İnstagramda tanış olduğu qadını şantaj edəcəyi ilə hədə-qorxu gələrək 10 min manat pul tələb edən şəxs tutulub. Qadından pul almağa gələn şəxs elə iş başında polislər tərəfindən saxlanılıb. Digər bir şəxs də analoji cinayətə görə saxlanılıb.
Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə tanış olduğu qadınları hədələyərək onlardan pul tələb edən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən bir qadın "İnstagram" sosial şəbəkəsində tanış olduğu Cavad adlı bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı və ona məxsus fotoşəkilləri ailəsinə göndərəcəyi ilə hədələyərək 1000 manat pul tələb etdiyini bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs - Siyəzən rayon sakini Cavad Ağarəşidov pulu qadından alan zaman saxlanılıb.
Baş İdarəyə şikayət ərizəsi ilə müraciət edən oxşar qanuna zidd əməllə üzləşən daha bir xanım da tanış olduğu Samir adlı şəxsin onu fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 10 000 manat aldığını və yenidən 2000 manat tələb etdiyini bildirib.
Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib. Samir İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10 500 manat aldığını etiraf edib.
Göstərilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Paylaş: