"The Times" qəzeti yazır ki, İsrailin baş prokuroru baş nazir Binyamin Netnyahunun xanımına dövlət vəsaitindən sui-istifadə ittihamı ilə cinayət işi başlamağa hazırlaşır.
Milli.Az BBC-yə istinadən bildirir ki, İsrailin birinci ledisi bu il ərzində 4 epizod üzrə dəfələrlə dindirməyə çağırılıb.
O dövlət vəsaitindən atasının müalicəsi və başqa məqsədlər üçün istifadə etməkdə şübhəli bilinir.
İddia olunur ki, baş nazirin arvadı yüz minlərlə şekel dövlət pulunu mənimsəyib.
Xanım Netanyahu ittihamları rədd edir, lakin polis ona qarşı cinayət işi açılmasını istəyir və baş prokurorluq bunu etməyə hazırlaşır. Hərçənd Ədliyyə Nazirliyi bu barədə son qərarın hələ qəbul edilmədiyini bildirib.
"The Times" yazır ki, bu, Sara Netanyahunun qanunla çəp gəldiyi ilk hadisə deyil. Onun ərinin administrasiyasında böyük səhnəarxası rol oynadığı söylənir.
Ötən il Sara Netanyahu ona qarşı iki məhkəmə işində uduzub. Məhkəməyə baş nazirin rəsmi rezidensiyasında işləyən iki qulluqçu müraciət etmişdi. Qulluqçular xanım Netanyahunun onları təhqir etməsindən və sərxoş davranışından şikayətçi idilər.
Əslən Mərakeşdən olan qulluqçulardan biri iddia edib ki, xanım Netanyahu onu bilərəkdən çox yemək hazırlamaqda ittiham edib. Guya qulluqçu baş nazir arvadının kökəlib eybəcər olmasına çalışırmış.
"Biz mədəni avropalılarıq. Biz siz mərakeşlilər qədər çox yemirik" - deyirmiş Sara Netanyahu. Məhkəmə hər iki qulluqçunun iddiasını qəbul edib və onlara on minlərlə dollar təzminat verilib.
"The Times" yazır ki, İsrailin birinci ailəsi bütövlükdə qalmaqal içindədir. Cənab Netanyahunun özünə dair rüşvət və dələduzluq ittihamları ilə təhqiqat aparılır.
Baş nazir biznesmenlərdən bahalı hədiyyələr almaqda və bir naşirə onun haqqında tənqidin yumşaldılması üçün rüşvət verməkdə ittiham edilir.
Paylaş: