Xəbər lenti

 

Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 7-də keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərib.

Ovqat.com bildirir ki, rekordçu abituriyent təəssüratlarını AzVision.az-la bölüşüb.
“Bu, mənim ilk nəticəm deyil. Buna qədər bir çox uğurlarım olub. 9-cu sinifdə biologiya üzrə Respublika fənn olimpiadasının qalibi olmuşam.11-ci sinifdə isə olimpiadada gümüş medal qazanmışam. 10-cu sinifdə Kimya fənni üzrə final mərhələsinə qədər yüksəlmişəm. İki il repetitor yanına getmişəm. Buna baxmayaraq məktəb dərslərində qiymətlərim həmişə yüksək olub”.
Eldarın sinif yoldaşları da qəbul imtahanında yüksək nəticə göstəriblər: “11 sinif yoldaşım 600-dən çox bal toplayıb, 3-4 nəfər isə 550-dən yuxarı nəticə göstərib. Təhsilimi böyük ehtimalla xaricdə davam etdirəcəyəm. Artıq Türkiyədə 8 universitetə sənədlərimi göndərmişəm və onlardan cavab gözləyirəm”.
Ali məktəblərə qəbul imtahanlarında maksimum nəticə göstərən digər rekordçu Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunu Nemət Yusifovdur.
Nemət təhsilini Azərbaycan Tibb Universitetində (ATU) davam etdirmək istəyir: “700 bal toplayacağımı gözləmirdim. Sınaqlardan 680-dən yuxarı bal topladığım üçün fikirləşirdim ki qəbul imtahanında da o qədər olar. Lakin 700 balı görəndə çox sevindim, həmçinin ailəm də sevincimə şərik oldu. İki il repetitor yanında hazırlaşmışam. Sənədlərimi Tibb Universitetinə vermək fikrindəyəm. Lakin planlar hər zaman dəyişə bilər. Təhsilimi gələcəkdə Almaniyada davam etdirmək istəyərəm”.
Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 7 abituriyent 700 bal toplayıb.
Aytən Zəhra



Ana səhifəyə qayıt        Baxış: 2 043          Tarix: 9-05-2017, 15:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma