Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
VƏTƏN XAiN(lər)iNƏ
Bu vətən sənin deyil, xain, danışma daha,
sən vətəni nə vaxtdır pulqabına qoymusan.
Vətənə xəyanətin bəhanəsi olarmı?
..qeyrət, şərəf baxımdan çoxdan alçaqboylusan.
sən ey nəfsinin qulu,
sən ey "xan", sən ey "ağa",
sən vətəni satanda,
vətənin oğulları can verirdi torpağa,
düşmənlə ittifaqa xain imza atanda
xına yaxmaq yerinə qan tökürdü bayrağa...
xalqa nə yaşatmısan, özün də çəkəcəksən,
cəhənnəm atəşini canda hiss edəcəksən,
vaxt gələcək it kimi gəbərib gedəcəksən...
bil ki, əziləcəkdir o satqın, dönük başın,
başına yağacaqdır bu vətənə, dövlətə
atdığın hər bir daşın...
Müqəddəs yurd çörəyi gələcəkdır burnundan,
heyifi çıxacaqdır qızından, həm oğlundan...
sən ey vətən xaini,
əgər adam olsaydın,
sənə gələn təklifə fəryadınla ötərdin,
əgər insan olsaydın,
gözünü fəda edən Qazilərin əlindən,
canını qurban edən
qəhrəman Şəhidlrəlin ayağından öpərdin.
daha haqqın qalmayıb bu torpaqda gəzməyə,
sən şeytansan, İblissən,
sən sevinc qənimisən, sən gülüş oğrususan,
müqəddəs torpağımın, satqın, üz qarasısan.
Vətən pul deyil, xain, vətən duzdur, çörəkdir,
Vətən candır, ürəkdir!
Vətəni sevmək üçün uğurunda döyüşmək,
Vətəndə qalmaq üçün
Vətən olmaq gərəkdir.
Bu vətən sənin deyil...
TƏBRiZiM
Bu dəfəki güclü seldir,
Düş axına, Təbrizim.
Vaxt yetişib, biraz haram
Qat yuxuna, Təbrizim.
Üç tonqal yanır elində..
Səsin Bozqurdun dilində
Azadlığın öz əlində, -
"Döz" axı nə, Təbrizim.
Ahından çalxanar Araz,
Qılıncın qalxanar Araz.
Əl verər, arxanar Araz,
Az-çoxuna, Təbrizim.
Dinsiz molla qarışdırır,
Ahıl, körpə, gənc qışqırır...
Torpağından qan fışqırır
Gül yaxana, Təbrizim.
Qalx günün günorta çağı,
Baş açsın Savalan dağı.
Al kürəyindən bıçağı,
Çək qorxuna, Təbrizim.
Vermə haqsızlara aman,
Ələ düşməz belə meydan.
Özüm gəlim, olum qurban
Qan qoxuna, Təbrizim.
Yığ başına oğul-qızdan,
Yaranı yu çıxart duzdan.
Yapış, asıl ay-ulduzdan,
Gəl yaxına, Təbrizim.
BİZ SAVAŞ İSTƏMİRİK
Atın silahınızı, günə ümidlə baxaq,
Biz savaş istəmirik!
Bugünü xoş keçirək, sabaha sağlam çıxaq
Biz savaş istəmirik!
Parklarda gül yerinə göyəribdir başdaşı,
Axmasın daha nə qan, nə də ki bir göz yaşı,
Şuşanın dağlarının duman olmasın başı,
Biz savaş istəmirik!
Çəməni çöl etdiniz, nə keçdi əlinizə?!
Bilirəm, dil verənlər var sizin dilinizə,
Gəlin, razı olun siz daha taleyinizə,
Biz savaş istəmirik!
Sülh nəğməsi oxuyaq, qoy, dilləri dolaşsın,
Buz bağlamış qəlblərin bəlkə donunu açsın,
Ədalət zəfər çalsın, səsi haqqa ucalsın,
Biz savaş istəmirik!
Bu günədək olmadı bir acı söz dilimdə,
Tarix görməyib hələ bir xeyir əməlində,
Kökünüz kəsiləcək sabah Türkün əlində,
Biz savaş istəmirik!
ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ
Orda yağış yağırmı şəhid məzarlarına?
Hələ də islanırmı gəlinlərin yanağı?
Dərman ola bilirmi həsrət azarlarına,
Ordakı anaların oxşamağı torpağı?
Naxçıvandan Qarabağ necə görünür bu gün,
Günəş qamaşdırırmı gözlərini uzaqdan..
Göstərin, qoy olanlar dörd tərəfdən görünsün –
Neçə şəhid göyərir son düşdüyü torpaqdan?
İki min iyirminin qədəmləri bəddimi?
Bir sevincə bürünüb azalırmı hər sızı?
Qan qoxuyan dağların könülləri şaddımı?
Lalələri yenidən geyinirmi qırmızı?
Yollar boyu əkilən ulduzlar görünürmü?...
Axan bulağın səsi balanı kiridirmi?
Yar yolu gözləyənlər ilan tək sürünürmü?
Can deyənlər nəfəs tək toxunub əridirmi?...
Uzanırmı köməyə kimsəsizə yüz-yüz əl,
Varmı o yaraların ağrısını uyudan?
Ağlamaq istəyəndə qarayaylıq o gözəl,
Yalvarırmı küləyə, səslənirmi buluda?
Şəhid analarını görüb dondum bu gecə,
Ayrılığın əzabı orada da ağırmı?
Bir xəbər ver, can bacı, orda havalar necə?
Şəhid məzarlarına yenə yağış yağırmı?
Adilə Nəzər
Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar