Xəbər lenti

 

Bismilləhir-Rahmənir-Rahim!

Toplumda İlahi kamillik səfəri olan həcc barəsində məlumat kifayət qədər deyil. Bu azmış kimi, son zamanlar həcclə bağlı aşkar qeyri-elmi yazılar getməyə başlamışdır. Yəni, həccin inhisarlaşdırılması ilə bağlı deyil, həccə xərclənən pulların halal olmasının vacibliyi ilə deyil və günümüz üçün son dərəcə aktual olan digər mövzularla bağlı deyil, məhz həccin özünün zəruriliyini sual altına qoyan yazılar meydana çıxmışdır.

Həcc, imkani olanlar üçün vacibdir
Bu il ölkəmizdən kvotadan daha çox zəvvar müqəddəs ziyarətə çıxacaqdır. Paradoksal məqam odur ki, bu fakt hamını sevindirmək yerinə, bir sıra insanlarda anlaşılmaz qıcıq yaratmışdır. İş o yerə çatmışdır ki, nədənsə narahat olan bu insanlar, artıq faktiki olaraq həccin məqsədəuyğunluğunu sual altına qoymuşlar.
Sözsüz ki, bu, mətləbdən bixəbərliyin, mövzunu bilməməzliyin dəqiq təzahürüdür. Əgər həccin lüzumluğunu sual altına qoyan insanlar bu gözəl mənəvi səfərin əhəmiyyətini dərk etsəydilər, qətiyyən özlərini çaşdırmazdılar.
Həcc - Allah Təalanın insan üçün vacib olaraq müəyyən etdiyi əməllərdəndir. Qurani-Kərimin "Ali-İmran" surəsinin 97-ci ayəsində buyrulur: "Allahın insanların - əlbəttə ki, ora getməyə imkanı olan kəsin - boynuna düşən haqqı budur ki, o evə gedərək, oranın həcc əməllərini yerinə yetirsinlər".
Mübarək ayədən bir neçə nəticə hasil olur. Birincisi, müəyyən edilir ki, həcc əməli - Allahın insan üzərində olan haqqıdır. Deməli, bəndə olaraq, insan bu haqqı ödəməlidir.
İkinci diqqət etməli nöqtə odur ki, bu əməli yalnız həccə getməyə qüdrəti olan - fiziki, maddi və digər imkanları olan insan üçün yerinə yetirmək vacibdir.
Üçüncü cəhət odur ki, bu əməlləri məhz həmin yerdə - Məkkeyi-mükərrəmənin özündə və Məkkənin ətrafında olan Ərafat, Mina kimi müəyyən olunmuş xüsusi məkanlarda yerinə yetirmək vacibdir.
Axırıncı cəhət günümüz üçün çox aktualdır. Çünki, öncədən də Sovet dönəmindən miras qalan bir hal mövcud idi, son illərdə isə bu xüsusilə artmışdır: cəmiyyətdə bir virus dolaşmaqdadır ki, nə əcəb gedirlər uzaq məkanlara, bu qədər pul xərcləyirlər, olmazmı ki, bunun əvəzinə yetimxanalara, kasıb-küsuba xərcləsinlər, məktəb-bağça tiksinlər və s.
Digər qisim sual edir ki, bəs həccə gedib-gəlirlər, sonra özlərini dindar kimi aparmırlar, halal-harama riayət etmirlər. Sonuncu tendensiyalar isə hətta Azərbaycanın ümumiyyətlə "hacılaşmasından" narahat olanlarla əlaqədardır. Bu insanlar deyirlər ki, belə getsə, Azərbaycan büsbütün "hacılardan" ibarət olacaqdır. Bu və digər bu kimi şəkk-şübhələrin adətən eyni mənbəyi olur və düşünürük ki, məsələnin məhz kökünə varmaqla problemin mahiyyətini anlamaq və insanlara düzgün çatdırmaq mümkündür.
Hacı Allahla əhd-peyman bağlayır
Ən çaşdırıcı məqam, əlbəttə ki, həccə xərclənən pulların öz evində xərcləməli olmaqla bağlı olan tezisdir. Zahirən cəzbedici səslənir. Çünki, heç bir normal insan xeyriyyəçiliyin vacibliyini və əhəmiyyətliyini dana bilməz. Lakin, burada anlayışların bilərəkdən, yaxud, bilməyərəkdən əvəzlənməsi həyata keçirilir, iki müxtəlif məsələ bir-birinə qarışdırılır. Absurd da olsa, dinin iki tövsiyəsi - xeyriyyəçilik etmək və həcci yerinə yetirmək qarşı-qarşıya qoyulur.

Qətiyyən heç kəs yetim-yesirə, ehtiyaclılara əl tutmağın vacibliyini dana bilməz - bunlar dinimizin ana xətləridir. Peyğəmbər (s) və Əhli-Beytindən (ə) kasıba, yetimə, yolda qalana əl tutmaq barədə çoxsaylı hədislər nəql edilmişdir. Müsəlman olan kəs Allah tərfindən ona verilmiş nemətlərin bir hissəsini cəmiyyətin ehtiyaclı təbəqəsinə ehsan etməlidir. Lakin, bunun həccə nə dəxli?! Niyə bunlar alternativ kimi qarşı-qarşıya qoyulmalıdır ki?! Məgər həcc namazdan, orucdan, yaxşılıqlara dəvət etməkdən və pisliklərdən çəkindirməkdən daha az vacibdirmi? Kimsə deyə bilərmi ki, bəs namaz qılma, yaxud, oruc tutma, əvəzində qonşularına əl tut? Bunu demək necə məntiqi yükdən məhrumdursa, həccə getməyi ehsan verməklə əvəzləmək təklifi də bir o qədər məntiqsizdir.
Bir də ki, yığılan vergilər hesabına sosial proqramları həyata keçirmək vəzifəsini bir neçə min zəvvarın üzərinə qoymaq nə dərəcədə normal səslənir? Həcc ziyarətinin lazımlığını sual altına qoyan insanlar, müxtəlif çeşidli məmurlar tərəfindən maddi nemətlərin necə məsrəf edilməsinə diqqəti artırsa idilər, əmələn vətəndaş nəzarətini həyata keçirsə idilər, bu, daha məqsədəuyğun olardı, bundan, nəticə etibarilə, hamı udardı.
O ki qaldı hacıların bəzisinin qayıtdıqdan sonra özləliri hacıya layiq tərzdə aparmamasına - çox düzgün və yerində deyilmiş iraddır. Amma bu iradın bütün hacılara və ümumiyyətlə həcc kimi nəcib instituta nə aidiyyəti?! Həcc, namaz, oruc səbəb ola bilməz ki, insanların deqradasiyaya uğramasına! Bu, sırf fərdi məsələdəir. Əgər ayrı-ayrı fərdlər özlərini standartlara uyğun aparmırlarsa, iradı məhz onlara ünvanlamaq gərəkdir - bunun faydası da böyük olar. Ümumiyyətlə, əgər tənqidlər ünvanlı olaraq fərdlərə yönəlsə idi, habelə, həccin inhisarlaşdırıması siyasətinə, həccin təşkil olunmasında və digər işlərdə ictimai nəzarətin, ictimai şəffaflığın bərqərar olunmasına yönəlsəydi, bu, cəmiyyət üçün müsbət nəticələr verərdi.
Ümumiyyətlə, insanın islah olunma şansını əlindən almaq olmaz. Həcc əməlləri çox mübarək bir məkanda həyata keçirilir, hacı Rəbbi ilə əhd-peyman bağlayır, haramlardan çəkinmək barədə qərarlaşır. Daxilində və xaricində olan bütlərə "yox!" deyir. Ümid etmək lazımdır ki, inşəallah, qayıtdıqdan sonra da bu halətləri itirməyəcəkdir, riayət edəcəkdir.
Həcci tərk etməyin!
Həccin əhəmiyyətliyi, Əhli-Beytdən (ə) nəql edilən hədislərdə məxsusi təsdiq edilmişdir. Həzrət Əli (ə) dünyadan köçərkən etdiyi vəsiyyətlərdən birində bildirir: "Sizi Allaha and verirəm! Sizi Allaha and verirəm! Rəbbinizin Evinin haqqına riayət edin! Nə qədər ki, sağsınız, həcci nəzərinizdən çıxarmayın. Əgər həcc tərk olunarsa, sizlərə möhlət verilməyəcəkdir".
Diqqət edək: nə qədər əhəmiyyətli mövzudur ki, hətta ölüm ayağında Əmirəlmöminin (ə) həcci unutmamağı ümmətə vəsiyyət edir. Göndərişin vacibliyini vurğulamaq üçün, hətta Allaha 2 dəfə and verilir.
Allahın Elçisindən (s) nəql edilən hədisdə də bu mövzuya işarə edilir: "Əgər bir şəxs, ölüm gəlib onu haqlayanadək, müxtəlif bəhanələrlə həccdən boyun qaçırsa, Qiyamət günü Allah Təala onu yəhudi və xaçpərəst kimi dirildər".
Başqa bir hədisdə Əmirəlmöminin (ə) buyurur: "Həcc və ümrə zəvvarı - Allahın qonağıdır və Allah ona bağışlanmağı hədiyyə edər".
Ramazan ayında mömin Allah qonağı olduğu kimi, həcc ziyarətinə gələn zəvvar da Allah qonağıdır. Və əməllər düzgün, səmimiyyətlə yerinə yetirilərsə, bu qonaqlığın payı odur ki, insana bağışlanma əta edilir.
Həzrət Əlidən (ə) həccin əhəmiyyətliyi ilə bağlı nəql edilən digər hədisdə bildirilir: "Allah Təala insanların qibləsi olan Öz evinin ziyarətini sizə vacib etdi. Onlar ... (öz yuvalarına qayıdan) göyərçinlər kimi oraya üz tutarlar".
Mübarək hədisdə Məkkənin bütün müsəlmanların qibləsi olaraq əhəmiyyəti vurğulanır və bu məkanın ziyarətinin vacibliyi xatırladılır. Eyni zamanda, zəvvar dəstələri bəlağətlə quş qatarları ilə müqayisə edilir. Evə qayıdan göyərçinlərə xas həmin nizam, həmin qayda-qanun və həmin canatma ilə zəvvarlar Allah evinin ziyarətinə gəlirlər. Dünyanın şərqindən, qərbindən - hər yerdə ki müsəlman var - ilin müəyyən vaxtında milyonlarla insan mübarək yerlərin ziyarətinə gəlir, Allahdan məğfirət diləyir, Vətənləri üçün, millətləri üçün, bütün ümmət, bütün bəşəriyyət üçün dualar edirlər. Allah Təala cəmi insanları həccin bərəkətini dərk edib onun ziyarətinə gedənlərdən qərar versin, inşəallah!
Həccin faydaları
Mübarək dinimiz Allah Təala qonaqlığına gedən insanlara məğfirət əta olunması ilə yanaşı, həccin digər faydalarının da olmasını bildirmişdir. İmam Səccaddan (ə) nəql edilən hədisdə bildirilir: "Həcc və ümrəni yerinə yetirin ki, bədənininz sağlam olsun, ruziniz artsın, imanınız güclənsin, xalqın və öz evinizin xərcini təmin edə biləsiniz".
Deməli, həcc və ümrə ziyarəti vacib əməl olmaqla yanaşı, insana ruhi yenilik, mənəvi yüksəliş verməklə yanaşı, sağlamlıq, ruzi firavanlığı, yaxınlara əl tutmaqla səciyyələnən bir sıra gözəl nemətləri də verir.
İmam Muhəmməd Baqirdən (ə) nəql edirlər: "Həcc qəlblərə rahatlıq bəxş edər".
Qəlbin rahatlığı, qəlbin aramlığı - insanı maraqlandıran ən mühüm mövzulardandır. Müasir dünyamızda insanlar külli miqdarda vəsaitlər xərcləyib, psixoterapiya ilə məşğul olur, mütəxəssislər yanına gedir, autotreninq kimi müxtəlif vasitələrə müraciət edir ki, qəlbi rahatlıq əldə etmiş olsun. Həccə gedən hər bir insan bilir ki, o müqəddəs yerlərin aurası insanda elə böyük daxili aramlıq yaradır ki, qayıtdıqdan sonra da uzun müddət həmin vəziyyət qalmaqda davam edir.
Peyğəmbərimizdən (s) nəql edilən hədisdə deyilir: "Həcc yoxsulluğu aradan götürər".
Həqiqi hacı az olar
Dinimiz eyni zamanda bəyan edir ki, həcc ziyarətinə gedən zəvvarların heç də hamısı həqiqi hacı deyillər. Bu ağrılı mövzu, İmam Cəfər Sadiqin (ə) səhabəsi olan Əbdürrəhman ibn Kəsirdən nəql edilən hədisdə də öz əksini tapmışdır: "İmam Sadiqlə (ə) həccə getmişdim. Yoldan keçəndə, o Həzrət (ə) bir dağa qalxıb, yüksəklikdən camaata baxdı və buyurdu: "Nə çox hay-küy, nə az hacı var!"".
Həccə gedən insanın qazancının halal olması barədə dinimizin tələbləri son dərəcədə ciddidir. Rəsuli-Əkrəmdən (s) nəql edilən hədisdə bildirilir: "Haram pulla həccə gedən şəxs "Ləbbeyk, Əllahummə, ləbbeyk" deyəndə Allah Təala ona buyurar: "La ləbbeykə və la səədeykə /yəni, həccin özünə qalsın/".
Toplumumuz üçün çox aktual mövzudur. Həcc başqa şeydir, ekskursiya, turizm başqa şey. Bir məkanın ki, zatı müqəddəslik üzərində yoğrulub, oraya getməyin zəruri və kafi şərti - insanın paklığıdır. Cisminin, düşüncələrinin, imanının, qazancının, pullarının - hər bir şeyinin paklığı.
İmam Cəfər Sadiq (ə) buyurur: "Həcc 2 növdür: Allaha xatir həcc və camaata xatir həcc. Allaha xatir həcci yerinə yetirənə Allah Təala cənnət mükafatı verər. Camaata xatir həccə gedənin Qiyamət günü mükafatı və savabı həmin camaatın üzərinə qoyular".
Əgər insan Allah qarşısında öz vəzifəsini yerinə yetirməyə gedirsə, onun mükafatı da Allahdan olar. Əgər insanlara özünü göstərmək üçün, "mənə hacı desinlər" niyyətilə gedirsə, onda Allah Təala ona deyər ki, elə mükafatını da elə ehtiyaclı, Qiyamət günündə İlahi əzabın xofundan tir-tir əsən insanlardan al!
Allah Təala bütün iman əhlini əməllərini Allaha xatir yerinə yetirənlərdən qərar versin, inşəallah!
Allahım, bizləri dünya və axirətdə Həzrət Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) ilə birgə qərar ver!
Allahım, bizləri həqiqi intizarı yaşadanlardan qərar ver!
Allahım, 12-ci İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof




Ana səhifəyə qayıt        Baxış: 1 030          Tarix: 29-08-2017, 23:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma