Xəbər lenti

 

Rusiyaya müəyyən təzyiqlər olmasına baxmayaraq, Moskva maraqlarını sonadək müdafiə etməyə hazırdır.

Bu barədə Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə danışıb. Ekspertin sözlərinə görə, əslində Rusiya prezidentinin Abxaziya səfəri Qərbə dəstək verən dairələrə bir mesaj idi:

“Putinin Abxaziyaya səfəri bir növ Poroşenkonun Gürcüstana səfərinə cavab idi. Çünki sözügedən səfər əsnasında Tiflis və Kiyev arasında Moskvanın separatçı regionlarda fəaliyyətinin neytrallaşdırılmasına dair birgə addımların atılması ilə bağlı razılıq əldə olundu. Putin məhz bundan sonra qondarma Abxaziyaya səfər etməyi qərara aldı. Bu səfər o anlama gəlir ki, Rusiya tutduğu mövqedən çəkinməyəcək və digər oyunçuların səylərinə özünəməxsus cavab verəcək. Moskva göstərmək istədi ki, regionda gedən proseslərə nəzarət edir. Yəni regionda vəziyyət dəyişsə də və yeni proseslər başlasa da, Kremlin formalaşmış siyasəti, o cümlədən Cənubi Qafqaz siyasəti dəyişilməz olaraq qalacaq”.

Politoloqu fikrincə, Rusiyaın öz mövqelərini daha da gücləndirmək niyyətindədir:

“Putinin Abxaziya səfəri ilə verdiyi mesaj təxminən belədir: Rusiyaya müəyyən təzyiqlər olmasına baxmayaraq Moskva maraqlarını sonadək müdafiə etməyə hazırdır. Putinin bu mesajı daha çox Ukrayna, Gürcüstan və Qərbə ünvanlanmışdı. Eyni zamanda, Moskva dolayısıyla İrəvana da xəbərdarlıq etdi. Xəbərdarlıq isə bundan ibarətdir: əgər Ermənistan müstəqil hərəkət edə biləcəyini düşünürsə və Qərbyönlü siyasət aparmağa cəhd edərsə, dərhal cavabını alacaq”.

Qeyd edək ki, Rusiya Prezidneti Vladimir Putin avqustun 8-də qondarma Abxaziyaya səfər edib.

Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir. 2008-ci il müharibəsindən sonra Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Putin sonuncu dəfə Abxaziyada 2013-cü ildə olub.




Ana səhifəyə qayıt        Baxış: 634          Tarix: 10-08-2017, 08:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma