Xəbər lenti
Dünən, 19:25

İlya Plexanov

inosmi.ru, 14.09.2017


İraqda Kürdüstanın müstəqillik referendumunun keçirilməsinə iki həftədən az qalıb. Bülletenlər nəşr olunub və hər şey 25 sentyabrın çox mühüm hadisəsinə hazırdır. Sual bu cür səslənəcək: “İraq Kürdüstanı və İraq Kürdüstanından kənardakı kürd ərazilərinin müstəqil dövlət olmasını istəyirsinizmi?”

2005-ci ilin yanvarında İraq Kürdüstanı əhalisinin 98%-i müstəqilllik haqda qeyri-rəsmi referendumun gedişində müstəqilliyə fikrini bildirib. Səsvermənin nəticələri bu dəfə də heç bir şübhə doğurmur.

 

Daxili fikir ayrılıqları

 

Düzdürü, hələlik kürdlərin arasında hər şey rəvan getmir. “Qorran” partiyası və “Kürdüstan islam qrupu” referendumun vaxtının dəyişdirilməsi uğrunda çıxış edir və istərdilər ki, başlanğıc üçün parlamentin hələ 2015-ci ildə dayandırılmış işi təzələnsin. Onlar hesab edirlər ki, müstəqillik haqda referndum kimi bu cür talayeklü məsələlərdə yalnız parlament təşəbbüs göstərə bilər. Məsud Bərzaninin Kürdüstan prezidenti postunda olmasının legitimliyi haqda da suallar var, çünki əvvəlki parlamentin ona verdiyi səalhiyyət müddəti artıq bir neçə il öncə bitrib. “Kürdüstan Demokartik Partiyası” və “Kürdüstan Vətənsevərlər Birliyi” səbatlıdır və referndumun tarixini dəyişdirməyə hazırlaşmır, ancaq parlamentin işə başlaması məsələsi üzrə  opponentlərlə danışıqlar da aparır. Nəticədə referendum üzrə Ali Şura bu günlərdə bildirib ki, parlament sentyabrın 14-də işə başlayacaq, lakin açılışı hələlik təxirə salıblar.

İraq Kürdüstanından kənardakı kürd ərazilərində də referenduma hamı  sevinmir. Məsələn, avqustun 29-da Kərkükdə Şura tədbirə qatılmaq  qərarına gəlib, lakin bir əmma var: səsvermədə şuranın 41 üzvündən cəmi 24-ü iştirak edib. Ərəb və türkmanların təmsilçiləri səsverməni boykot edib və nəticəni tanımayıblar. Bu, irəlidəki qarşıdurmanın pis əlamətidir. Türkiyə də Kərkükdəki səsverməni pisləyib.

 

Niyə indi?

 

Kürdüstan hökuməti təmsilçiləri bir neçə il qabaq mənimlə şəxsi söhbətlərdə danışırdılar ki, üç şərt biçimlənəndə referendum keçirməyə gedəcəklər: güclü silahlı qüvvələr yaradılacaq, iqtisadi baza qurulacaq və Qərb ölkələri müstəqilliyi dəstəkləyəcək.

Birinci bəndlə bağlı hər şey pis getmir. İŞİD-ə qarşı hərbi əməliyyatlar Peşmərgə qüvvələrini bacarıqlı, Mosul uğrunda döyüşlərdə didilmiş İraq ordusu və Türkiyə hərbçilərinin hesablaşmalı olacağı hərbi qüvvə edib. Qərb təlimatçı və müşavirləri kürdlərə təlim keçir, hərbi-maddi təminat planında Qərb ölkələrindən kiçik olsa da, heç olmasa, hansısa dəstək gəlir.

İkinci bəndlə bağlı durum qeyri-müəyyəndir. Bütün səylərə baxmayaraq, xüsusən də neft qiymətlərinin azalması və İŞİD-in gəlişindən sonra Ərbil hələ də öz iqtisadi möcüzəsini yaratmağa nail olmayıb, ancaq iqtisadi planda İraqın qalan ərazisindənsə burada hər şey daha yaxşı görünür. Kürdlərə gəlirin, təxminən, 80-85%-i neft satışı gətirir. Kürdlər Bağdada neft tədarükünə görə İraq büdcəsindən 17%-i almağı tərgidiblər, buna görə də maliyyəcə İraqla artıq az bağlıdırlar. Kürdlər müstəqillik əldə edərkən beynəlxalq fondlardan maliyyə axınları və özəl yatırımlara ümidvardırlar.

Başlıcası – kürdlər İŞİD-lə mübarizənin gedişində əlavə neft yataqlarını nəzarətə götürməyə müvəffəq olub və bu gün Kərkük əyalətində möhkəmlənmək məhz buna görə belə vacibdir. Neftə nəzarət Kürdüstan üçün iqtisadi artımın təməlidir. Yalnız nəzərə almağına dəyər ki, nefti hələ kiməsə satmaq lazım gələcək. Tədarüklər hələlik yekunda kürdlər üçün mühüm gəlir kanalını bağlaya biləcək Türkiyəyə gedir.

Üçüncü bəndlə bağlı isə hər şey pisdir. Referendumun keçirilməsini nə ABŞ, nə də Qərbin qalan ölkələri bəyənir və buna onsuz da od tutub yanan bölgədə sabitsizləşdirici amil kimi yanaşır. Yalnız İran və Suriyanın zəifləməsi üzrə öz maraqlarını güdən, onların daxildəki öz kürdlərinin problemləri ilə məşğul olmasına üstünlük verən İsrail dəstək verə bilər.

Belə çıxır ki, referendum keçirilməsində üç amildən yalnız biryarımı kürdlərin əlinə oynayır. O da zorla. Kürdlər riskə gedirlər. Necə deyərlər, dişləməklə istədiklərini çeynəyə biləcəklərmi?

Amma kürdləri referenduma itələyən daha bir amil var – Türkiyədəki durum və Ərdoğanın siyasəti. Türkiyə kürdlərə münasibətdə getdikcə lap sərt mövqe tutur, Türkiyə silahlı qüvvələri həm kürdlərə qarşı əməliyyatlar keçirir, həm də sadəcə, İraq və Suriyada iştirakını möhkəmləndirir və daim hədə gəlir ki, heç bir müstəqil Kürdüstana imkan verməyəcək.

Türkiyə radikal addımlar atana qədər bu durum kürdlər üçün bağlanan imkanlar pəncərəsi ola bilər. Xüsusən də Ərdoğanın dönəmində Türkiyənin Avropa və ABŞ-la münasibətlərinin pis dövrlərdən keçdiyi və Türkiyənin Qərb ölkələri qarşısında hansısa öhdəlikləri olmadığını hesab etdiyinə və əl-qolu bağlı olduğuna görə.

 

Müstəqilliyin elanı nəyə səbəb olacaq?

 

Bir nömrəli təhlükə referendumdan sonra “mübahisəli ərazilər”də, Kərkükdə zorakılığın alovlanmasıdır. Sünni ərəblər, İranyönlü şiə qruplaşmaları, türkmanlar səsvermənin nəticələrini qəbul etməyəcək və silaha əl atacaqlar. İraq Kürdüstanı prezidenti Məsud Bərzani öz növbəsində bildirib ki, kürdlər Kərkükü müdafiə etməyə hazırdırlar. İraq ordusu, Türkiyə və İran hərbi münaqişə halında, demək olar, avtomatik ora dartınacaq. Ankara da, Tehran da hesab edir ki, İraqda müstəqil Kürdüstanın rəsmən meydana çıxması Türkiyə və İran kürdləri arasında separatçı əhvali-ruhiyyənin avtomatik şəkildə artımına səbəb olacaq. Bu, mübahisəli tezisdir, amma bu ölkələrdə mövcudluq kimi qəbul edilir. Amma, şübhəsiz, Türkiyə qüvvələrinin münaqişəyə müdaxiləsi Türkiyə daxilində kürdlərin mübarizəsinin fəallaşmasına təsir edəcək. Rəsmi Bağdad kimi Türkiyə və İran da Ərbillə ticari-maliyyə əməliyyatlarını dayandıra bilər. Bu, Kürdüstanı bir anda ağır iqtisadi duruma salar, amma Məsud Bərzani əmindir ki, məsələ iqtisadi mühasirəyə gedib çıxmaz, çünki hamı Ərbillə ticari münasibətlərin davamında və neft tədarükündə maraqlıdır. Onun fikrincə, bu, qalan bütün amillərdən güclü çıxacaq.

Kürdüstan Səudiyyə Ərəbistanının simasında yeni müttəfiqlər tapmağa, İsrail, Almaniya və Rusiya ilə münasibətləri genişləndirməyə, bölgədə İran və Türkiyənin qarşılıqlı mübarizəsində oynamağa cəhd edə bilər və Türkiyə tərəfdən təcavüz və yaxud blokada halında İrana sarı yönələ bilər.

“Rosneft” və İraq Kürdüstanı hökuməti fevralda karbohidrogenlərin kəşfiyyat, hasilat, infrastrukturu, logistika və treydinqi (yaxşı qazanc fəaliyyəti-tərc.) sahəsində saziş imzalayıb, neft tədarükünə müqavilə bağlanıb. Rusiya şirkəti nəzəriyyədə Türkiyədə kürd borusunu idarə edəcək və türklərin bu tədarükləri pozması Rusiya neft nəhənginin maraqlarına zərbə vuracaq.

Əndişə var ki, Kürdüstanın müstəqilliyi İraqın şiə və sünni hissələrinə parçalanması üçün psixoloji katalizator olacaq və Yaxın Şərqdə bütün separatçılara yeni, ruhlandırıcı siqnal verəcək ki, müstəqillik uğrunda mübarizə müvəffəqiyyətə şərait yarada bilər.

Cüzi şans var ki, münaqişəyə Türkiyənin hərbi müdaxiləsi halında kürd köçkünlər Avropa ölkələrində Türkiyə vətəndaşları, şirkətləri və rəsmi təmsilçiliklərinə qarşı hüquqazidd fəaliyyət sərgiləyəcəklər.

Amma bunların hamısı ifrat variantlardır. Referendumun keçiriləcəyi və nəticəsinin kürdlərdən başqa heç kimin tanımayacağı durum daha realdır. Bu gün ABŞ, Fransa, Ərəb dövlətləri liqası, BMT təmsilçiləri sentyabr referendumundan imtina etməyə çağırır və Bərzanini bu addıma getməməyə inandırmağa cəhd etməklə diplomatik fəaliyyəti genişləndiriblər.

Referendum keçiriləcəyi halda, çox ehtimal ki, nəticələri heç kim tanımayacaq, kəskin hərəkətlər etməmək çağırışı ilə Bağdad və Ərbilə müraciət edəcəklər. Dünya ictimaiyyəti bildirəcək ki, “kürdlər eşidilib, amma hazırda tələsmək vaxtı deyil və gerçək müstəqilliyə tədrici addımları müzakirə etmək lazımdır”.

Və bir sıra səs-küylü bəyanatlardan və kürdlərin eyforiyasından sonra status-kvo saxlanacaq və uzun-uzadı danışıqların yeni burumu başlanacaq.  

Tərcümə Strateq.az-ındır.




Ana səhifəyə qayıt        Baxış: 513          Tarix: 15-09-2017, 17:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma