Xəbər lenti

 Balıqçı torudu qolların

..Balıqçı tilovudu qolların,
aldanıb düşəcək tora ürəyim.
sınacaq yeddi yerindən 
ədalarım..
Çoxdan üstünə qar qoymuş şum yeridi
kədərim..və
hər dəfə qəbz istəyir məndən saflığım..
mənsə hələ də inanıram ki,dünyanı yeddi günə yaradıb
Allah!...

..Cadar-cadar taleyimə
sığal çəkir payız yağışları..
gözlərimin dalında gizləyirəm 
əllərimin qabarını..
Dərddaşında oturub ağlamağa nə var ki!
çətini batana qədərdi ,sonra tapacaq səni 
qan iyini alan köpəkbalıqları..
mənsə hələ də sahildə oturub xırda balıqlara
qırmaq atıram....

      Yalan

Yalan çeynəyirik,yalan uduruq,
Adımız Tanrının yadından çıxır.
Bir yara sağalıb unudulmamış,
Bir yara qoltuğun altından çıxır!..

Açılıb tökülür yerə dərdimiz,
Birinin əlindən tutanımız yox!
Yerə qarğış yağır,buğ qalxır Göyə,
Bir aha alışıb yananımız yox...

Silinir yaddaşdan xatirə, filan
İndi ürək də boş sevgi kisəsi..
Elə hey vurnuxur yanıq ruhumuz,
Hardasan,de,a Yer,a Göy yiyəsi..

Axırdı,yoxsa ilk..bilə bilmirəm,
Aç burax ağrını yelə ver ,Adam
Səndən nə düzəltdi dünya bildinmi,
Bir az xəmir Adam,bir az gor Adam.

Baxarsan,baxışın yollarda gedər,
Gözün mürgü döyər,gəlməz gələnin..
Görəcək kim gəlib nəbzini tutsa,
Yalan doğulanıq,yalan ölənik.

Bütün sevənlərə.

Sən ki,dünənki uşaqsan,
Hardan çıxdı bu yaş da.
Nə onda bir insaf yoxdu,
Rəhm yoxdu bu daşda...

Soyuqdu əlin buz kimi,
Ürəyimi üşüdür.
Yalayır məni duz kimi,
Eşq bir Tanrı işidir..

Yenə nazik geyinmisən,
Hava yaman ayazdı.
Güzgüdən üzümə baxan,
Allah yenə o qızdı?..

Saçları yenə pərişan,
Fikri,huşu dağınıq.
Yenə ildırım çaxacaq,
Yenə tutulacaq Ay..

Yenə bir çətir altında,
Dolanacaq bu dünya.
Heyif,gerçək olmur,gülüm,
Gördüyümüz hər röya..

Sən ki,dünənki uşaqsan,
Hardan çıxdı bu yaş da!..
Kim deyir ki,sevmək olmur.
Sevgi olmur bu yaşda..

Uzağa üzən gəmilər

Uzağa üzən gəmilər,
Çağırsam gəlməz.
Bu dünyanın tikanı da
Üzümə gülməz..

İndi yaman acizləşib,
Sevən adamlar.
Gizli intihar toxuyur,
Aşkar dualar.

Üstümə atıb gedir,
Qız uşağını.
Küsdürüb yola salırlar
Haqq aşığını...

Sınıb tökülür yerə,
Musiqi dərsi.
Hər gün boğulur içim
və..
sevmək həvəsi..

Dəmir ledi qoyurlar,
Qadın yerinə.
Burax əllərimi yazım
Ağ tellərinə.

Oxşayır,bizə oxşayır,
Dünya bir dəli!
At cibinə,düşüb itsin,
Eşq bir kəlməlik!

 Tale sərt...     

..Uzaqdan gözəl göründü,
Yaxından kifirmiş bu qız.
Baharda müjdə almadı,
Ağaclar sonsuzdu barsız.

Gözlərdə yaşları gördüm,
Yollarda daşları gördüm,
Donuq baxışları gördüm,
Gəlişimi saydım yersiz.

İçimi dolduran həvəs,
Od olub yandıran nəfəs,
Qapı dalındakı o səs,
Ölür Tanrıdan xəbərsiz.

Sözüm yerinə düşmədi,
Sözüm heç nə dəyişmədi..
Əlim yara yetişmədi,
İllər ötüb keçdi dadsız.

Yolu yoxuşa gedirəm,
Yolu yağışda itirrəm...
Uzaqda işıq görürəm,
Tale sərt...ömür vəfasız




Ana səhifəyə qayıt        Baxış: 1 421          Tarix: 15-11-2017, 08:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma