən Nasrullahdan Suriyaya 2 mindən çox əsgər göndərməsini istədi. Hizbullah” Süleymaninin əmri ilə Küseyri mühasirəyə aldı. Mühasirənin daraldılması zamanı "Hizbullah"dan onlarla əsgər şəhid oldu. Qeydlərə görə, ölənlərdən ən azı 8-i Süleymaniyə tabe olaraq çalışan və əməliyyatı koordinasiya edən iranlı rəsmilər idi. Küseyr uzun və gərgin qarşıdurmalardan sonra 5 iyun günü terrorçulardan geri alındı və o tarixdən sonra terrorçular Suriyada geriləməyə davam etdi.

"Həm hər yerdədir, həm də heç yerdə"

Ən təsirli olduğu gərginliklərdə belə Süleymaninin varlığını açıq şəkildə müşahidə etmək çətindir. "The Guardian"a danışan təcrübəli bir amerikalı səlahiyyətli Süleymanidən danışarkən "Qətiyyəti və təsiri hər kəsi dəhşətə salır. O həm hər yerdədir, həm də heç bir yerdə deyil", ifadələrindən istifadə edir.

2004-dən 2009-a qədər İraqın milli təhlükəsizlik müşaviri vəzifəsini icra edən Müvəffəq Ruba "O şərtsiz bir şəkildə İraqdakı ən güclü adamdır. Ondan xəbərsiz İraqda heç bir şey olmaz", - deyir. 

İraqın mühüm sünni liderlərindən biri olan, lakin İrana da uzaq olmayan Saleh Mütləq Süleymanini belə xarakterizə edir: "Süleymaninin gücü birbaşa Xamaneidən gəlir. Hamını, prezident də daxil, hər kəsi "by-pass" edər. İslamda ata-anaya itaət qaydası var. İran daxilindəki və İran xaricindəki bütün şiələr Xameneiyə, dolayısı ilə birbaşa onun adına hərəkət edən Süleymaniyə valideynlərinə itaət etdikləri kimi itaət edərlər. İraqdakı bütün əhəmiyyətli insanlar onu görməyə gedir. İnsanlar onun tərəfindən ovsunlanmış kimidilər. Onu bir mələk kimi görürlər".

  

Şəkil: Süleymani İŞİD-ə qarşı döyüşən İraq Ordusu ilə birlikdə cəbhədə (2014) 


Növbəti dəfə İraqda

 

Süleymaninin komandiri olduğu “Qüds Briqadası”nın yalnız İranda deyil, Yaxın Şərqin hər yerində hər hansı bir tayı-bərabəri yoxdur. Yaxın Şərqdə az qala bütün şiə qrupları öz ətrafında toplamış olan “Qüds Briqadası” və onun başçısı Qasim Süleymani mərkəzi hökumətin sünni və kürd bölgələrində nəzarəti tamamilə itirdiyi İraqda, bu günlərdə yenə İslam İnqilabının maraqlarına uyğun hərəkət edir. Mosulun 10 iyunda İŞİD tərəfindən işğal edilməsindən iki gün sonra bir çox ərəb xəbər saytında Süleymaninin İraqda ən münasib hökuməti seçdirmək üçün Bağdadda danışıqlara oturduğu xəbərləri yayımlanırdı.

8 il ərzində İranın dəstəyini alaraq İraqın Baş Naziri olan Nuri əl-Maliki yeni baş nazir axtarışlarında taleyi ən çox maraqlı olan adam idi. Ancaq Malikinin səhvlərinin fərqində olan İran keçmiş müttəfiqinin qiyam təşəbbüsünün aradan qaldırılmasına köməklik edərək, bir başqa şiə siyasətçi olan Heydər əl-Abadini dəstəklədi və Abadi kürdlərin və sünnilərin də parlamentdə verdiyi səslərlə avqust ayında İraqın yeni baş naziri oldu.

Bütün bu hadisələrin mərkəzində iştirak edən Süleymani bu tarixdən sonra mediada daha çox görünməyə başladı. Qüds Briqadasının başına keçdiyi tarixdən bəri adı və etdikləri diqqətlə mediadan gizlənməyə çalışılan Süleymani artıq İslam İnqilabının İraqdakı simvoluna çevrilib. İran qaynaqlı rəsmi və yarı-rəsmi xəbər kanalları və saytları tez-tez Süleymaninin İraqın fərqli nöqtələrindən, bəzən İraq ordusu, bəzən şiə hərbçilərlə, bəzən isə Peşmərgə ilə cəbhədə çəkilmiş fotoşəkillərinin nümayişinə başladı.

İran-İraq müharibəsində 41-ci Sarullah Bölüyünün başında 20 yaşlarında gənc bir komandir olaraq İslam İnqilabı adına döyüşən Süleymani, 30 illik tarixdən sonra ağarmış saçlarıyla yenidən İraqda, cəbhədədir. "Associated Press"-ə danışan iraqlı bir komandir Bağdad ilə Kərbəla arasında strateji bir nöqtədə olan Curf əl-Sahr qəsəbəsinin 27 oktyabrda İŞİD-dən geri alınmasının arxasındakı "Usta Ağıl"ın Süleymani olduğuna və aylarla planlar cızdığına işarə edirdi. Eyni qaynaq bu əməliyyata "Hizbullah"ın da Süleymaninin əmrində hərəkət etmək üzrə təxminən 7 min döyüşçü göndərdiyini söyləyir.

Müəllif: R. Sərdar Ataş / Al Jazeera  

Tərcümə: Eastnews.org - (10.08.2016)




Ana səhifəyə qayıt        Baxış: 4 722          Tarix: 6-01-2020, 03:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma