İsrailin Müdafiə naziri İsrael Katz ilk dəfə HƏMAS lideri İsmayıl Haniyyənin aradan qaldırılmasının İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, o, bu barədə The Times of Israel qəzetinə açıqlama verib.
Nazir açıqlamasında İsrailin müxtəlif terror təşkilatlarına qarşı mübarizədə əldə etdiyi nailiyyətləri vurğulayıb:
• HƏMAS və Hizbullahın zərərsizləşdirilməsi;
• İranın müdafiə sistemlərinin və raket istehsalı müəssisələrinin məhv edilməsi;
• Suriya rejiminin zəiflədilməsi və “Şər oxuna” ağır zərbələr vurulması.
Nazir, hazırda Yəməndə fəaliyyət göstərən Husi təşkilatına qarşı da ciddi tədbirlər görüləcəyini bəyan edib. Onun sözlərinə görə, Husilərin strateji infrastrukturu və liderləri hədəf alınacaq: “Kim İsrailə qarşı əl qaldırarsa, həmin əl kəsiləcək. İsrail Müdafiə Qüvvələrinin uzun əli ona zərbə endirəcək və haqq-hesab çəkəcək”.
Müdafiə naziri, HƏMAS-ın əsas liderlərindən İsmayıl Haniyyə və Yəhya Sinvarın, həmçinin Hizbullah lideri Həsən Nəsrullahın İsrail tərəfindən hədəf alındığını və bu əməliyyatların uğurla həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, eyni strategiya Yəməndəki Husi liderlərinə qarşı da tətbiq ediləcək.
İsrael Katz, İsrailin yalnız Qəzzada deyil, Livan, İran, Suriya və Yəməndə də öz maraqlarını qorumağa davam edəcəyini bildirib. “Husi liderləri də digər terror təşkilatlarının liderləri ilə eyni aqibəti yaşayacaq”, – deyə o, qeyd edib.
Paylaş: