Xəbər lenti












        Orhan Arasın "Biz Azərbaycanı çox sevdik" adlı kitabını oxudum. Kitab esse-memuar janrında yazılıb, amma onu avtobioqrafik əsər kimi də qəbul etmək olar. "İnsan düşüncədən ibarətdir, qalanı ətdir, sümükdür”, - deyir Mövlanə Cəlaləddin Rumi. Əsasən Azərbaycandan və azərbaycanlılardan bəhs edən bu maraqlı kitab “Mücrü” nəşriyyatında işıq üzü görüb, 204 səhifədir. Azərbaycan türkcəsinə uyğunlaşdıran Nazim Əhmədli, kitabın rəssamı Sehran Allahverdidir.



      Müəllif uşaqlıq xatirələrindən - Ağrı dağının ətəyindəki İğdırın cənnətməkan düzənliklərindən, anasının bayatılarından, qürurlu, azdanışan atasının təbiət sevgisindən, ovçuluğundan, babasının köhnə dəyirmanından və s. başlayıb, izinə düşdüyü Azərbaycana sevgisinədək bütün hiss və duyğularının qanadlarına oxucusunu da alıb özünün getdiyi bütün şəhərləri, ölkələri gəzdirir, hər kəslə tanış edir. Əslində, o kəslər bu və ya digər tərəfdən hamının tanıdıqlarıdır, amma Orhan bəyin təqdimatında onları fərqli tərəfləri ilə yenidən tanıyırıq. Onlar yaxın keçmişdən – Heydər Əliyevdən, Əbülfəz Elçibəydən, Bəxtiyar Vahabzadədən, Abbas Zamanovdan başlayan Azərbaycanın siyasi sferasında, elmində, ədəbiyyatında, mədəniyyətində, jurnalistikasında və s. rol oynayan ziyalı şəxslərdir. Davamı Orhan bəyin yaddaşına hər hansı bir fikri, şeiri ilə köçən müasir alim, yazıçı və şairlərin təqdimatıdır ki, onların arasında mən də varam. 

      Qeyd edim ki, müəllif əsərdə bəhs etdiyi insanları necə tanıyıbsa, elə təqdim edib, artırıb-əksiltmədən. Bu cür yanaşma, əslində, təqdim edilən qədər müəllifin özünün də təqdimatıdır. Müəllif öz “obraz”ı haqqında elə bir cümlə işlədir ki, oxucu onun həmin şəxsə demədiyi “Sizi qiymətləndirirəm, bu davranışınız məni sevindirdi” və ya “Məncə, sən düşünmədən hərəkət etmisən, yanılmısan” kimi  sözlərini eşidir. Təəssüf hissi ilə qeyd edim ki, oxucuda bu hissi hər qələm adamı yarada bilmir. (Bu, əvvəllər psixologiyada patoloji hal kimi qəbul edilirdi, sonrakı tədqiqatlar göstərdi ki, bu hal şəxsiyyətin xüsusiyyəti kimi dəyərləndirilməlidir, çünki şəxsə aid sosial-mədəni vəziyyətdir.) 

       Doğrusu, mən bu vaxtadək nədənsə Orhan Arasın cənubi Azərbaycandan olduğunu sanırdım. (Vikipediyaya baxmamışdım.) Bəlkə də bu onun öz yaradıcılığında o taylı soydaşlarımızın həsrətini, ağrısını, birlik arzusunu daha çox qabartması ilə bağlıdır. Demək ki, millətçilik, milli şüur, əqidə bu yolda mübarizədən keçir, harada doğulmağın elə də çox fərqi yoxdur. Məsələn, bu kitabdakı xatirələrində qeyd etdiyi: bir gün məscidin həyətində Arazın o tayına köç edən durnaların səfinə baxıb gözləri yaşaran, yolları kəsilən, körpüləri qırılan, ayrılacağı qorxusundan heç evlənməyən Hacı Hüseynin dərd ortağı olmaq, dünyanın müxtəlif yerlərində türk gəncliyinin milli birlik idealı uğrunda meydanlara atılmasını, həbslərə düşməsini, haqlı mücadiləsini davam etmək üçün mühacir həyatı yaşamağa razı olanların duyğularını yazmaq da bir cür milli mübarizədir.
 
       Azərbaycanda 1988-ci ildən (bəlkə də daha əvvəldən) başlayan hadisələr, Xalq Cəbhəsinin qurulması, 20 Yanvar hadisələri, Qarabağ münaqişələri, Azərbaycanın suverenlik yolunda mübarizəsi, müəllifin də içində olduğu qrupun diaspor xətti ilə H.Əliyevlə görüşləri, xüsusilə, bugünədək olan bütün siyasi-iqtisadi hadisələrlə bağlı xaricdə yaşayan türklərin sözdə və əməldə dəstəkləri bu kitabda geniş yer alıb. O dövrdə bu dəstək bizim üçün çox önəmli idi, çünki o vaxtlar xarici ölkələrin mətbuat və yayım təşkilatları qərəzli nəşrlərlə ermənilərin azərbaycanlılara etdiyi zülmlərə haqq qazandırırdılar. Bizimsə informasiya və diaspor cəbhəsində mübarizə aparmaq imkanlarımız yox dərəcəsində idi.  

       Həyatda görüşməsək də, Orhan Arasın yaradıcılığını izləyirəm. Bir diplomat, yazıçı, tərcüməçi kimi zəhmətini alqışlayıram və milli birlik uğrunda apardığı şərəfli mübarizədə ona uğurlar arzulayıram.

        İnsan həssas, emosional varlıqdır - sevgi, həsrət, ədavət, kin, qəzəb kimi müxtəlif duyğulara sahibdir. Hamı bu duyğuları yaşayır, amma hamı onu qarşı tərəfə anlada bilmir və içində yaranan boşluğa düşür. Orhan Aras "Biz Azərbaycanı çox sevdik" kitabında duyğu və düşüncələrini o qədər orijinal və dəqiq ifadə edib ki, oxucu içində olduğu o boşluğu doldura bilər. Və ona cavab olaraq deyər ki, Orhan bəy, Azərbaycan oxucusu da, Azərbaycan xalqı da sizi çox sevir. 

           Adilə Nəzər 
           Filologiya üzrə fəlsəfə doktoru







Ana səhifəyə qayıt        Baxış: 2 215          Tarix: 13-02-2022, 10:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma