Azərbaycan çox nadir, özünəməxsus və zəngin bioloji müxtəlifliyə malikdir. Qafqaz bioloji müxtəlifliyinin 70 faizi Azərbaycanın payına düşür. Dünyada elə bitkilər var ki, yalnız Azərbaycanda rast gəlinir. Buna Şamaxı tıs-tısını misal çəkmək olar. Bakı çuzqunu dünyada yalnız Abşeronda dəniz sahilinin dar bir zolağında bitir.
Bunu Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov AZƏRTAC-a müsahibəsində bildirib.
İnstitutun direktoru bildirib ki, 1989-cu ildə çap olunan Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın birinci cildinə 107 fauna növü daxil edilib. 2013-cü ildə isə AMEA-nın Zoologiya, Botanika institutlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə səyi ilə işıq üzü görən Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın ikinci cildinə 223 növ daxil edilib. Deməli, 24 il ərzində nəsli kəsilməkdə olan nadir növlərin sayı iki dəfə artıb. Bu, çox təhlükəli haldır. Bioloji və zooloji müxtəlifliyə dair aparılan tədqiqatlar məhz bu baxımdan önəmlidir. ”İndiyədək qeydə alınıb ki, Azərbaycanda məməlilərin 111 növü var. Onlardan bu gün 46-sı Azərbaycanın “Qırmızı kitabı”na düşüb. Turan pələnginin nəsli ölkəmizdə tamamilə kəsilib. Artıq 30-40 ildir ki, biz zolaqlı kaftarı görmürük. Əgər belə davam etsə, bir müddətdən sonra məməlilərin şəkillərini ancaq kitablarda görəcəyik”, - deyə E.Yusifov bildirib.
Paylaş: