Xəbər lenti

Qərbdə "Çin şoku" deyilən hadisə tezliklə təkrarlanacaq. Blə ki, Çində istehsal olunan ucuz malların axını Qərb ölkələrinin öz iqtisadiyyatları üçün təhlükə yaradır.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Qeyd olunub ki, ilk şok 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində, Qərb bazarlarının Çindən idxal olunan mallarla dolduğu vaxt baş verib. Sonra bu, Çinə inflyasiyanın qarşısını almağa kömək etdi, lakin ucuz mallarla rəqabətə tab gətirə bilməyən bir çox Avropa müəssisələrinin bağlanmasına səbəb oldu.

Belə ki, təkcə ABŞ-da 1999-2011-ci illərdə 2 milyondan çox insan, əsasən mebel, oyuncaq və geyim sənayesində işini itirib.

Nəşrin məlumatına görə, Pekin öz iqtisadiyyatının artımını sürətləndirmək üçün dünya bazarlarına çıxarılan məhsulların həcmini iki dəfə artırmaq qərarına gəlib. Beləliklə, Çin müəssisələri artıq dövlətin daxili tələbatından daha çox miqdarda avtomobil, məişət texnikası və elektronikası istehsal etməyə başlayıb. Artıq mallar xaricə göndərilir.

Bu qərarın səbəbi Çinin iqtisadi artımının yavaşlamasıdır. Belə ki, 2023-cü ildə 5,2% olan iqtisadi artım 2030-cu ilə qədər 2%-ə qədər azalacaq. Tənəzzüllə mübarizə aparmaq üçün Çin hökuməti yüksək texnologiyalı istehsala sərmayə qoyaraq “iqtisadi inqilab” həyata keçirməyə çalışır.

Qərb əsrin əvvəllərində yaranmış vəziyyətin təkrarlanmasından ehtiyat edərək, əks tədbirlər görməyə başlayıb. Xüsusilə, hakimiyyət strateji sənayeləri dəstəkləmək üçün milyardlarla dollar ayırır, həmçinin Çin mallarının idxalına tariflər tətbiq etməyi düşünür.




Ana səhifəyə qayıt        Baxış: 3 215          Tarix: 3-03-2024, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma