"Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə, günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın.
(Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir". ("Nur" 35).
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, Fəzil ibni Yəsar İmam Sadiqdən (ə) bu ayə ilə bağlı nəql edir: "İmam (s) buyurur: "Allah - nurdur və Muhəmməd (s) - Allah nurunun məsəlidir. Muhəmmədin (s) sinəsində elm nuru vardır, yəni nübuvvət. Peyğəmbərin (s) elmi Əlinin (ə) qəlbinə daxil olmuşdur"".
Nur odur ki, həm özü aydındır və həm də başqalarını aydınlandırar. İslam dinində nur dedikdə: Quran, elm, ağıl, iman, hidayət, islam, Peyğəmbər (s) və Məsum İmamlar (ə) nəzərdə tutulur.
Bu mübarək ayədən çıxartığımız nəticələr:
1. Varlıq aləmi Allahın feyzidir və nurunun əhatəsindədir.
2. Allahın nuru həm yayılandır və həm də sabitdir.
3. Zeytun - mübarək ağacdır.
4. Allahın nuru zatındadır, nəinki zahiri amillərdə.
5. Baxmayaraq ki, Allah yerin və göyün nurudur, bütün varlıq aləminin Xaliqidir, ancaq yerdəki məqamı mömin insanların pak və şəffaf qəlblərindədir. Bu qəlblər iman nuru ilə aydınlanır. İman hər nə qədər xalis olarsa, nuru da o qədər çox olar.
Paylaş: