Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Aktyor, müğənni Faiq Mustafayev... Bu ad yəqin ki sizə heç nə demir. Elə isə kinomuzun incilərindən sayılan “Bəxtiyar” bədii filminin kadrlarını gözünüz önünə gətirin: ekran əsərindəki Yusif obrazını xatırlayırsınızmı?.. Ya da “Qızmar Günəş altında” filmindəki mühəndis Cəlal...
Bax həmin obrazları canlandırmış aktyor, müğənni Faiq Mustafayevdən bəhs edirik.
Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində Əməkdar artist Faiq Mustafayevdən yazmağa çalışıb...
O Faiq Mustafayev ki, haqqında demək olar ki, çox az məlumat var...
Bilinən odur ki, Faiq İsmayıl oğlu Mustafayev 1923-сü il aprelin 28-də də Bakıda anadan olub. Orta məktəb illərindən musiqi təhsli alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirib. Konservatoriyada ali vokal təhsili almış Faiq Mustafayev bariton səsli müğənni kimi tanınıb.
O, 1952-ci ildən müəyyən fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
Gur qara saçlı, iri gözləri, idmançı kimi enlikürək bədən quruluşuna malik olan bariton səsli müğənni səhnədə səsini obrazın xarakterinə uyğun olaraq məharətlə idarə edə bilirmiş.
Opera və Balet Teatrının solisti kimi o, bir çox partiyaların əvəzedilməs ifaçısı olub: Həsən xan ("Koroğlu"), Nofəl ("Leyli və Məcnun"), Süleyman ("Arşın mal alan"), Şahvələd ("Aşıq Qərib"), Əbdüləli bəy ("Sevil"), Tonio ("Məzhəkəçilər"), Qraf Tomson ("Qaratoxmaq qadın"), komendant ("Kornevil zəngləri"), Aleko ("Aleko") buna misal kimi göstərilir.
Müğənninin çəkildiyi filmlər çox deyil: “O olmasın, bu olsun”da Sərvərin dostu, “Qara daşlar”da Teymur, “Qızmar günəş altında”da mühəndis Cəlal, “Bəxtiyar”da Yusif, “Onun böyük ürəyi”ndə fəhlə…
Faiq Mustafayevi məşhurlaşdıran rolları ona rejissor Lətif Səfərov təklif edib. Görünür ki, həm “Qızmar günəş altında”, həm də “Bəxtiyar” filmlərində aktyor Faiq Mustafayev-rejissor Lətif Səfərov işbirliyi müsbət sonluqla nəticələnib.
Faiq Mustafayev tamaşaçı qəlbində iz salan bədii filmlərdə baş rollarda oynamasa da, həmin ekran əsərlərində yadda qalan obrazlar canlandırıb. Onun rolları səhnədə canlı və təbii görünürdü.
“Bəxtiyar” filmində çəkilən Faiq Mustafayev aktyorluq bacarığı sayəsində Yusif obrazını kifayət qədər məşhurlaşdıra bilib. Filmdəki Yusif həyatda nə istədiyini bilən, ədəbaz, özündən razı və paxıl obrazdır. Bəxtiyarla uşaqlıqdan birlikdə böyümələrinə baxmayaraq, əslində ona uşaqlıqdan paxıllıq edir. Böyüyəndən sonra Saşanın Bəxtiyarı seçməsi onlar arasında olan bütün körpüləri dağıdır və Yusif Bəxtiyara düşmən gözü ilə baxır. Moskvada ticarət məktəbini bitirdikdən sonra o həyatda öz yerini tapır, hər şeyi əldə edir, təkcə Saşanın qəlbindən başqa.
Faiq Mustafayev bu obrazın xarakterini elə ustalıqla ifa edib ki, mimikası və jestləri, səs tonu ilə Azərbaycan tamaşaçısının yaddaşında silinməz iz qoymağı bacarıb.
“Qızmar günəş altında” filminin baş qəhrəmanı olan həkim Aydın Zeynalov (aktyor Ə.Fərzəliyev) Eldarı sağaltmaq üçün kəndə gəldiyi gündən mühəndis Cəlal (aktyor Faiq Mustafayev) tərəfindən xoş qarşılanmır. Film ilk kadrlarında bizə biri digərini inkar edən qütbləri təqdim edir. Lakin həkim Aydın Zeynalovun kəndə getməsi, orda ilk baxışda vəzifə borcunu yetirməyə çalışan, əslində isə mənəviyyatı çürümüş, mövhumatçılıq prinsipini şüurlarında keçmişdən miras saxlamış mühəndis Cəlal kimi insanların vicdanlarının, yatmış ruhlarının oyanmasına səbəb olur.
Araşdırmaçı Gülcahan Mirməmməd yazır ki, Faiq Mustafayev “O olmasın, bu olsun” filmindəki epizodik rolu ilə ikinci planda qalsa da, cəmi 4 epizodda görünsə də tamaşaçının diqqətini çəkə bilir.
“Faiq Mustafayevi kino aktyoru kimi məşhurlaşdıran iki rolu var – “Qızmar günəş altında” filmindəki mühəndis Cəlal, bir də “Bəxtiyar” filmindəki Yusif. Nə qədər qəribə olsa da, öz xeyrini güdmək xasiyyəti özü ilə birlikdə böyüyən xudpəsənd Yusif filmin ilk epizodlarından sona doğru islah olan, səhvini başa düşüb kənd camaatının su tapmaq uğrunda mübarizəsində əsas simaya çevrilən Cəlaldan daha populyar qəhrəmandır. Artıq zərb-məsələ çevrilmiş “Sizin alma bağınızı öz meyvə bazamız hesab etdiyimiz günlərdə, Teymur Əliyeviç...”, “Bəli, bibi Yusifi sevir, Yusif də bibini” ifadələrini söyləyən ticarətçi Yusif rolunda gənc aktyor daha sanballı, bir qədər də yaşlı görünür. Halbuki, bu filmlər 1955-1957-ci illərin məhsuludur.
Faiq Mustafayev “Qara daşlar” filmində fədakar dəniz neftçisi, fəhlə Teymur rolunda çəkilib. Teymuru onun filmdə oynadığı dörd obrazdan ən müsbəti, ən səmimisi hesab etmək olar. Qara daşlarda işləyən kəşfiyyat briqadası tufana düşür. İşi saxlamaq istədikdə qazılan quyunun baltası Temurun əlindən çıxaraq Tahiri yaralayır. Bu hadisədən sonra Teymur uzun müddət özünə gələ bilmir, hətta həkimlər Tahiri müayinə edərkən uşaq kimi ağlayır, ona bir şey olarsa, bundan sonra necə yaşayacağının narahatlığını yaşayır”.
Araşdırmaçının bildirdiyinə görə, bu filmlərdən sonra Faiq Mustafayev bir də kinoya çəkilmir.
“Onu daha filmə dəvət etmirlər, yoxsa Yusif rolundakı “çoxmənalı” uğurundan sonra aldığı təklifləri bəyənmir? Ya da opera səhnəsindəki işinin çoxluğundan kinoya çəkilmək istəmir? Təəssüf ki, bu sualların cavabı məlum deyil”.
Faiq Mustafayev səhnədəki xidmətlərinə görə 1959-cu ilin iyununda Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Əməkdar artist 1977-ci ildə teatr Leninqradda (indiki Sankt-Peterburq) qastrol səfərində olarkən qəflətən vəfat edib. Onun Bakıdakı Yasamal qəbiristanlığında dəfn edildiyi bildirilir.
Təəssüf ki, 54 yaşında işıqlı dünyanı tərk edən Faiq Mustafayevin soyunu kimin davam etdirdiyi barədə məlumat öyrənə bilmədik...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar