Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi tarixi irsimizin tədqiqi, təbliği və mühafizəsini həyata keçirmək məqsədilə cari ildə də maddi mədəniyyət nümunələrinin qəbulunu davam etdirib.
Akademiyadan xezerxeber.az-a bildiriblər ki, muzeyə qəbul edilmiş maddi mədəniyyət nümunələri arasında 104 ədəd arxeoloji, 1 ədəd təsadüfi tapıntı var. Həmin nümunələr bu il Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığındakı nekropolda tapılıb.
Tapıntılar məişət avadanlığından - mətbəx və süfrə qablarından, metal bəzək nümunələrindən, müxtəlif tərkibli muncuq düzümlərindən, eləcə də hərb işində istifadə olunmuş dəmir qılınc və xəncər tiyələrindən ibarətdir.
Aşkar olunan maddi mədəniyyət nümunələrinin antik dövrə aid olması ehtimal edilir. Arxeoloji tapıntılar Şirvan bölgəsinin maddi mədəniyyətinə aid olub, təmsil etdikləri dövrdə dulusçuluq, bədii metalişləmə sənətinin inkişaf səviyyəsi, eləcə də hərb sənəti haqqında dolğun təsəvvür yaradır.
Paylaş: