“Aşıq Şəmşir dünya miqyasında tanınmış sənətkardır”
“Dədə Şəmşir bütün türk dünyasının ehtiram etdiyi Dədə Qorqud qədər obrazlaşdırılan simaya çevrilib”
Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan aşıq sənətinin görkəmli təmsilçisi, şifahi xalq ədəbiyyatımızın məşhur nümayəndəsi Dədə Şəmşirlə bağlı həqiqətə zidd olan, ictimai rəydə çaşqınlığa səbəb ola biləcək informasiyalar yer alıb. Azərbaycan folklor sənətinin nəhəng klassiklərindən olan, özündən sonra sənətsevərlərə zəngin irs qoyub gedən Dədə Şəmşirin hər hansı müdafiə və tanıtıma ehtiyacı olmasa da, Moderator.az olaraq bu əssassız tənqidi fikirlərə laqeyd qala bilmədik və odur ki, bəzi millət vəkillərinin Dədə Şəmşirə ünvanlanan yaramaz hücuma münasibəti öyrənməyə çalışdıq.
Millət vəkili Fəzail Ağamalı saytımıza açıqlamasında bilirdi ki, zaman-zaman Azərbaycanın görkəmli şəxslərinə hücum edənlər olub:
“Dədə Şəmşir siyasi intriqalar hədəfinə çevrilməli deyil, o, Azərbaycanın klassikidir. Onun şeirlərində Azərbaycanın ruhu, tarixi və klassik aşıq sənətinin zirvəsi var. Az və ya çox dərəcədə təəssüf edirəm ki, bu gün yerindən duran, sözü bir qəpiklik olmayan, cəmiyyətdə, ədəbi məkanda özünü tapa bilməyən, bir-iki hekayə, şeir yazıb özünü ədib hesab edənlər zaman-zaman Azərbaycan klassikasına, görkəmli ədiblərinə hücum edirlər, böhtanlar atırlar. Bu cür insanlar əslində Azərbaycanın ədəbi tarixinə böhtan atmış olurlar və mahiyyət etibarı ilə antimilli mövqe nümayiş etdirirlər. Dədə Şəmşirin bu ada layiq görülməsi təsadüfi deyil. Şəmşir adına “Dədə” sözünü verən görkəmli xalq şairimiz Səməd Vurğun olub. Dədə Şəmşir də bu adı doğruldub, bu adın zirvəsində dayanıb. Bu yaxında Rəşid Behbudov adına Mahnı Teatrında Dədə Şəmşirin 125 illiyinin keçirilməsi mərasimində iştirak etdim və çox duyğulandım. Çox gözəl anlar yaşadım, hətta kövrələn anlarım da oldu. Bunun üçün təmiz azərbaycanlı olmaq, türk olmaq lazımdır. Kim bu qanı öz genetik kodlarında daşımırsa, onlar getsin özlərinin talesizləri ilə üz-üzə qalsınlar. Dədə Şəmşir “giriləsi kol” deyil. Bu böyük şəxsiyyət haqqında söz demək üçün sadəcə olaraq sözün, sənətin qədrini biləcək elementar biliyə malik olmaq lazımdır”.
Millət vəkili Jalə Əliyeva da sayrımıza açıqlamasında sosial şəbəkədə Dədə Şəmşirlə bağlı yazılan bu cür qərəzli fikirdən təəssüfləndiyini bildirdi: “Əlbəttə, bu şəkildə sosial şəbəkələrdə yol alan yazıları üzülərək qarşılayırıq. Dədə Şəmşir aşıq sənətinə, Azərbaycan söz sənətinə və şifahi xalq ədəbiyyatına hələ öz sağlığında möhürünü vurmuş klassikləşmiş böyük bir sənətkarımızdır. Onun ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 125 illiyi böyük bir təntənə ilə ölkəmizin bütün ədəbiyyatsevərləri tərəfindən qeyd edilir. Bir neçə gün bundan əvvəl də Rəşid Behbudov adına Mahnı Teatrında möhtəşəm bir yubiley tədbiri keçirildi. Burda təkcə Azərbaycandan deyil, dünyanın türk dilli ölkələrindən qonaqlar da iştirak edərək çıxış etdilər. Biz o çıxışlardan da gördük ki, Dədə Şəmşir Azərbaycan sərhədlərini öz qələmi və sənəti ilə çoxdan aşıb keçmiş bir sənətkardır. Dədə Şəmşir bütün türk dünyasının ehtiram etdiyi Dədə Qorqud qədər obrazlaşdırılan simaya çevrilib. Onun hansı torpaqdan olduğunu da unutmamalıyıq. Bu gün Kəlbəcər torpağı işğal altındadır. O torpaqlarda Dədə Şəmşirin yüzlərlə əlyazması qalıb və onları çıxarmaq mümkün olmayıb, bu çox ağrılı məsələdir. Bütün bunların yanında əsas məsələləri qoyub belə bir sənətkarın yetişməsindən fəxr etmək yerinə, onun əsərlərinin yenidən çapı üçün çalışmaq yerinə, tam əksinə belə şeylər yazmaq, üstəlik də həyatda olmayan biri haqqında ictimai rəyi çaşdıra biləcək fikirlərin ortaya atılması əlbəttə ki, heç də xoş bir şey deyil. Bunlar üz qarası olacaq bir məsələdir. Sevincimizə, nailiyyətlərimizə sevinə bilməyənlər heç olmasa öz naqisliklərini içlərində saxlasınlar. Bədxah fikirləri ilə cəmiyyətin fikirlərini çaşdırmasınlar. Bu yaxında Dədə Şəmşirlə bağlı keçirilən tədbir bir daha onu göstərdi ki, xalqın öz sənətkarına ehtiramı hər zaman olub və olacaq da. Dədə Şəmşir dövrünün nəbzini tuta bilən, layiqliyə layiqli qiymətini verməyi bacaran bir sənətkar idi. Onun əsərlərində vətən torpağı, Kəlbəcər dağları, Azərbaycanın dilbər güşələri əhəmiyyətli yerdə gəldiyi kimi, siyasi və ictimai mövzular da onun yaradıcılığında yer almalı idi. Bunlara Dədə Şəmşir öz münasibətini bildirməli idi, necə ki, bildirib. Düşünürəm ki, nə qədər Azərbaycan ədəbiyyatı var Dədə Şəmşir layiqli olan yerdə bu gün necə varsa, orda da qalacaq. Bu bədxah fikirləri yazanlar da yəqin ki, onun ədəbiyyat tarixində qalmağından öz nəsiblərini alacaqlar”.
Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı da saytımıza açıqlamasında Dədə Şəmşirə dil uzadanların ağılsız olduğunu bildirdi: “Aşıq Şəmşir dünya miqyasında tanınmış, Səməd Vurğunun, Heydər Əliyevin, İlham Əliyevin böyük dəyər verdiyi bir sənətkardır. Bütün görkəmli folklorşunaslar həmişə onu çox yüksək dəyərləndiriblər. Aşıq Şəmşir haqqında bu fikirləri işlədən kimdirsə, ağılsız bir adamdır. Məmməd Araz, Osman Sarıvəlli, Məmməd İsmayıl, Məmməd Aslan, Nəriman Həsənzadə və digər tanınmış ziyalılarımız onun yaradıcılığını çox yüksək qiymətləndiriblər. Aşıq Şəmşirin arxivi var və onun Heydər Əliyevlə bağlı münasibəti təkcə bir-iki şeirdə yox, yüzlərlə yazılarında var. Heydər Əliyev Aşıq Şəmşirə “Şərəf” nişanı ordeni, “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adlarını verərək, onu çox yüksək qiymətləndirib”.
Paylaş: