Xəbər lenti
Dünən, 19:25

Həsən Əbluc – məktəbli qızına buterbrodu şəxsən hazırlayan ata

Dünya bir pəncərədir

“Dünya bir pəncərədir” bölümünün bu sayını unudulmaz sənətkar, Respublikanın Əməkdar Artisti Həsən Əbluca həsr etmişik.

Bəli, sənətimizin Həsən Əbluc adlı fədaisi vardı. Təəssüf ki, sənətkar ömrünün ən gözəl çağında, müdriklik zirvəsinə ucaldığı, sənətinin püxtələşdiyi bir vaxtda dünyasını dəyişdi.

Onun adı çəkiləndə ilk yada düşən ecazkar, bulaqtək saf, ürəyəyatım səsi olur. Bir vaxtlar ifasında məftunluqla dinlədiyin həzin, duyğulu şerlər təkrar-təkrar qulağında səslənir, yaratdığı obrazlar kino lenti kimi gözlərin önündə canlanır. Bu sözlər aktyor Həsən Əbluc haqqındadır. Amma sənətitək şəxsiyyəti də böyük olan insan Həsən Əbluc da vardı. Nə gizlədim, onun adı çəkiləndə şəxsən mənim yadıma düşən məhz həmin İnsan olur, həmişə bir qədər fikirli, dalğın, eyni zamanda ciddi, ciddi olduğu qədər də səmimi Həsən müəllim.

Biz onunla qonşu binalarda yaşayırdıq. Tez-tez dayanacaqda rastlaşırdıq, dərslərimlə, işimlə maraqlanırdı. Onu görməyə elə adət etmişdim ki, hətta vəfatından xeyli sonra da gözlərim elə hey onu arayırdı.

Həsən müəllimin adı çəkiləndə ömürlük yaddaşıma həkk olunan bir hadisəni də xatırlamaya bilmirəm.

O vaxt atam aktyor Səməndər Rzayev bərk xəstə idi. Biz çox narahat idik. Vəziyyətin nə dərəcədə ağır olduğu barədə məlumatımız olmasa da, şübhələrimiz vardı. Bir axşam, böyük nigarançılıq içərisində olduğumuz vaxt, qapının zəngi çalındı. Açanda gördük, Həsən müəllim həkim gətirib. Həkim atamı müayinə etdi və yəqin ki, bizi qorxutmamaq üçün: “Ciddi bir şey yoxdur”,- dedi. Nigaran baxışlarını həkimin üzündən çəkməyən Həsən müəllimin sevincinin həddi-hüdudu yox idu o anlarda.

Mən Həsən müəllimi məhz o gün tanıdım. Onun əsl insan, qədirbilən dost olduğunu o gün anladım. Həmin gündən etibarən o vaxtadək yalnız sənətinə pərəstiş etdiyim Həsən Əbluc bir insan kimi də mənim üçün doğmalaşdı, ən əziz adamlarımdan biri oldu.

Həsən Əbluc Təbrizdə dünyaya göz açıb, amma tale elə gətirib ki, kiçik Həsən ailəsi ilə birgə doğma el-obasını tərk etməli olub. Burda, Qüzey Azərbaycanda özünə saysız-hesabsız pərəstişkar qazanmasına, sənətdə öz yolunu müəyyənləşdirməsinə baxmayaraq, Yurd həsrəti bir an da olsun onu rahat buraxmırdı. Həsən müəllim ömrünün son günlərinədək Təbrizə qayıtmaq arzusuyla yaşadı. Fəqət bu istəyini gerçəkləşdirmək ona nəsib olmadı. Bəlkə də elə Yurd yanğısı idı onu belə duyğulu, kövrək qəlbli edən, gözlərinin dərinliyində gizlənən nisgil də elə bu həsrətdən, yanğıdan doğurdu bəlkə, kim bilir.

Kiçik yaşlarında Yurd itkisini, ağrı-acısını yaşadığından vaxtından tez böyüdü, saç-saqqalına dən düşdü, müdrikləşdi. Özündən o qədər də kiçik olmayan Ənvərə əsl ata qayğısı ilə, ata nəvazişi ilə yanaşırdı, ona həyatda da, sənətdə də düzgün yol göstərməyə, yaxşı nümunə olmağa çalışırdı. Rejissorluğa böyük meyli olsa da, öz əvəzinə Moskvaya ali rejissorluq kurslarında təhsil almağa Ənvəri göndərdi. Qardaşı da onun haqq-sayını itirmədi, yarımçıq qalan işini, tamamlaya bilmədiyi “Anamın kitabı” tamaşasını bitirdi, ailəsinə həyan oldu, onun haqqında “Həsən Əbluc” sənədli filmini də çəkdi. Qardaşı, məsləhətçisi, ilk sənət müəllimi, sonralarsa həmkarı olan Həsən Əbluc haqda kövrəlmədən danışa bilmir Ənvər müəllim. Əməkdar incəsənət xadimi, kinorejissor Ənvər Əblucun xatirələrindən:

"Həsən hamıya deyərdi ki, "Anamın kitabı" tamaşasını qoyduqdan sonra Qarabağı ermənilərin işğalından azad etmək üçün cəbhəyə gedəcək...

Uşaqlıqda Həsən həddindən artıq dəcəl idi. 14-15 yaşında onda aktyorluq sənətinə sevgi yarandı və o, dram dərnəklərinə getməyə başladı. Hətta bir dəfə sevgisindən əziyyət çəkməli oldu. O, 31 saylı məktəbdə oxuyurdu və dərnəkdən sonra sifətindən bığlarını "təmizləməyi" unutmuşdu və məktəbə belə gəlmişdi. Buna görə də onu məktəbdən qovdular. Həsən 172 saylı məktəbə keçdi. Valideynlərimiz təhsilimizə ciddi nəzarət edirdilər, biz ailədə beş qardaş idik. Anam müntəzəm olaraq məktəbə gəlir, atam isə həftənin sonunda yalınız yaxşı qiymətlərə görə cib xərcliyi verirdi ki, teatra və ya kinoya gedək. Amma Həsənin maraqlandığını görsə də onun aktyor olmasını istəmirdi...

Bizim "Qaragölün cəngavərləri" və "Pəncərə" filmlərində birgə işlərimiz olub. Mən həmişə böyüklərlə və müəllimlərimlə hesablaşmışam. İnternat uşaqlarının həyatından bəhs edən "Pəncərə" filmində mən yalnız onun təkidindən sonra məktəbin direktoru rolunda çəkildim, o özü isə qəhrəmanlardan biri olan Rövşənin atasının epizodik rolunu məharətlə oynadı. Bu rolu o, öz yaradıcılıq həyatının ən parlaq rolu hesab edirdi.

O, çox həyatsevər və hazırcavab adam idi, işində isə özünü tamamilə əsərə həsr edirdi, obrazı qeyri-adi dərəcədə dəqiq yaradırdı. O, necə şer oxuyurdu! Boş dəqiqələrə nifrət edirdi və həmişə özünə faydalı məşğuliyyət tapırdı. Son nəfəsinədək ömrünü peşəsinə həsr etdi. O öz qızını həddindən artıq çox sevirdi, onun qayğısını çəkir və onun rejissor olmasını arzu edirdi..."

Həsən Əblucun sənətə vurğunluğu məktəb illərindən başlayır. O vaxtlar Həsən keçmiş “26-lar dərnəyi”nə gedirdi. Mərhum rejissor, professor Lütfi Məmmədbəyli ona və onun kimi neçə gənc teatrsevərə sənətin sirrlərini öyrədirdi. Yaşının az olmasına baxmayaraq, demək olar bütün əsas rollar Həsənə tapşırılırdı. Bəzən tamaşalarda hətta köməkçi rejissor kimi də çıxış edirdi. Həsən işində ciddiliyi, intizamıyla yoldaşlarının da, elə Lütfi müəllimin də rəğbətini qazanmışdı. Onun dərnəkdəki ən uğurlu rolu “Ovod” tamaşasındakı Montenelli obrazı oldu.

Sonra Həsən Əbluç o vaxtkı Teatr İnstitutunun aktyorluq fakültəsində, böyük sənətkar, qocaman pedaqoq Rza Təhmasibin kursunda təhsil aldı. Sonuncu kursda oxuduğu vaxt Akademik Dram Teatrının səhnəsində Sabit Rəhmanın “Toy” tamaşasında Şeyda müəllim rolunu ifa etdi. Bu onun professional səhnədə atdığı ilk addımn idı. Təhsilini başa vurduqdan sonrasa bir müddət Gənc Tamaşaçılar Teatrında çalışdı. “Romeo və Cülyetta”da Romeo, “Komsomol poeması”nda Cəlal və s. kimi yaddaqalan obrazların ifaçısı oldu. Elə həmin teatrın səhnəsində bir sıra gözəl tamaşaya quruluş verdi. Gənc aktyorun istedadını qiymətləndirən novator rejissor Tofiq Kazımov onu Akademik Teatra dəvət etdi. Elə o vaxtdan etibarən Həsən Əbluç taleyini həmin teatra bağladı. “Xəyyam”, “Xosrov Ruzbeh” və s. kimi tamaşalarda təkrarsız obrazlar yaratdı.

Həsən Əbluc teatrda həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərirdi. Zaman keçdikcə aktyor məharəti, özünəməxsus ifa tərzi, məlahətli səsiylə tamaşaçı qəlbinə yol tapdı, xalqın sevimlisinə çevrildi.

Çoxları onu başa düşmürdü. Onun acı həqiqəti şirin yalandan üstün tutması, dönməzliyi, çoxlarına xoş gəlmirdi. Ammabədxahları belə onun sənətinin böyüklüyü qarşısında aciz qalırdı. Onu gözləri götürməsə də fikri ilə hesablaşmalı olurdular. Bədxahları nə qədər çox olsa da, onu sevən, başa düşən adamlar da az deyildi, onlardan biri, Həsən müəllimin ömrünün son anlarınadək onunla birgə olan xalq artisti Rafiq Əzimov məhz belə insanlardan, sadiq dostlardandır.

İllər öncə Rafiq müəllimin Həsən Əblucla bağlı dediyi sözləri heç cür unuda bilmirəm. O, demişdi ki, Əbluc əruzu gözəl bilirdi, Füzulini onun qədər yaxından tanıyan aktyor az-az tapılardı. Dahi söz ustasının tərənnüm etdiyi ülvi məhəbbəti, ucalığı duymaq səviyyəsinə yüksələn adamsa heç vaxt bəd niyyətli ola bilməz. Çünki onun qəlbində Füzuli dühasının bir parçası var.

Həsən Əbluc sənəti teatrdakı fəaliyyəti ilə məhdudlaşmırdı. O, radioda, televiziyada bir-birindən maraqlı verilişlər hazırlayır, tamaşalara quruluş verir, rollar ifa edirdi.

Həsən müəllim radionun vurğunu idi. Çox az aktyor tapılar ki, mikrafonla onun qədər sərbəst davrana bilsin, təqdim olunan materialı onun qədər gözəl duyub dinləyiciyə çatdırmağı bacarsın.

Həsən Əblucun ömrü sonuncu tamaşası olan Cəlil Məmmədquluzadənin “Anamın kitabı” kimi yarıda qırıldı. Nə qədər gözəl arzusu, istəyi həyata keçmədi. Sevə-sevə işlədiyi tamaşanın premyerasını görmək, kitabı son vərəqinədək çözmək ona nəsib olmadı. Görünür bu da bir qismət, bir alın yazısı imiş. Amma məyus olmağa dəyməz. Çünki Həsən müəllim bu gün aramızda olmasa da öz rollarında, tamaşalarında gözəl, bənzərsiz səsində, doğmalarının, yaxınlarının, onu sevən, sənətinə pərəstiş edən sənətsevərlərin qəlbində yaşayır.

Həsən Əblucun sənəti, işıqlı əməlləri heç vaxt onu yaddan çıxmağa qoymayacaq. Ruhu şad olsun!

Sənətkarın yadigarı, yeganə övladı, rejissorluq sahəsində atasının yolunu davam etdirən Elnaz Əbluc atasını həm öz adında, həm də sənətində yaşadır. Elnaz Əblucun xatirələrindən:

“ Mən həmişə demişəm ki, o, təkcə gözəl ata deyildi, həm də böyük dost idi. Atam gülləri çox sevərdi. Və bayramlarda təkcə mənim üçün deyil, məktəbimizn müəllimləri üçün də gül alardı. Bir də, əlbəttə ki, mənim hər ad günümün səhəri gözəl gül dəstəsi ilə başlayardı. Hər yay o, anamla birlikdə məni Moskvaya sanatoriyaya göndərər, daha sonra özü də gələrdi. Məktəbə gedəndə mənim üçün elə dadlı buterbrodlar hazırlayardı ki.... Hamı fikirləşərdi ki, onları anam hazırlayır, amma biləndə ki, atam hazırlayıb, təəccüblənərdilər. O, çox diqqətli, həssas, gözəl qardaş, qayğıkeş ailə başçısı və sevən ər, dostların yolunda hər şeyə hazır idi. Peşəsində isə çox məsuliyyətli idi, səhhətindəki hər hansı problem onu sevimli işindən ayıra bilməzdi.

Atam mənim rejissor olmağımı çox istəyirdi, lakin sağlığında mən bunu istəmirdim. Yalnız onun qəfil ölümündən sonra məndə atamın arzusunu yerinə yetirmək istəyi yarandı. Mən rejissor oldum və qəlbimin dərinliklərinədək bu peşəni sevdim. Mən heç vaxt onun ucaldığı zirvəyə çata bilmərəm, lakin məni görəndə və soyadımı eşidəndə insanların atamı böyük hörmətlə yad etmələri xoşdur. O, özünün aktyor və rejissor potensialından sonadək istifadə edə bilmədi, edə biləcəyinin yalnız üçdə birini etdi. O, elə bir aktyor idi ki, bütün il boyu çəkilişlərlə məşğul ola bilərdi”.

Rübabə Səməndər

P.S. Məqalədə sənətkara ad olunan yazılardan istifadə olunub.




Ana səhifəyə qayıt        Baxış: 1 176          Tarix: 13-03-2018, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma