Folklor İnstitutunun şöbə müdiri, Filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair Nizami Muradoğlunun yeni şeirlərini Qvqat.com oxucularına təqdim edirik.
Bu dünya da gözəldi
O dünyada nələr vardı - bilmirəm,
Yerlər vardı, göylər vardı - bilmirəm.
Çaylar vardı, sular vardı – bilmirəm,
Ya Rəb, elə bu dünya da gözəldi!
Mələklər var - gözəllərə taydısa,
Səhər günəş, gecə doğan aydısa,
Dar günümü xoş ömrümə saydısa,
Ya Rəb, elə bu dünya da gözəldi!
Qışı gözəl, yayı gözəl, yaz gözəl,
Bal arıda, gözəllərdə naz gözəl.
Nə yazırsan taleyimə yaz gözəl,
Ya Rəb, elə bu dünya da gözəldi!
Muradoğlu dərgahına duaçı,
Yaratdığın tikanlar da gül açır.
Şükür verdin əyal, övlad, alaçıq,
Ya Rəb, elə bu dünya da gözəldi!
GECƏLƏR
Gecələr qariban, qərib gecələr,
Qəlbinə ruhumu sərib gecələr.
Həsrətdən nəsibin dərib gecələr,
Bilə nə çəkirəm, bilə gecələr...
Düşüb uzaqlara səadətindən,
Ayrıldı eşqindən, məhəbbətindən.
Gündüzlər qovrulub yar həsrətindən,
Gözünün yaşını silə gecələr.
Ağlayar, sızlayar ömür boyunca,
Xəyal aləmində gəzər doyunca.
Şehli çəmənində gülləri qonça,
Səhərlər açıla sola gecələr.
Tökülüb daş- kəsək yolumun üstə,
Bir dəfə qonmadın qolumun üstə.
Görəsən gələrmi ölümün üstə,
Gündüz də gəlməsə, gələ gecələr.
Yağış istəyirəm
Yağış istəyirəm qəlbimə yağa,
Nov susuz qalıbdı, dəyirman dənsiz.
Bu gecə mən yata bilmirəm, Allah,
Bu gecə bir qadın ağlayır mənsiz.
Ağlayır, ağlamaq çarə deyil ki...
Dualar günahlar önündə aciz.
Vaxtında sözünü deyə bilməyən
Günahsız günahkar bəndələrik biz.
Ağlama, canımdan can çıxır mənim,
O sənin əməlin, bu mənim işim.
Qara gözlərini sevmişdim sənin,
Qara günlərini istəməmişdim.
Elə bilirdim ki, sən unutmusan,
Mən də unutmuşam, dəmirəm, daşam.
Qəlbində bir isti yuva qurmusan,
Bəlkə də sevmisən, mən yanılmışam.
Yağış istəyirəm ruhuma yağa.
Göz yaşı axmaya yanaqlarından.
Bir cığır açıla gələn sabaha,
Bir çiçək busəsi dodaqlarında...
Sən mənim taleyimdə
Sən mənim taleyimdə
Doğan Günəş kimisən,
Qarşımdakı buzları
Ərit, başına dönüm.
Qəlbimin ağrısıdır,
Gözlərimdən axan yaş.
Gözlərimin yaşını
Qurut, başına dönüm.
Gündüzlər düşüncəli,
Xəyallarım gecəlik.
Mən dağ dibində ovçu,
Sən dağ başında əlik.
Bir cüt göyərçin olub
Uçub gedə bilərik,
Sən mənim əllərimdən
Bərk tut, başına dönüm.
Hər anında bir ümid,
Hər addımın uğurdu.
Biri ocaq qaladı,
Biri xəmir yoğurdu...
Bu dünyanın sualı
Yordu, bizi çox yordu,
Hərdən də bu dünyanı
Unut, başına dönüm.
Dünya dünyayla qalsın,
Bizim öz dünyamız var.
Taleyin özüylə də,
Cəngimiz, davamız var.
Qəlbimizin oduyla
Qızınan yuvamız var,
O vətəndi, o yurddu,
O yurd, başına dönüm.
Dərd gələr batman-batman,
Dərdi unudammasan.
Mənə gülüş bəxş elə,
Qarşılığı sevgidir.
Dərd özü də gülüşlə
Yox olub gedərgidir.
Ovut dərdimi, ovut,
Ovut, başına dönüm
Ağ mantolu qadın
Tanrının alnına yazdığı varsa,
Sirr dolu bağlanmış sandığı varsa,
Qaranın içində bir ağı varsa,
Sənə ağ yaraşır, ağ geyin, qadın,
Bir ömür salamat-sağ geyin, qadın!
Qarşında oturan dostuna bir bax,
Gümüşü saçına, şəstinə bir bax.
Sözün çəpləşəndə küs, genə bir bax,
Ağ çiçək əllərə bax, geyin, qadın,
Sənə ağ yaraşır, ağ geyin, qadın.
Qızıl boyunbağı ağ sinən üstə,
Nə gözəl yaraşır, tax sinən üstə.
Bir şahlıq tacıdır-taxt sinən üstə,
Gah aç yaxalığı, gah geyin, qadın.
Sənə ağ yaraşır, ağ geyin, qadın!
Bir gün də dəyişik çıxdın qarşıma,
Daha nə qalmadı açdın başıma.
Bəlkə kimlərinsə yarar işinə.
Çəkdin sinəm üstə dağ-deyim, qadın!
Sənə ağ yaraşır, ağ geyin, qadın!
Mənli də, mənsiz də sağ geyin, qadın!..
Sən və gözləyən
Şəhərin o başında sən,
Bu başında mən təkəm.
Sənin orda çəkdiyin
Qara sevda dərdini,
burda gərək mən çəkəm.
sən orda ağlayanda
burda titrəyir tavan.
Mən qəm ilə munisəm,
Sən də yalnız, natəvan.
bizə tapılmaz oldu
“Qızıl orta” hələlik.
bir gün əyilər belin
əlinə alıb çəlik,
bu tənha gecələri
toz basmış döngələrdə
axtararsan, gəzərsən.
nə saçını darayıb,
nə üzünü bəzərsən.
nə saçının ətrini
çəkib ciyərlərinə
qoxulamaq istəyən,
nə baxıb sifətinə
sevgi, ülfət diləyən
birisi olmayacaq.
Bir daş məzarın altda
Yatacaqdır çox güman.
Bu qərib küçələrin,
O qaranlıq dalanın,
Min cürə bəhanənin,
Həqiqət anlamında
Dediyin o yalanın
Yiyəsi olmayacaq.
Əlindən yapışmağa
qalmayacaq xatirə.
Getməyə yerin də yox,
kimə, nəyə xətirə...
düşün, hələ vaxt ikən,
sən və səni gözləyən...
varsa birisi bu gün...
Düşün....
EY TÜRK BALASI
Dur ey içimdəki qəhrəman kişi,
Bu gündən sabaha saxlama işi!
Dədən Bayandır xan, baban Koroğlu,
Sən qurddan doğuldun, ey qurdun oğlu!
Çıx dağlar başına ula, qurd kimi,
Müqəddəs nə var ki ana yurd kimi?!
Düşmənin səfini dağıt, parçala,
Qoyma qiyamətə bu qisas qala!
Gərək gavur bilə, bilə həddini!
Qaytar öz yerinə yurd sərhəddini!
Hər qarış torpağın qeyrət qalası,
Bu Vətən sənindir, ey türk balası!
Qalx ey mərd igidim, qalx hünərvərim,
Bu gün Qarabağdır mənim səngərim.
Şuşadır, Laçındır ürəyim, canım,
And yerim, Məkkəmdir Azərbaycanım!
Paylaş: