Xəbər lenti

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) bərpa etməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Pezeşkian hökumətinin formalaşdırılması üzrə məsləhət komitəsinin rəhbəri Məhəmməd Cavad Zərif "X" sosial şəbəkəsində bildirib.

“Bizim yeni hökumətimiz yeni seçilmiş prezident Pezeşkianın rəhbərliyi altında diplomatiyanın bu unikal nailiyyətinə qarşılıqlı riayət olunmasını təmin etmək üçün xoş niyyət addımı olaraq BHFP və İran qanunlarına uyğun şəkildə dialoq aparmağa hazırdır”, - o yazıb.

Zərif, həmçinin İran parlamentinin 2020-ci ilin dekabrında qəbul etdiyi “Sanksiyaların ləğvi və İran xalqının mənafeyinin müdafiəsi üçün strateji fəaliyyətlər haqqında” qanuna əməl olunmasının vacibliyini vurğulayıb. Bu sənəd ABŞ-nin 2018-ci ildə BHFP-dən birtərəfli qaydada çıxmasına cavab idi. Bundan sonra ABŞ-nin ovaxtkı Prezidenti Donald Tramp İrana qarşı sanksiyaları, o cümlədən neft ixracına embarqonu bərpa etmişdi.

Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi “beşliyi” və Almaniya ilə İran arasında sonuncuların nüvə hazırlaması ilə bağlı böhranı həll etmək məqsədilə imzalanıb. 2018-ci ildə ABŞ-nin ozamankı prezidenti Donald Tramp sazişdən çıxmaq qərarına gəlib. 2021-ci ildən BHFP-nin ilkin formasına qayıtmaq üzrə danışıqlar aparılsa da, bir neçə raunddan sonra 2022-ci ilin noyabrında dialoq nəticəsiz başa çatıb.

İran hakimiyyətinin fikrincə, Qərb Tehranın nüvə proqramının inkişafı üzərində mövcud nəzarət sistemlərini bərpa etməsi üçün BHFP-nin şərtlərinə tam şəkildə əməl etməlidir.




Ana səhifəyə qayıt        Baxış: 2 574          Tarix: 22-07-2024, 21:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma