Özbəkistanın hüquq-mühafizə orqanları Gülnarə Kərimovanı mütəşəkkil cinayətkar dəstənin tərkibində milyardlarla dollar oğurlamaqda ittiham edir. Pul və əmlaklar o cümlədən Rusiyada da saxlanılır.
Publika.az bildirir ki, Özbəkistan Baş Prokurorluğu sabiq prezident İslam Kərimovun qızı Gülnarəni oğurluqda təqsirli bilərək, onun milyardlarla dollar məbləğində müxtəlif valyuta və xarici mülkiyyətlərinə həbs tələb edir.
Xatırladaq ki, iyulun 28-də, Özbəkistanın Baş Prokurorluğu Gülnarə Kərimovanın həbs edilməsi barədə məlumat verib. Onu cinayət məcəlləsinin 6 maddəsi üzrə ittiham edirlər – dələduzluq, xarici valyutanın gizlədilməsi, gömrük qanunvericiliyinin pozulması, ticarət və ya xidmət qaydalarının pozulması, sənədlərin saxtalaşdırılması və cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılması. İstintaqın iddiasına görə, Gülnarənin daxil olduğu mütəşəkkil cinayətkar qrup 12 xarici ölkənin ərazisində 1 milyard 394.1 milyon dollar, 63.5 milyon avro, 27.1 milyon funt-sterlinq və 18.5 milyon frank məbləğində vəsaiti saxta yolla leqallaşdırmağa çalışıb.
Bu 12 ölkəyə eyni zamanda Rusiya da daxildir.
Xüsusilə, Rusiya ərazisində cinayətkar qrupun iştirakçılarının 6 milyon dollar saxladığı qeyd olunur. Üstəlik, "Kamelot" yaşayış kompleksində penthaus-mənzil, Rublyovkada malikanə, Moskvada 8 mənzil, həmçinin Yaltada ümumi qiyməti 2 milyon dollar olan otel kompleksi, yaşayış evi və torpaq sahəsi də Gülnarə Kərimovaya məxsus olan əmlaklar sırasındadır.
Məlumdur ki, 2014-ci ildə Özbəkistan Cinayət Məcəlləsinin 5 maddəsi - 165, 167, 179, 184, 227 üzrə Kərimovaya qarşı iddia qaldırılmışdı. O, beş il azadlıqdan məhrum edilmişdi. Yerli KİV-in məlumatına görə, ölkə prezidentinin qızı ev dustağı olaraq cəza çəkirdi.
Paylaş: