Xəbər lenti

               Ovqat.com Nurafizin şeirlərini təqdim edir

 

 MƏN ÖMRƏ LAYLA ÇALDIM

 Gəldiyim yol upuzun,
 Nəfəs dərdim arada.
 Neçə güvənc yerində
 Ağ göründü qara da.

 Bələni aşdım daha,
 Yol gedirəm ahəstə.
 Ömrə layla çalmışam
 Sözümün dizi üstə.

 Durub kimə ərk edim,
 Qanlı tutum niyəsə?
 Eh... özümə uduzdum
 Mən bu ömrü deyəsən. 

BİR MİSRA O YANA BAŞQA HAVADI

Bir misra o yana başqa havadı,

Orda itirmişik ömrün dadını.

Vaxtı səbrimizin cibinə qoyub,

Ayrılıq qoymuşuq hələ adını.

 

Sevincin tamını yadırğamışıq,

Daha yaşımızın dərd ölçənində.

Ayağa durammır xatirələr də,

Yolunu azıbdı fikrin çənində.

 

İllərin yel döyən payız vədəsi,

Qismətin sonuncu payıdır yollar.

Daha əvvəlki tək vaxt çapammırıq,

Daha üzümüzə qayıdır yollar.

FİKRİM DAMIR AĞIR-AĞIR


 Qəfil dönüb geri baxdım,
 Xatirələr kövrək, həzin...
 O səs onun səsi idi,-
 Mən tanıyan Nurafizin.

 Pıçıltılar xatirənin
 Qapısını döyür pəsdən.
 Halal söznən azad ollam
 Ömür adlı bu qəfəsdən.

 Vaxtın səbri daralıbdır,
 Fikrim damır ağır-ağır.
 Daha ömrün yağışları
 Payızın ovcuna yağır.

 NAĞIL

 Getdin...
 Sükuta bələdin minalanmış səbrimi-
 səsinin şəkli qaldı yadımda.
 Daha
 yaddaşımı diksindirir
 hər gələn xəbər
 ayrılıq adında.

 Hər gün
 ömrümün qapısını döyür
 ayrılığın ərklə.
 Söylə,
 necə nağıl qoşum sənə
 ayağı yalın ürəklə?


 ALIN YAZIN "HƏBS" OLUB


 Qayğıların ağrısı
 Saçlarına dağılıb.
 Yuxusuz gecələrin
 Qanı gözə sağılıb.

 Alın yazın ,,həbs” olub
 Barmaq adlı qəfəsdə.
 Pıçıltın qərib düşüb
 Bu piyadə nəfəsdə.

 Onsuz da hara çəksən
 Ayrılıq gülümsənir.
 Elə sus, sükutunla
 Oxuya bilim səni.

BELƏCƏ, BƏXTİMİN GÜNORTA VAXTI

... Beləcə, bəxtimin günorta vaxtı

Yenə yanaqlarım nəm işğalında.

Axşamım ağ şama ləlik düşübdü,

Yığvalım gün döyür işıq halında.

 

Canımın ağrısı dadamal quzu,

Təliyə bilmirəm özgə sağmala.

Ərkim də çatmayır ayrılıqlara,

Deyəm ki, peşkəşdi - dağıt, yağmala.

 

Yarası qan verir qaysaq yerindən,

Çəməndə boy verən laləsi təzə.

Oxunan nəğmənin havası köhnə,

Lap Nuhdan qalmadı, naləsi təzə.

 

DAHA DEYƏMMİRƏM

Daha deyəmmirəm qayıdım geri,

Çırmanıb kül töküm, ev tikim kənddə.

Şəhərdə adına yazdığım şeri

Görəsən, oxuyub kim sevdi kənddə?!

 

Yenə kim əndərdi gileylərini,

Qınağa bələdi getdiyim yolu.

İldə üç-dörd dəfə kəndə gəldiyim,

Qırx ildir şəhərdə getdiyim yolu?!

 

Ağac olammadım yol qırağında,

Kölgəmə sığmadı bir qarışqa da.

Uzaqdan-uzağa salam yolladım,

Heç dadı qalmadı bir qarışda da.

 

Çıxıb öyəcəyim nəyim qalıb ki,

Öyüddən, danlaqdan keçibdi daha.

Adına yazdığım bircə misramı

Son dua biləydi kaş ki, Allaha.

 




Ana səhifəyə qayıt        Baxış: 1 966          Tarix: 4-06-2024, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma