Nazirlər Kabineti “Akvakulturanın həyata keçirilməsi Qaydası”nı təsdiq edib.
Ovqat.com APA-ya istinadən xəbər verir ki, akvakultura balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədi ilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyətdir.
Akvakultura məhsulu akvakultura yolu ilə balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən akvakultura obyektləridir. Akvakultura obyektləri akvakultura su obyektlərində akvakultura məqsədi ilə istifadə edilən balıq və digər su bioresursları, akvakultura su obyektləri akvakultura obyektlərinin artırılması, yetişdirilməsi, bərpası üçün istifadə edilən təbii və ya süni yaradılmış su hövzələri, o cümlədən akvakultura obyektlərinin bəslənməsi, yetişdirilməsi, saxlanması üçün xüsusi olaraq yaradılmış və tənzimlənən şəraitə malik nohurlar, hovuzlar, su təchizatı sistemi olan sənaye qurğuları, göl və dəniz qəfəsləri, balıq yetişdirməyə uyğunlaşdırılmış digər yerlərdir. Marikultura (dəniz akvakulturası) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində üzən qəfəslərdən və digər qurğulardan istifadə etməklə dəniz suyunda akvakultura obyektlərinin artırılması, saxlanması və yetişdirilməsi üzrə fəaliyyətdir.
Sənaye akvakulturasının, o cümlədən marikulturanın həyata keçirilməsi üçün Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, təbii balıqçılıq obyektləri olan çaylarda, göllərdə, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınlarında, sututarlarda yerləşdirilmiş balıqçılıq qəfəslərindən, akvariumlardan, xüsusi üzmə qurğularından, qapalı su təchizatı qurğularından və digər yerlərdən Torpaq Məcəlləsinə və Su Məcəlləsinə müvafiq olaraq istifadə ediləcək. Balıq və digər su bioresurslarının süni artırılması (bərpası) qrant və ianə hesabına da həyata keçirilə bilər. Təbii su obyektlərinə buraxılmış akvakultura obyektləri təbii populyasiyanın bərpası, balıq və digər su bioresursları ehtiyatlarının artırılması məqsədini nəzərdə tutur. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş, habelə nərə cinsli və digər qiymətli balıq növlərinin artırılması və bərpası müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Akvakultura məqsədi ilə infrastrukturun yaradılması Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilən qaydalara müvafiq həyata keçirilir. Akvakultura məqsədi ilə bina, tikili və qurğulardan istifadə bioloji və texnoloji əsaslandırma ilə müəyyən edilən qaydada həyata keçirilir. Dövlət mülkiyyətində olan təbii və süni yaradılmış balıqçılıq su obyektləri və ya onların bir hissəsi Su Məcəlləsinə müvafiq olaraq, akvakultura subyektlərinə akvakultura məqsədi ilə istifadə edilməsi üçün istifadəyə və ya icarəyə verilir.
Paylaş: