Xəbər lenti

  

Tanınmış şair və elm xadimi Adilə Nəzərin bir neçə şeirini Ovqat.com oxucularına təqdim edirik:

 

 

ŞEİR DƏMLƏYİRƏM VAXTIM OLANDA

 

Payız küçəsində gəzirəm hərdən,

Günəş də görürəm baxtım olanda.

Acılı-şirinli xatirələrdən

Şeir dəmləyirəm vaxtım olanda.

                             

Gəzirəm kölgəni qərib baxışla,

Bu yorğun başımı bir az yaslayam.

Çətir kirpiyimdən süzən yağışla,

Ürəyin yaxında ola, isladam.

 

Təbiət dəyişib olubdu rəng-rəng,

Hüzün də, sevinc də sevgi rəngidir.

Sənin əllərin bağ, mənimki çiçək,

Bu yaşda əsməsi vüsal cəngidir.

 

Payız ayrılığın başqa adıymış,

Adını fəsildən sayırlar niyə?!

Dəmlənmiş şeirlər yaralarıymış,

Ən təzə yaram da səndən hədiyyə...

 

OZANI VAR

 

Demə ki yaşadım bildiyim kimi,

Hər alın yazısın bir yazanı var.

Söylədər dualar bizə “amin”i,

Nə olsun “ayin”i, həm “azan”ı var.

 

Bütün günahlardan elədim “tova”,

Mərdi namərd edir yad qova-qova.

Qurmadım hər güllü çəməndə yuva,

Bilirdim hər yazın bir xəzanı var.

 

Yaşama, duymasan canında yanma,

Ağıldan keçməsən sevgiyə qanma.

Fikir üyüdülər hər başda, amma,

Hər ağlın babına öz qazanı var.

 

Qardan soyuq olur, möhkəm də daşı…

Yoxsa Allahın da olar qardaşı…

Dərdi dərinlərin yoxdu sirdaşı,

Hər kəsin bir düzü, bir də zənni var…

 

Ruhu olmalıdır hər bədiyyatın

Yaxşı yer tapmasaz bədinə atın..

Qəbul etməsəz də ədəbiyyatın

Adilə adında bir ozanı var.

 

SƏNİ XATIRLAYIRAM

 

Dikilir uzaqlara

hər axşam baxışlarım.

Boz dumanlı payızam,

kəsilmir yağışlarım.

Bir mənəm, bir buz otaq,

bir də ki, göz yaşlarım.

Xəyalındı, şəklindi,

duam və alqışlarım…

Yoxdu elə qüvvə ki,

məni səndən ayıra…

Səni xatırlayıram,

səni xatırlayıram…

Həyatın kənarında

unudulmuş yolçuyam,

iki sıfır uduzdum,

naşı bir oyunçuyam.

hər baxanda güzgüyə,

deyirəm niyə varam?

Anam demiş: ay mənim,

alnı ağ, bəxti qaram…

Səni xatırlayıram,

səni xatırlayıram…

Səndən sonra nə qədər

büdrəyib yıxılmışam,

nə qədər qəribsəyib

nə qədər sıxılmışam.

Yüz dəfə vurulmuşam,

min dəfə çıxılmışam.

Gərək yuyum üzümü,

oyadım gerçəkləri.

Yolum uzundu hələ,

a mənim könül yaram.

Səni xatırlayıram,

səni xatırlayıram…

Dərdə çarə olmadı,

nə ayinlər, əzanlar.

Həsrəti aparmadı,

payız donlu xəzanlar.

Məni yazıb qurtarmaz

bir ömür də ozanlar.

Yanıram için-için,

ölürəm aram-aram…

Səni xatırlayıram,

səni xatırlayıram…

Səninkidi bu şeir

çiçək kimi təzə tər.

Əsib hərdən gətirir,

nəfəsini küləklər.

Bilir nə çəkdiyimi,

bilir ayrı düşənlər.

Neçə ki yoxsan yoxam,

neçə ki varsan varam.

Səni xatırlayıram,

səni xatırlayıram...

 

 

 

 

TÖKÜLÜRDÜ

 

 

Nə vaxt ki, qəfildən düşürdük dara, 
Könlümüz yas tutub geyirdi qara, 
Birgə ağlayırdıq ayrılıqlara, 
Yaş da gözümüzdən tən tökülürdü.

 

Dərdin boyu qalxıb göyü dəlirdi,
Taleyin boz üzü üzə gülürdü,
Həsrətin amansız qışı gəlirdi,
Saçıma qar yağıb, dən tökülürdü.

 

Səndən danışacaq bəlkə də mənə,
Qulaq kəsilirdim hər bir dinənə..
Dönüb boylanırdım bugün dünənə,
Dünəndən şərafət-şən tökülürdü.

 

Hicran ilmə-ilmə salırdı naxış,
Sanırdım başlayır daha yır-yığış… 
Vaxt-bivaxt axırdı gözümdən yağış, 
Üstümdən-başımdan çən tökülürdü.

 

Elə hey çatırdım yola qaşları, 
Özlərdim o şirin yalvarışları…
Könlümdən köçürdü payız quşları,
Başa yarpaq-yarpaq sən tökülürdü.

 

Qəlbini buraxıb getmişdi hərə, 
Baxırdım şəklinə hər gün min kərə, 
Baxışın dalırdı xatirələrə, 
Gözündən sən boyda mən tökülürdü…

 

 

 

 

ÇATMIRAM

 

 

Qırılır hər dəfə yarıda yolum,
Vüsala səbr ilə dözüb çatmıram.
Könlümün ən yaxın sahilindəsən,
Bəs niyə heç cürə üzüb çatmıram.

 

Eyni duyğuluyam, eyni hissliyəm,
Sən elə sanma ki, sənə hirsliyəm.
Mən eşqə susadım, qan hərisliyəm,
Hanı şah damarın gəzib tapmıram.

 

Doqquz arzu vardı, tutdum onun da,
Qalmışıq bir eşqə dustaq donunda.
Bəlkə də işıq var yolun sonunda,
Amma çən- dumandı, azıb çatmıram.

 

Ürəyim o qədər közlənibdi ki,
Gəlişin o qədər gözlənibdi ki,
Bəxt elə dərində gizlənibdi ki - 
Bir qızıl külçətək, qazıb çatmıram.

 

 

 

 

BİRCƏ ŞEİRİN EŞQİNƏ

 

 

Durub yollara baxıram,
Bircə şeirin eşqinə.
Xatirələrə axıram,
Bircə şeirin eşqinə.

 

Küsür özümdən əllərim,
Boylanır dünə illərim..
Solur tumurcuq güllərim
Bircə şeirin eşqinə.

 

Pərişandı yaxa, sinə,
Əsir qəlbin yuxasına...
Yar görünə - baxa, sına,
Bircə şeirin eşqinə.

 




Ana səhifəyə qayıt        Baxış: 1 154          Tarix: 21-11-2018, 18:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma