Xəbər lenti

 

Ovqat.com Azərbaycan İnformasiya Mərkəzi və www.azim.az internet portalına istinadən tanınmış atroloq Səbuhi Rəhimlinin 2018-ci il üçün proqnozlarını və müxtəlif hadisələrə baxışlarının əks olunduğu məqalələrini təqdim edir.

Bu Zodiak ilində milli kinomuzun ən gözəl inciləri lentə alınıb


Tarixdən bildiyiniz kimi kino yaranandan cəmi iki il sonra, 1898-ci ildən Azərbaycanda da filmlər çəkilməyə, nümayiş olunmağa başlayıb. O dövrdə nə ABŞ-da, nə Rusiyada, nə də İstanbul kimi böyük şəhərlərdə kino haqqında böyük əksəriyyətin heç təsəvvürü yox idi. Halbuki 1898-ci ildə Bakıda 7 qısametrajlı sənədli film çəkilmiş və tamaşıçılara nümayiş etdirilmişdi. “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları”, “Bazar küçəsi sübh çağı”, “Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi”, “Qafqaz rəqsi”, "Qafqaz və Merkuri" Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi”, “Şəhər bağında xalq gəzintisi” sənədli və “İlişdin” adlı qısametrajlı bədii filmi ilk kino incilərimiz kimi tarixə düşdü. İt ilində start götürən kino sənətimiz nədənsə növbəti iki İt ilində (1910 və 1922) film yaratmadı. Həmin illərin nə arxivində, nə də statistikasında hər hansı sənədli və ya bədii filmə rast gəlmədik. 1934-cü ildə qarşımıza üç maraqlı film çıxır. “Dostlar”, “İsmət” və “İki yoldaş” adlanan hər üç qısametrajlı bədii film dövrünün populyar filmlərindən idi. Hətta “İsmət” keşmiş SSRİ-nin ən məşhur kinoteatrlarında da nümayiş etdirilmişdi. 1946-cı ildə də bədii kino lövhəmizi boş görürük. Bu da ola bilər ki, müharibəsonrası dövrə təsadüf etdiyi üçün vəsait qıtlığından irəli gəlirdi. Bildiyimiz qədər həmin il yalnız Moskva kinematoqrafçıları fəaliyyətdə olublar və ancaq qələbə xarakterli filmlər çəkiblər. Bizdə isə yalnız nefti və sovet sistemini təbliğ edən bir neçə sənədli film ekranlaşdırılıb. Növbəti İt ilində çox maraqlı və bu günə qədər sevə-sevə baxdığımız sənət əsərləri ortaya çıxdı. Onlardan “Uzaq sahillərdə”, “Ögey ana”, “Kölgələr sürünür” və “Onun böyük ürəyi” kimi ekran əsərləri kino tariximizin qızıl fonduna daxil oldu. Həmin il daha iki qısametrajlı bədii filmimiz çəkildi: “Kazbek" qutusu” və “Yeni il gecəsində”. 1970-ci il Azərbaycan kinosunun ən inkişaf etmiş dövrü oldu. İl ərzində təkcə 33 sənədli film çəkildi. Onların böyük əksəriyyəti sosialist prinsiplərinə söykənsə də (Azərbaycanda sovet hakimiyyətinin 50 illiyi olduğu üçün – S.R.), onların arasında “Abşeron ritmləri”, “Azərbaycan, Azərbaycan”, “Azərbaycan incəsənəti”, “Azərbaycanın faunası”, “Azərbaycanın florası”, “Bakı haqqında 10 dəqiqə”, “Polşada Azərbaycan günləri”, “Cücələrim”, “Çörək”, “General Aslanov”, “Güləş”, “Beyləqan əcdadlarımızın torpağıdır”, “Oxuyur Şövkət Ələkbərova”, “Nəsrimizin ağsaqqalı” kimi milli, tarixi sənədli filmlərimiz də oldu. Bəhs etdiyimiz ildə 4 qısametrajlı bədii film çəkildi: “Əks-səda”, “Foto "Fantaziya", “General” və “Xəzinə”. 1970-ci ilin tammetrajlı bədii filmləri isə vaxtilə telekanallarda dəfələrlə baxdığımız “O qızı tapın”, “Yeddi oğul istərəm” və “Sevil” filmləri oldu. Yeri gəlmişkən, bəhs etdiyimiz ildə Azərbaycan kinematoqrafçıları balacaları da unutmadı, olduqca maraqlı cizgi filmləri yaratdı: “Aslan və iki öküz”, “Ayı və siçan”, “Fitnə”. İt ilinin 1982-ci ilə düşən dövrü keçmiş SSRİ-də çox populyar olan “Nizami” filmi ilə təşəkkül tapdı. Eldar Quliyevin rejissorluğu ilə çəkilən bu ekran əsəri bir çox xarici ölkədə də müvəffəqiyyətlə nümayiş etdirildi. Həmin il çəkilən "Qaladan tapılan mücrü”, “Gümüşü furqon”, “Əzablı yollar” (“Məlikməmməd”), “İşgüzar səfər” və “Yeddi gözəl” bədii filmlərini də uğurlu saymaq olar. 1982-ci ildə qısametrajl bədii filmlərimiz də oldu: “Belə lazımdır” və “Marş”. Balaca tamaşaçılar üçün lentə alınan “Başlanğıc”, “Sandıq”, “Sən belə cımbılısan” və “Uşaq və külək” cizgi filmləri də İt ilinə təsadüf etdi. Həmin il 20-dən artıq sənədli filmimiz də ortaya çıxdı ki, onların arasında “Bəstəkar Rauf Hacıyev”, “Cavidi xatırlarkən”, “Cəmşid Naxçıvanski”, “Hüseyn Ərəblinski”, “Mirzə Fətəli Axundov”, “Natəvan”, “Poladın mahnıları”, “Salam, Zeynəb” və “Odu qoru” kimi milli tariximizi, mədəniyyətimizi zənginləşdirən əsərlər oldu. Müstəqillik dövrümüzün başlanğıcında kino sənayemiz xeyli zərbə aldı. Bir tərəfdən SSRİ-nin dağılması, digər tərəfdən Qarabağ müharibəsi və maliyyə böhranı bu sahəyə təsirsiz ötüşmədi. Buna baxmayaraq ağır şərtlər altında olsa da, il ərzində üç bədii filmin ekranlaşdırılmasına nail olundu: “Hökm”, “Köpək” və “Mənim ağ şəhərim”. Kino mütəxəssisləri hər üç filmi uğursuz saysalar da, məncə məhdud büdcə ilə bundan artıq məhsul yaratmaq olmazdı. Həmin il sənədli filmlərimiz ancaq Qarabağ və qaçqınlıq mövzularını əhatə etdi. 1994-cü ildə cizgi filmlərimiz də minimuma endi: “Söhbətül-əsmar” və “Şüalə”. 2006-cı ildə Azərbaycanda artıq kino istehsalı ilə məşğul olan xeyli sayda qurumlar, şirkətlər və studiyalar yaranmışdı. Necə deyərlər, nə gəldi çəkirdilər. Onların arasında bayağı filmlər də oldu, sanballı əsərlər də. Bu isə müxtəlif sponsorların öz maliyyəsini təyinatı üzrə xərcləməməsindən irəli gəlirdi. İlin filmləri isə bunlardır: “Əlvida, cənub şəhəri”, “Adam ol”, “Yalan”, “Çalış, nəfəs alma” (qısametrajlı) və “Lal çinar” (qısametrajlı). 2006-cı ildə uşaqlar üçün populyar olan “Ayna” cizgi filmi də ekran üzü gördü. Və nəhayət, 2018-ci il gəlir. İnanıram ki, bu il daha sanballı, daha keyfiyyətli filmlərimiz olacaq və dünya kinosuna böyük töhfələr verməyi bacaracağıq...

Səbuhi RƏHİMLİ 




Ana səhifəyə qayıt        Baxış: 1 534          Tarix: 20-12-2017, 20:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma