Vəziyyət acınacaqlıdır. Hətta çox-çox acınacaqlı. Son dövrlər mədəniyyət sahəsində baş verən hadisələr, bəli, məhz əhvalat yox, hadisələr vadar edir ki, yazıya belə pessimist formada giriş edim. Məsələni çox uzatmadan birbaşa mətləbə keçirəm.
Noyabr ayının gəlişi mədəniyyət sahəmiz üçün o qədər də ürəkaçan olmadı. Media başdan-başa Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Mədəniyyət Nazirliyində əməliyyata başladı kimi xəbərlərlə bəzəndi. Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanıldı. Ardınca isə Elnur Əliyev tutduğu vəzifədən azad edildi.
Bir neçə gün keçdi. Noyabrın 11-də paytaxtımızda 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılışı oldu. Açılışda Mədəniyyət Nazirliyinin rəsmiləri, görkəmli sənət adamları, media nümayəndələri iştirak etdilər. Əsas mükafatı “Qızıl Nar” olan festivala ümumilikdə 79 ölkədən 814 film təqdim edildi.
Noyabrın 15-də başa çatan festivalın bağlanış mərasimində festivalın təşkilatçısı gülərüz, mehriban Fehruz Şamiyev səhnəyə çıxaraq Mədəniyyət Nazirliyinə təşəkkür etdi. Müstəqil rejissor Amil Amal isə simvolik hədiyyəsini almaq üçün səhnəyə qalxan zaman Mədəniyyət Nazirliyinin fəaliyyətini tənqid etdi, Nazirlik tərəfindən gənc rejissorlara heç bir dəstək olmadığını, nazirlik tərəfindən keçirilən film layihələrinin maliyyə məsələlərinin həll olunmamasını qeyd etdi. Amil bəyin çıxışı alqışlarla müşayiət olunsa da, onun səsinə zalda əyləşən teyxa sənət adamlarından biri də səs vermədi.
Və... Daha incə bir nüans. Festivalın bağlanış mərasimində iştirak edən media adamlarının müşahidələrinə görə elə bir həftə əvvəl Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad olunan Elnur Əliyev öz əyanları ilə mərasimdə hələ də, birinci müavin ədası ilə iştirak edir, necə deyərlər, özlərini sındırmırdılar.
Ancaq hələ əsl kino bundan sonra başlanır. Məsələnin ən gülməli tərəfi odur ki, keçən il qalmaqalla müşayiət olunan Bakı Beynəlxalq Qısa Filmlər Festivalından sonra bu ilki festivalda bu qalmaqalın yaranmasına heç bir əl yeri qoyulmayıb. Belə ki, ötənilki festival qalmaqalına əsas səbəb mükafat fondunun 3 min manat olduğu üç nominasiyanın ("ən yaxşı bədii film", "ən yaxşı rejissor" və "ən yaxşı animasiya") sahibsiz qalması idi.
Təşkilatçıların arqumenti bundan ibarət idi ki, müsabiqədəki bədii filmlər qalib olmağa layiq deyildi. Bu il isə Mədəniyyət Nazirliyi baltanı kökündən vurur, festivalda iştirak edən filmlər, qaliblər üçün bir qəpik də olsun pul ayırmır. Bəs illik büdcə, altı milyon pul hara buxarlanıb? Mədəniyyət Nazirliyi nə vaxtdan Kimya elminin qanunları ilə maddənin maye və bərk haldan qaz halına keçməsi prosesi ilə işləyir? Olmazdımı, həmin kimyəvi prosesdən əvvəl altı milyonluq büdcədən yuvarlaqlaşdırılmış bir rəqəm 6 min manat təyin edəydilər?
Elə isə Fehruz Şamiyev səhnəyə çıxıb nəyə və hansı dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkür edir? Və yaxud da, hansı gününə gülürdü?
Bəlkə, təşkilatçı olaraq özü üçün yazılan qonorara görə? Fehruz müəllim əsəbiləşməsin, ötən il də bu festival üçün xeyli həyəcan və əsəb gərginliyi keçirmişdi. Hər halda, könlüm razı olmaz ki, bu il də eyni situasiya ilə üzləşsin.
Doğrusu o, özü də daha keçənilki qədər naşı deyil ki, festival barəsində narazı qalan tərəflərə sorğu göndərdiyi üçün media nümayəndəsinə, sayt redaktoruna təhqir dolu mesajlar yazsın. İndi hər şey sadə, “sanballı” şəkildə baş verdi. Necə deyərlər, alan razı, satan razı. Fehruz bəy də, bir alıcı kimi çox razıdır.
Amma ona mədəniyyət adamı, kino işçisi, rejissor olmasını da, xatırlatmaq yerinə düşər. O və onun silahdaşları, qələmdaşları, kinoçıxaran, yazan dostları arada əllərini Fellininin, Berqmanın, Kurosavanın, olmadı, Eldar Quliyevin filmlərinin üzərinə qoyub ürəklərinin səsinə qulaq assınlar ki, qaliblərə bir qəpik pul verilməyən, heç bir dəstək olmayan bu mənasız festivalın keçirilməsinə nə ehtiyac var? Yenə deyəcəklər ki, yazar xanım kimlərinsə çörəyinə bais olur. Eybi yox, desinlər.
İndi keçək növbəti sürprizlərə. Necə deyərlər, teatr sahəsində baş verənlərə. Ümumiyyətlə, bizim teatr sahəsində nə isə baş verirmi? Əvvəlcə bu barədə ciddi-ciddi düşünmək lazımdır. Gəlin ondan başlayaq ki, teatr sahəsində bu gün əlinə qələm götürüb yazan tənqidçilər varmı? Əlinə qələm götürüb götürmədiklərini deyə bilmərəm, amma adları teatrşünas, teatr tənqidçisi olanlar var.
Başlayaq adlardan. Aydın Talıbzadə, Məryəm Əlizadə, İlham Rəhimli, Vidadi Qafarov, Aliyə Dadaşova, Könül Cəfərova, Elçin Cəfərov, Dağlar Əfəndi. Bildiyim bunlardı. Doqquz nəfərə çatdılar?
Bir az da silkələsək, on beş olarlar. Çox səmimi, qərəzdən, qəzəbdən uzaq formada onlara sual etmək istəyirəm.
Son bir ildə hansı teatr tamaşasından gündəmə çevrilə biləcək tənqidi yazı ilə çıxış ediblər?
Hörmətli Aydın Talıbzadənin sığallı yazılarını çıxmaq şərti ilə bu teatrşünaslar teatr sahəsində hansı yaranın üstünü tərpədiblər? Aydın müəllim yenə ildə bir dəfə məftunu olduğu aktrisamız Şükufə Yusupova haqqında heyrətamiz, cəlbedici, tərif dolu yazılar yazır.
Nədənsə Aydın müəllim, Akademik Dram teatrının ştatında ola-ola, on ildən çoxdur teatrın bir tamaşasında belə olsun iştirak etməyən Şükufə xanımı təriflərə boğur, amma teatrın repertuarında üç tamaşa ilə iştirak edən, “Xanuma”, “Qətibə İnanc”, “Filumena Marturana” kimi əsas rolları ifa edən elə Şükufə xanımın həmyaşıdı Bəsti Cəfərovanın ifasını tənqid edir. Bəs teatrşünas şərəfi, yazıçı ədaləti, vicdan harada qaldı, Aydın müəllim? İnsaf da dinin yarısıdı axı.
Necə olur ki, o, illərdir səhnəyə çıxmayan bir aktrisanı mədh edir, öyür, amma illərini sənətə qurban verən, 60 yaşında da, səhnədə can qoyan, teatrın repertuarını çiynində aparan böyük bir aktrisanı tənqid edir?
Əlbəttə, indi kimsə ayağa qalxıb deyə bilər ki, bəs müəllif, yəni bəndəniz şəxsi münasibətlər, dostluqlar zəminindən yola çıxıb belə abzas yazıram. Amma gəlin, əlimizi ürəyimizin üzərinə qoyaq. Bəsti Cəfərovaya alternativ kimin adını çəkim?
Sənubər İsgəndərlinin? Axı bu ədalətsizlikdir. Sənubər xanım yaraşıqlı, gözəl qadın ola bilər. Amma onun adını necə Bəsti Cəfərovanın adıyla əvəz edib, Şükufə Yusupova ilə müqayisələndirim?
Və yaxud Zemfira Nərimanovanın adını çəkim? Sonuncu rolu 2012-ci ildə səhnəyə qoyulan “Napoleon” tamaşasındakı Jozefina rolu olub.
Firəngiz Mütəllimovanın? Səhhətinə görə artıq o da tamaşalarda aparıcı rollar ifa edə bilmir. Görürsünüz, ortada təmtək yenə də Bəsti Cəfərova qalır. Ona görə də müqayisə üçün onun adını çəkməyə məcburam.
Burada Şükufə Yusupovanın adını başqası ilə misalçün, Mehriban Zəki ilə əvəz etmək olar. Çünki səhv etmirəmsə, Mehriban xanım da, xeyli vaxtdır ki, Akademik Milli Dram Teatrının ştatında fəaliyyət göstərir. Amma Azdramanın səhnəsində Mehriban xanımın nə zaman göründüyü onun özünün də yadından çıxıb. Digər tərəfdən də axı Aydın müəllim ildə bir dəfə Mehriban Zəkini yox, Şükufə Yusupovanı mədh edəcək yazılar yazır. Yəni bu geniş izahdan da belə məlum olur ki, mən heç bir şəxsi dostluqdan, münasibətdən istifadə etmədən, həqiqəti yazıram.
Aydın Talıbzadə bayaq yuxarıda adlarını çəkdiyim teatrşünasların çoxunun müəllimi olub. Bəlkə, onlar da müəllimlərinə baxıb belə tənbəlləşirlər, ruhdan düşürlər?
Elə deyilsə, onlar niyə gedib teatr tamaşalarına baxmırlar?
Bir neçəsinin arqumentini təxminən bilirəm. Teatra gedəndə yatıram, yuxu məni basır, tamaşalar mənasız və maraqsızdı. Eybi yox, anam, bacım, qardaşım. Qoy yuxu səni bassın, lap istəsən teatrın zalında mürgülə, amma sonra silkələn, oyan, gəl, evinə otur, o tamaşadan yaz. Bəs sənin adın nədən teatrşünasdır? Ancaq tamaşaları tərifləmək və ya susmaq üçün?
Hörmətli şünaslar, sizə elə gəlmir ki, yazmaq sizin ən birinci, əsas borcunuzdur? Kino sahəsində də, tənqid gül-çiçək açmayıb. Kinotənqidçilər ciddi-cəhdlə susurlar. Yenə nə yaxşı ki, Sevda Sultanova var. Gözümüzə işıq tutur. Kino tərəfimizdəki ağla, qaranı bizə göstərir. Sevda Sultanovanın tək canı ilə kino tənqidində etdiyini 9 nəfər teatr sahəsində edə bilmirsə, onda adlarını niyə teatrşünas, teatr tənqidçisi qoyublar? Bəlkə, adamları daha bu qədər də dolamayaq? Axı siz bu sektorun içərisindəsiniz? Çox şeylərdən məlumatınız var? Nədən qorxursunuz?
İndiyə baxanda, keçmiş şükürlü imiş. Deyirlər ki, rejissor Tofiq Kazımovun “Hamlet” tamaşasının premyerasından sonra o dövrün məşhur tənqidçilərindən biri “Dayan, Hamlet” adlı resenziya ilə tamaşanı sərt şəkildə tənqid edir, el dili ilə desək, ağ yuyur, qara sərir. Xatırladım ki, tamaşanın bəstəkarı Qara Qarayev, rəssamı Tahir Salahov, Hamlet rolunun ifaçısı da Həsənağa Turabov idi. Rejissoru da bildiniz...
Yaxşı, bəs indi dayan “Almaz”, “Ölülər”, “Dəli yığıncağı”, “Ah, bu uzun sevda yolu” (son illər baxdığım tamaşalar bunlardı) deyən teatrşünaslar, teatr tənqidçiləri hardadı?
Bir xırda məişət səviyyəli məsələyə də, münasibət bildirim keçim II “4.4 Qısa Tamaşalar Festivalı”na.
Bir neçə il bundan əvvəl "Yuğ"da “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşadan təəssürat yazısı yazmışdım. Əlim quruyaydı, yazmaz olardım. Sən demə tamaşanın rejissoru Mehriban Ələkbərzadənin bu çox yaxşı səhnə əsəri kimlərinsə ocağına su əndəribmiş. Bu sönən ocaqda isə teatrşünas Dağlar Əfəndinin də qığılcımı olduğundan, bu yazım Dağlar bəyi bərk qeyzləndirir. Hətta o qədər bərk qeyzlənir ki, qeyzi qəzəbə çevrilir və ədəbiyyat adamlarının teatra burun soxması haqqında qısa fikirlərini yazmaqdan da, çəkinmir.
Harada yazmağını xatırlatmaq istəyib təzədən ortalığa qanqaraçılıq salmayaq. Hamı hər şeyi yaxşı bilir. Xüsusən, özündə olanları. Mən də xeyli üzüyola adamam, dava-şava ilə də aram yoxdu. Dağlar bəyin əsəbiləşməsindən sonra teatral əhvallı qələmimi yerə qoyub, keçdim bu tərəfə. Çünki ayıq adam kimi teatr monopolistləri, qruplaşmaları ilə bacarmayacağımı çox erkən anladım. Dedim, gedin, o teatrlarınız, o da siz. Götürün nə qədər istəyirsiniz yazın, pozun, təriflənin. Mən bundan sonra ədəbiyyatda özümə bir gün ağlamağa, ən əsası da burnumu qorumağa çalışacam. Onsuz da, ədəbiyyatımızda da aləm qarışıb bir-birinə. Öz dərdimiz, özümüzə bəsdir.
Bir sözü çox deyəndə, elə yazanda da, yaxşı olmur. Şiti-şoru çıxır. Amma qılınc müsəlman söhbəti bizdə hər zaman aktualdır. “Müəmmalı bir qətlin üç versiyası” adlı vaqeə 2019-cu ildə baş vermişdi. İndi isə il 2022-ci ildir. Amma Dağlar Əfəndi nə siz, nə də yuxarıda adlarını çəkdiyim dostlarınız bu günə qədər bir maraqlı resenziya ilə çıxış etməmisiniz ki, bilək görək nə var, nə yox.
Əlinizin də altında o boyda Teatro.az adlı mədəniyyət portalı var. Bu portalın qapıları bizə olmasa da, sizin üzünüzə gecə-gündüz açıqdır. Heç olmasa, bu imkandan istifadə edin.
Teatro.az demişkən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 25-30 noyabr 2022-ci il tarixində Bakı şəhərində II “4.4 Qısa Tamaşalar Festivalı” keçirir. Festival keçiriləcəyi barədə qısa xəbərlərdən başqa mediada heç bir məlumat verilməyib.
Yenə Beynəlxalq Qısa Filmlər Festivalında bildik ki, pul mükafatı-filan heç nə yoxdur. Biz də rahat olduq, festivalçılar da.
Bəs “4.4 Qısa Tamaşalar Festivalı”nın təşkilatçıları haradadır? Niyə mediaya açıqlama vermirlər? Niyə festivala ayrılan büdcə haqqında bizi aydınlatmırlar? Bax elə burda mən qəribi ağlamaq tutur.
Yadıma bu ilin yayında “təşkil olunan” Milli yaylaq festivalı düşür. İlahi, getsin, o günlər geri gəlməsin. O nə biabırçılıq idi? Bu haqda "Yaylaq festivalında baş verənlərin günahkarı kim idi?" adlı yazımda yazmışam. Ona görə də təzədən dəfədaraq başlamaq istəmirəm. Amma bir həftə mediada, sosial şəbəkələrdə həmin festivalın məhz maddiyyatdan yaranan rəzaləti barədə yazılsa da, deyilsə də, festival rəsmiləri festivala ayrılan büdcə haqqında bir kəlmə də, dinib danışmadılar. Ağa Nəzərəm, belə gəzərəm iddiaları ilə boş-boş çıxışlar edib, yuxa qulağı suladırlar.
Qayıdaq, “4.4 Qısa Tamaşalar Festivalı”na. Media nümayəndələrinin sosial şəbəkələrdə yazdıqları statuslardan məlum olur ki, builki festivala giriş Tesey labirintinə dönüb. Yazılanlara görə Akademik Musiqili teatrda 25 noyabrda başlanan festivalın giriş qapılarında həbsxana bələdçilərini xatırladan xanımlar dayanıblar. Və bu xanımlar gələn qonaqları yer yoxdur deyib geri qaytarırlar.
Nə baş verir, cənablar? Festival bağlı qapılar arxasında öz dar kütləniz üçün hesablanıbsa, deyin, biz də bilək, özümüzü zəhmətə salıb gəlməyək. Elə deyilsə niyə heç olmasa media və sənət adamlarını içəri buraxmırsınız? Nədən qorxursunuz? Bunları da qoyaq bir tərəfə. Niyə festival təşkilatçıları öz qonorarları da daxil olmaqla festival üçün ayrılan büdcəni açıqlamır? Ümumiyyətlə, bu nə tendensiyadır? Dövlət büdcəsindən ayrılan pullar niyə əlaqədar qurumlar tərəfindən açıqlanmır? Axı həmin məbləğ heç kimin şəxsi vəsaiti deyil, dövlətindi. Biz sizinlə necə edək, nətər davranaq ki, nə şiş yansın, nə də kabab? Biz bir ovuc media və sənət adamı sırf mədəni məsələlərdə heç cür dil tapa bilmirik, bir-birimizi anlamırıq. Biz hələ Çexovu, Tolstoyu, Folkneri, Stanislavskini, Bazeni oxumuş adamlarıq. Əgər biz-birimizlə dil tapa bilmiriksə, onda sadə vətəndaşları, Tiktok dövrünün adamlarını niyə qınayırıq?
Sizə elə gəmir ki, cəmiyyətimizdə baş verən hər şey belə yuxarıdan aşağıya doğru zəncirvarı şəkildə baş verir? Axı siz, biz, onlar indiki dövrlə bitmir. Dünyaya yeni insanlar gəlir, iməkləyir, divardan, beşikdən tutub yeriyir, əvvəl bağçaya, sonra məktəbə, sonra teatra gedirlər. Yekəlib yekə-yekə adamlar olurlar. Yəni şüurlu insan nəsli davam edir. Biz onlar üçün yaradıcılıq adına nə qoyuruq? Bizim oxumağa Füzulimiz, Nizamimiz, Axundovumuz, Cəlilimiz, İsa Hüseynovumuz, Mövlud Süleymanlımız, Həmid Herisçimiz vardı. Bəs bizdən sonra gələnlərin nəyi olacaq? Bu barədə düşünmürsünüz heç?
Mədəni, sivil insanların yolu mütləq teatrdan keçir, keçməlidir. Ədəbiyyatı, teatrı, kinosu, musiqisi, simfoniyası, Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Rza Təhmasibi, İsmayıl Dağıstanlısı, Hökümə Qurbanovası, Şəfiqə Məmmədovası, Həsənağa Turabovu (siyahını nə qədər desəniz uzatmaq olar) olmayan cəmiyyət nəyə və kimə lazımdır? Bir anlıq təsəvvür edin ki, bizim bu adlarını saydıqlarımızın heç biri yoxdur. Onda necə olur? Çevrilib oluruq Əfqanıstan, Taliban, mən nə bilim haraıstan.
Əlbəttə, teatrlara gedib teatrın rəhbərliyinə biletləri qaldırmağı təklif etmək, bu barədə yox cavabı alandan sonra teatr üçün illik plan proqnozunu 50 faiz artırmaq, daha sonra teatrda səsli-küylü yoxlamalar aparmaq, bunların vaxtını uzatmaq da olar.
Bunlar hamısı bizim kimi məmləkətlərdə gözləniləndir. Ancaq Mədəniyyət Nazirliyinin teatr sektorunda məsləhətçi vəzifəsində çalışan adamın kasıbın uşağının teatrda bir işi yoxdur, teatr varlıların uşaqları üçün bir əyləncə vasitəsi kimi düşünməsi yumşaq desək, ləyaqətsizlikdir. Əksini iddia edən varsa, buyursun. Buyursun gələcəyin ədəbiyyatsız, teatrsız, kinosuz, musiqisiz cəmiyyətinə.
Kulis.az