Xəbər lenti

Hər şairin bir yeri, bir nəfəsi, bir inam nöqtəsi olur. Abbas Göyçəgöl üçün bu nöqtə insanın “özü”dür. Şeirlərində nə süni bəzək, nə də xüsusi iddia var, o, həyatı necə görürsə, elə də yazır: təmiz duyğudan, yaxşılıqdan, sədaqətdən, dilin və davranışın əxlaqından danışır. Şeirlərinin mövzusunda gəncliyin saf hissləri, inamın  və səmimiyyətin dəyişməyən dəyəri bir araya gəlir.

Hacı Abbas Bağırovun (Göyçəgöl) topladığı “Nərimanlı–Hüseynquluağalı aşıqları və şairləri. Poeziya çələngi” kitabında tərtibçinin öz şeirləri də yer alır. “Dalğınlıqlarım...”, “Bir qıza”, “Səninləyəm”, “Əzizim”, “Darıxan fikirlər”, “Qanunsuz qanun” və digər şeirləri fərqli duyğulardan doğulsa da, hamısı eyni mənəvi mərkəzə - insan qalmaq, insan kimi yaşamaq anlayışına yönəlir. Şair deyirdi ki, bu şeirləri 20-30 yaşlarında yazıb. Bəlkə də elə bu səbəbdən bu misralarda  gəncliyin coşqusu da, insan təbiətindən gələn müdrikliyin sakitliyi də var. A.Göyçəgöl illərin arxasından o şeirlərə baxarkən nə özünü tərifləyir, nə də o dövrün duyğularını böyüdür – sadəcə, həmin duyğuların onu hansı insana çevirdiyini göstərir.

Maraqlıdır ki, A.Göyçəgöl bu qədər poetik duyuma, ifadə zənginliyinə baxmayaraq, özünü heç vaxt şair kimi təqdim etməyib. Onun təvazökarlığı sətirlərin içindən belə duyulur, yazdıqlarını özünü göstərmək kimi yox, həyatla, insanlarla aparılan səmimi bir söhbət kimi təqdim edir.

Doğrudur, bu şeirlərin bədii-poetik yükü müasir poeziyanın estetik ölçüləri baxımından bəlkə də o qədər güclü deyil, amma onların ruhunda sözün mənəvi tərəzisi var. Hər misrada bir hikmət, bir ibrət, bir doğru yola çağırış hiss olunur. Bu, poetik ustalıqdan çox, vicdanın səsi ilə yazılan şeirlərdir - yəni səmimiyyətin poeziyasıdır. Elə buna görə də, şeirlər oxucunu təkcə duyğulandırmır, həm də daxili təmizlik və dürüstlük axtarışına səsləyir.

“Dalğınlıqlarım…” şeirinin əvvəlində Baxtiyar Vahabzadənin fikri epiqraf kimi verilib: “Məslək varsa, o bilir ki, yaşamağın mənası nə.../ Məslək yoxsa, o bir yükdür həm dünyaya, həm özünə. Bu sitat, əslində,  A.Göyçəgölün bütün şeirlərinin ideya istiqamətini müəyyənləşdirir. Müəllif həyatın mənasını məqsədsiz yaşamaqda deyil, arzuların, məsləkin ardınca getməkdə görür. 

“Arzular quş kimi uçdu qəlbimdən…” – deyən şair öz daxili gəncliyini, həyat eşqini xatırlayır, lakin bu nostalji duyğular ümidsizlik deyil, daxili oyanışın ifadəsidir.

Həyatın ağrıları və arzuların sönməsi mövzusu burada bir növ insan ruhunun təmizlənməsi prosesinə çevrilir. Şair yazır:

Yaşamaq varsa da arzular sönmür,
 Biri cavanlaşır, biri qocalır. 

Bu misralar həm zamanın, həm də insanın dəyişməsinin poetik fəlsəfəsidir: hər nəsil öz arzularını daşıyır, lakin yaşamaq istəyi heç vaxt ölmür. 

Şeirdə müəllif xatirələrdən çox, insanın öz-özü ilə mühakiməsinə keçir. Arzuların, amalların, ümidlərin ardınca gedən insanın hər zaman qalib çıxmadığını, bəzən dünyanın “fani bir düşmən” kimi davranıb insandan intiqam aldığını deyir. Lakin A.Göyçəgölün fikrində əsas vurğu dünyanın sərtliyi deyil, insanın bu sərtliyin içində özünü itirməməsidir.

Bu fani dünya da düşmən kimidir,
         Səndən intiqamı çox alır bəzən

Sevincin yerinə qəm qazanırsan.

Fəqət dözməlisən!

...Naşükür olmamaq,
                    olmamaq bəli!

Mənalı anlardır sənə təsəlli.

Məhz buna görə “naşükür olmamaq” misrası şeirin ən mühüm ideya mərkəzinə çevrilir. O, oxucuya açıq mesaj verir: həyatın sizi sınağa çəkdiyi anda belə içinizdəki şükür duyğusunu itirməyin.

A.Göyçəgöl üçün şükür, əslində, insanın özünü qorumasıdır. Şairin “Təsəlli olmasan özün özünə” misrası insana başqa heç kimdən təskinlik gözləməməyi, öz iç gücünü oyatmağı öyrədir. Dünya zülmət göstərsə də, insanın içində o nuru qorumaq bacarığı olmalıdır. Tez büdrəmək də, tez yıxılmaq da mümkündür, amma insanın əsas gücü hər çətinliyin içindən yenidən qalxa bilməsindədir. “Həyatın sonudur görərsən birdən, / yaşaya bilməzsən onu yenidən” misralarında isə şair insanı ayıldır: bu həyat bir dəfə verilir və geri qaytarılmır. Ona görə də şükürsüz yaşamaq, həyatı dəyərsiz saymaq, qaranlığa təslim olmaq A.Göyçəgölün düşüncəsində insanı özündən uzaqlaşdıran ən böyük xətadır.


“Bir qıza” şeiri müdrik bir qınaqdır. Bu şeir, sanki, gənclik ideallarının məhv olduğu bir zamanda yazılıb. Burada sevgi bir duyğu yox, əxlaqi meyar kimi təqdim olunur. Şair “Səni sevmək mənə çətindir, çətin.” - deyərkən, əslində, sevgidən deyil, insanın daxili saflığının itkisindən danışır. “Nadanlıq hardasa, sən də oradasan” misrası bir fərdin deyil, bir nəsil modelinin tənqididir. Bu şeirdəki kədər fərdi hissdən çox ictimai xəyal qırıqlığına bənzəyir.

Buradakı lirizm tək bir qadına deyil, zamanın dəyişən dəyərlərinə ünvanlanıb. “Hiyləgər gözündən axan yaşların / Daha vurduqları yaralar bəsdir. - deyən şair, sevgidə saxtalığın, duyğuda ticarətin artdığı bir cəmiyyəti qınayır.

 “Səninləyəm” və “Əzizim” şeirləri sevginin əbədi tərəflərini xatırladır. Əslində bu iki şeir bir-birini tamamlayır. “Səninləyəm”də sevgi yalnız romantik hiss deyil, yaşamaqla bərabər tutulan bir mövcudluq halıdır.

 Sənlə olsam, yaş ötdükcə
 Heç bir zaman qocalmaram. 

        Burada sevgi zamana meydan oxuyur, varlığın mənasına çevrilir.

“Əzizim” isə bu duyğunu daha təmkinli, daha şəfqətli bir dildə davam etdirir. “Dostu heç vədə özümdən / Seçməmişəm mən, əzizim” - misrası sədaqətin poetik formuludur. Bu misralarda sevgi bir ehtiras deyil, xarakterin bütövlüyü kimi təqdim olunur.

A.Göyçəgölün şeirlərində insanlıq, mərhəmət, yaxşılıq və pislik məsələləri mərkəzdə dayanır. “Darıxan fikirlər” şeiri həyatın insana acı bir gülümsəməsidir. Bu şeirdə şair artıq təkcə sevginin deyil, həyatın bütöv mənzərəsinə baxır. Burada həm müşahidə, həm də təcrübə var:

 Yaddan yaxın olmur, yaxından qohum,
 Müxənnəs, bimürvət çoxdu cahanda.

     Misralar tənə etmədən, kinayəsiz bir hikmət poetikasıdır. A.Göyçəgöl təmtəraqlı obrazlardan uzaq, sadə və aydın misralarla böyük həqiqətləri çatdırır.  Onun poeziyasında əxlaq xalq hikmətinin davamıdır. Şeirin son bəndindəki: “Hərə öz evində günü ağ olsun!” misrası həm xalq duasına çevrilmiş bir əxlaq şüarıdır, həm də qarşı tərəfə verilən insanlıq dərsidir.

Buradakı ruh sükunət tapmış bir şairin səsi kimidir, o artıq dünyanı qınamır, sadəcə, onun qanunlarını anlayır və bağışlamağı öyrənir.

Şair üçün insanlıq mərhəmətdən, dostluğa sədaqətdən, dilin saflığından başlanır. “İlan zəhərindən betər o dilin” misrasındakı “dil” yalnız acı söz, tikanlı ifadə deyil, həm də qəlbin dili, insanın içindən gələn səmimiyyət və vicdanın səsidir. Burada söz təkcə ifadə vasitəsi yox, eyni zamanda mənəvi məsuliyyət daşıyan bir varlığa çevrilir. Elə buna görə də, A.Göyçəgölün bir çox şeirləri oxucuda bu məsuliyyət hissini oyatmağa yönəlib – sanki o, hər misrada insan olmağın qanunlarını xatırladır.

Bu düşüncənin ən aydın ifadəsini “Qanunsuz qanun” adlı şeirində görürük. Burada o, insanın mənəvi azadlığı ilə həyatın sərt qanunları arasındakı ziddiyyəti fəlsəfi bir dərinliklə təqdim edir:

İnsan doğulanda ağlayardımı,
 Dünya kəməndiylə cilovlanmasa?!
 Sitəm sinəsini dağlayardımı,
 Tale körüyündən alovlanmasa?!

Bu şeirin ilk iki bəndi Əli Şəriətinin məşhur “İnsanın dörd zindanı” konsepsiyasını xatırladır: bədən, nəfs, cəmiyyət və təbiyyət (ilahilik) zindanları. Şəriəti deyirdi ki, insan bu dörd zindanın divarları arasında mübarizə apararaq öz mənəvi azadlığına yol tapmalıdır. A. Göyçəgölün misralarında da eyni fəlsəfi həyəcan duyulur, insan azad doğulsa da, həyatın “qanunsuz qanunları” onu müxtəlif məhdudiyyətlərin içində yaşamağa məhkum edir. Buradakı “dünya kəməndi”, “sitəm”, “tale körüyü” metaforaları həm sosial, həm də mənəvi mənada zəncirlənmiş insanın simvollarıdır.

Göyçəgöl olmadı qul haqqı danan,

 Qanmaza borcludur deyiblər qanan.

 Halına yanmırsa sevdiyin canan,

 Gözdən yaş çıxammaz ürək yanmasa...

Bu son bənddə Abbas Göyçəgöl insanın mənəvi bütövlüyünü, həyatın ədalətsiz münasibətlərini və tək tərəfli sevginin yaratdığı daxili yanğını eyni poetik xəttdə birləşdirir. “Qul haqqı danmamaq” etik təmizlik kimi təqdim olunur, ardınca qanan-qanmaz qarşıdurması insan münasibətlərindəki tarazsızlığı göstərir. Sevdiyin insanın halına yanmaması isə bu mənəvi yükün emosional ağrıya çevrildiyini açır. Nəticədə şair vurğulayır ki, göz yaşının mənbəyi həmişə içdə yanan ürəkdir.

“Vuruşmaqdayam” şeiri həm fəlsəfi, həm də lirik-ictimai ruhun birləşdiyi poetik nümunədir. 

 Fikirlər içində bu axşam yaman,
 Dolaşıb, çarpışıb vuruşmaqdayam.
 Gah sorğu-sualla, gah nidalarla,
 Özümdən küsməkdə, barışmaqdayam.

Bu misralarda insanın öz içində apardığı səssiz müharibə duyulur. A. Göyçəgöl burada nə sosial bir sistemi, nə də konkret bir hadisəni hədəfə alır. O, öz “mən”i, düşüncələri, keçmişi və bu günü ilə vuruşur. Bu “vuruşmaq” həm təmiz qalmaq uğrunda mübarizədir, həm də ətrafdakı haqsızlıqlara qarşı mənəvi etiraz formasıdır.

Şeirin ikinci bəndində “Özümü özümdən soruşmaqdayam” misrası poetik mərkəz rolunu oynayır ki, insanın öz vicdanına baxması, hesab verməsi, içindəki doğru ilə yanlışın üzləşməsi və mənəvi hesabatdır. A.Göyçəgöl burada klassik aşıq poeziyasının “özünə dönmək” fəlsəfəsini də müasir dillə ifadə edir.

Son bənddə isə şair artıq bu daxili savaşı ictimai mənzərəyə daşıyır: “Doğru sözlərimi “yalan” edirlər…” Bu misra poetik fəryad kimi səslənir. Dürüst insanın, vicdanlı söz sahibinin cəmiyyətdə necə “yalançı”ya çevrilməsi onun üçün ağrılı bir paradoksdur. Şeirin son misrası – “Abbasam, şeytanla vuruşmaqdayam” həm metaforik, həm simvolik mənada vicdanın şeytana qarşı savaşıdır.

A.Göyçəgölün “Var” şeiri onun poeziyasının duyğusal tərəfini açır. Burada şair sevgi mövzusuna müraciət edir, amma adi romantik hiss kimi deyil – insanı yaşadan, onu mənəvi cəhətdən diri saxlayan bir duyğu kimi.

Şair sevginin ölçüsünü böyük sözlərlə yox, səmimiyyətin ağırlığı ilə ifadə edir. Ardınca gələn misralarda isə bu sevgi artıq bir inam, bir yaşamaq ehtirasına çevrilir:

 Qurbanın olası bircə canım var,
 Gözəl gələcəyə çox gümanım var.

Burada sevgi həm həyat eşqi, həm də gələcəyə ümiddir. Göyçəgöl sevərək həm yaşadığını, həm də yaşamağa dəyər tapdığını hiss etdirir. Bu sevgi özündə həm Tanrıya inamı, həm insana dəyəri, həm də sabaha ümidin işığını daşıyır.

Bu ruh digər şeirlərdə də davam edir. “Varmı dost” şeirində o, dostluğun saxtalaşdığı bir zamanda səmimiyyət axtarır; “Düşür”də həyatın enişlərini, insanın mövsümlər kimi dəyişən ruh halını dilə gətirir; “Oldu”da taleyin qaçılmazlığına razılıqla boyun əyir, amma içindəki etirazı da qoruyur.

A. Göyçəgölün şeirlərində söz sanki insanın öz vicdanı ilə üz-üzə qaldığı bir aynadır. Onun misralarında parlaq bədii texnikadan çox, daxili işıq, təmiz duyğu və sadə hikmət var.

Bütün bu şeirləri birləşdirən ruh - yaxşılıqda qalmaq qayəsidir. Bəlkə də artıq çağımızın ən böyük qəhrəmanlığı silah, qələbə və şöhrətdə deyil, sevə bilməkdə, bağışlaya bilməkdə və vicdanla yaşaya bilməkdədir. A.Göyçəgölün poeziyası da bizi məhz buna səsləyir: sadə qalmağa, saf qalmağa, insan qalmağa. Çünki bəzən bütün sənətlərin içində ən çətini - insan qalmaq sənətidir.

 

Adilə Nəzərova

Filologiya üzrə fəlsəfə doktoru

 




Ana səhifəyə qayıt        Baxış: 1 945          Tarix: 7-11-2025, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma