Şair-publisist Heydər Oğuz facebook səhifəsində maraqlı şeir paylaşıb.
Ovqat.com həmin şeiri təqdim edir:
Zərbənin geriyə qayıdışı var
Hələ ki, ətrafı bürüyüb duman,
Hər şey üzə çıxar çən qurtaranda.
Allah da bəndədən əsirgər aman
İnsaf yox olanda, din qurtaranda.
Fələk döndərəndə səndən üzünü
Yaxın ətrafından gözlə özünü.
Ac toyuq-cücə də deşər gözünü
Hər səhər səpdiyin dən qurtaranda.
Kobud əllərində ağrıyır çənəm,
Qoymursan qışqıram, bağıram, dinəm,
Hələ ki, divlərin yediyi mənəm,
Sıra sənə gələr mən qurtaranda.
İşinə yarayar nə qorxu, hədə,
Zirehin canını qoruyar nə də
Vədlər fayda verməz gələndə vədə-
Qula vəd olunmuş gün qurtaranda
Heydər, hər baharın soyuq qışı var,
Hər bir dəyənəyin iki başı var.
Zərbənin geriyə qayıdışı var
Canını şüşədən cin qurtaranda.
Heydər Oğuz
Paylaş: